Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 13:08
"Odessa şəhərindən gəlirik. 24 ildir Ukraynada yaşayırdıq. On gündür öz evimizi tərk etmişik. Ancaq qadınlar və uşaqlar gəldi".
Bunu report-a açıqlamasında Ukraynadan təxliyə olunaraq Bakıya gətirilən Azərbaycan vətəndaşı Dilarə İbrahimova deyib.
"Moldovada 4 gün qaldıq. Sığınacaqda bizi hər şeylə təmin edirdilər", - o bildirib.
Sərfinaz Tanrıverdiyeva isə bildirib ki, oğlu və yoldaşı Ukraynadadadır: "4 gündür Moldovada idik. Bakıya dünən gəldik. Sabah Gəncə şəhərinə yola düşəcəyik. Orada qalmağı planlaşdırırıq".
"On yeddi ildir Jitomir şəhərində yaşayırdım. Atam və qaynım Ukrayna vətəndaşıdır, onlar orada qalıb", - Bakıya təxliyə olunan həmyerlimiz Lamiyə Yaqubova bildirib.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar martın 4-də Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub. Azərbaycanlıların təxliyəsi davam edir.