Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək bölgələrdə fəsadlara səbəb olub - VİDEO

Güclü külək bölgələrdə fəsadlara səbəb olub - VİDEO

Tarix: 6 Mart 2022 13:30

Dünəndən başlayan qeyri-sabit hava şəraiti bölgələrdə fəsadlara səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, qərb bölgəsində əsən güclü külək Daşkəsən rayonu ərazisində fəsadlar törədib.

Qarla müşayiət olunan güclü külək Daşkəsən şəhərində, rayonun Quşçu, Bayan, Gurbulaq, Əmirvar, Qabaqtəpə kəndlərində yaşayış və inzibati binalara ziyan vurub. Ən çox ziyan Daşkəsən şəhərində qeydə alınıb. Şəhərin Səməd Vurğun küçəsindəki 13 nömrəli, İsmət Qayıbov küçəsindəki 45 nömrəli çoxmərtəbəli yaşayış binalarının dam örtükləri uçub.

Daşkəsən rayon Fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyanın həcminin müəyyən olunması və aradan qaldırılması üçün tədbirlər görülür.

Gecə saatlarından başlayan güclü küləyin əsməsi nəticəsində Boradigah-Lənkəran avtomobil yolunun Lənkəranın Cil, Şağlaser, Separadi və Zövlə kəndlərindən keçən hissəsində 10-dan çox iri gövdəli şam ağacı yola aşıb. Sakinlərin və aidiyyəti qurumların köməyi ilə şam ağacları yoldan götürülərək təmizlənib və hərəkət bərpa edilib.

İki ağacın aşması səbəbindən Lənkəranın Separadi kənd sakini Bəhruz Məmmədovun yaşadığı evin dam örtüyünə ziyan dəyib, Masallıda isə Qızılavar kənd sakininə məxsus çəpər aşıb.

Güclü külək Mingeçeviri işıqsız qoyub. Təbiət hadisəsi zamanı şəhərin bir neçə ünvanında ağacların elektrik naqillərinin üzərinə aşması enerji verlişində fasilələrə səbəb olub. Əsasən şəhərin "Günəşli" yaşayış massivi, Xaldan istiqamətindən giriş hissəsi və ora bitişik ərazilərə bir neçə saat elektrik enerjisinin ötürülməsi dayandırılıb.

Gecə saatlarında isə "Azərenerji" ASC Mingəçevir regional elektrik şəbəkəsi şəhər yarımstansiyasında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Şəhərin bəzi ərazilərinə elektrik enerji verilişində fasilələr yaranıb.

Yevlaxın Havarlı və Hacıselli kəndləri arasında gecə saatlarında qamışlıq ərazinin qəfil alovlanması küləyin təsirindən daha da şiddətlənib. Mingəçevir-Xaldan yolunun kənarında yayılan alov sürücüləri, yaxınlıqda yaşayan sakinləri də  həyəcanlandırıb. Alovu söndürmək üçün hadisə yerinə Yevlax və Mingəçevir şəhərindən 3 yanğınsöndürən avtomobil və xeyli canlı qüvvə cəlb edilib. Ərazidə avtomobillərin hərəkəti mümkün olmadığından və küləyin güclənməsi yanğınsöndürənlərin işini xeyli çətinləşdirib. Amma buna baxmayaraq bir müddət sonra alovun qarşısı alınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Güclü külək bölgələrdə fəsadlara səbəb olub VİDEO


RƏYLƏR