Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 21:08
Ötən ilin ən səs-küylü hadisələrindən biri Goranboy rayonunda baş verib. Mütəmadi olaraq atalığı Anar Məmmədov tərəfindən fiziki işgəncələrə məruz qalan 11 yaşlı Fərid sonuncu dəfə döyüldükdən sonra aldığı xəsarətlərdən ölüb. Yeniyetmənin meyiti xalçaya bükülüb və Goran qəsəbəsi ərazindəki qamışlığa atılıb. İzi itirmək üçün isə psixoloji problemləri olan yeniyetmənin guya Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərinə - "İmamzadə"yə getməsi barədə yalan məlumat yayıblar, itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Çox keçməyib ki, yeniyetmənin meyiti Goran qəsəbəsindəki qamışlıqdan aşkarlanıb.
Bu dəhşətli cinayəti törədən Goranboy şəhər sakini, 35 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bir neçə gün əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ötən il avqustun 13-də A.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Gülayət Təhməzovanın oğlu Fərid Təhməzovun həyətdə səs-küy salmasından əsəbləşərək onu möhkəm döyüb. Anasının və azyaşlı qardaşının gözləri önündə Fəridin sinəsinə təpiklə zərbələr endirib. Ağır dərəcəli bədən xəsarətləri alan yeniyetmə iki gün sonra ölüb.
A.Məmmədov istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Anar Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2020-ci ilin yayında Goranboy şəhərində kafe açdığını, həmin ərəfədə G.Təhməzova ilə tanış olduğunu, qadını işlədiyi kafeyə işə götürdüyünü göstərib: "Kirayədə qalırdı, yaxın münasibət qurdum, birgə yaşamağa başladıq. Birinci nikahdan iki oğlu da bizimlə birgə kirayədə yaşayırdı".
A.Məmmədovun dediklərinə inansaq, uşaqlardan birinin - Fəridin əqli cəhətdən problemləri olub, evdə, həyətdə səs-küy salıb, dəcəllik edib, kirayədə qaldıqları mənzilin pəncərələrinin şüşələrini sındırıb. Ev yiyəsi də bir neçə dəfə bununla bağlı Fəridin anasına şikayətlənib. Yeniyetmənin anası övladını tənbeh edib, danlasa da, xeyri olmayıb. Növbəti belə "dəcəllik" isə Fəridin sonunu gətirib.
"Hadisə baş verən gün Gülayətlə axşam evə gəldik. Ev yiyəsi Fəridin yenə dəcəllik etdiyini, pəncərələri sındırdığını dedi. Fəridə iki sillə vurdum, sonra evə salıb təpiklə qarnından vurdum, yerə yıxıldı. Yumruqla, sillə ilə döydüm, həyətdən çubuq gətirdim, çubuqla da döydüm, ağladı. Gülayət də, ev sahibi də qapıda dayanıb baxırdılar. Anası Fəridi hamama apardı. Ertəsi gün Fəridin qollarında, bədənində, sifətində qancıqlar əmələ gəlmişdi"- təqsirləndirilən şəxs ifadəsində belə deyib.
A.Məmmədovun ifadəsinə görə, işdə olarkən Gülayət zəng vurub Fəridin öldüyünü bildirib: "Dərhal evə gəldim. Gördüm ki, Fərid doğurdan da ölüb. Meyiti Gülayətlə birgə xalçaya bükdük, taksiyə qoyub Goran qəsəbəsindəki alçipan zavodunun yanına gətirdik, qamışlıq sahəyə atıb evə qayıtdıq".
Yeniyetmənin meyitini öz əlləri ilə qamışlığa atan A.Məmmədov üç gün sonra Goranboy rayon Polis Şöbəsinə gedərək Fərid Təhməzovun itkin düşməsi barədə məlumat verib: "Polis şöbəsində Gülayət oğlunun mənim tərəfimdən döyülməsi və iki gün sonra ölməsi barədə məlumat verdi. Fəridi dəcəllik etdiyinə görə döydüyümü dedim. Mənim Fəridi öldürmək niyyətim olmayıb. Əvvəllər Fəridi və qardaşını döyməmişəm, sadəcə danlamışam. Əməlimdən peşmanam, məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm".
Ev sahibəsi Leyla adlı qadın məhkəməyə verdiyi ifadəsində Gülayətlə Anarın uşaqları daimi döydüklərini, onlara göz verib, işıq vermədiklərini deyib: "Həyətdəki evi aylıq 100 manata kirayə vermişdim. Bizim evdə qaldıqları müddətdə uşaqları səbəbsiz yerə döyürdülər. Hətta Fəridlə balaca Zauru həyətə düşüb oynamağa da qoymurdular. Uşaqların həyətə çıxıb oynadığını biləndə, ən xırda nadinclik edəndə Anar hər ikisini döyürdü. O, gedəndən sonra da anaları uşaqları döyür, Anarın sözündən çıxmamağı tapşırırdı. Uşaqları vurmamağı deyəndə "öz uşağımızdı, özümüz bilərik" deyirdilər. Bir neçə dəfə Gülayətdən evdən çıxmalarını tələb etdim".
Şahid deyir ki, axşamtərəfi Anarın yüksək səslə söyüş söydüyünü eşidib, Gülayətdən nə baş verdiyini soruşduqda deyib ki, Fəridi döyür: "Qapıda dayanıb baxdım, otağa keçməyə qorxdum. Sonra gördüm ki, Gülayət uşaqları hamama aparır. Səhərisi gün Fəridin halı pisləşdi, yediyini qaytarırdı. Sinəsini göstərib çox ağrıdığını dedi. Gülayətə dedim ki, gəl həkimə aparaq, dedi, bədənində qançırlar var. Fərid yemək yemir, ancaq çoxlu su içirdi. Dükandan uşağa meyvə şirəsi alıb verdim. Bir gün keçdikdən sonra Fəridin öldüyünü dedilər, ağladım. Dedim, molla çağırın, aparın uşağı dəfn edin. Anarla Gülayət deyirdilər ki, gedib polisə deyəcəyik ki, uşaq evdən qaçıb itkin düşüb. Bir neçə gündən sonra Fəridin Anar tərəfindən döyülüb öldürüldüyü məlum oldu".
Məhkəmənin hökmü ilə Anar Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Amma məhkəmə nədən günahsız azyaşlını o cür amansızlıqla öldürən bu qəddar caniyə belə yumşaq cəza verib, burası bəlli deyil...
Milli.Az