Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 14:40
Ukrayna hadisələri ilə bağlı Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları dünya neft bazarına "dəhşətli" təsir göstərəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar RİA "Novosti"yə bildirib.
"CERAWeek" beynəlxalq enerji konfransı zamanı nazir müavinindən Qərbin Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərin qlobal neft bazarına təsirini qiymətləndirməsi xahiş olunub.
"Bu, dəhşətli olacaq", - deyə o bildirib.
Bayraktarın sözlərinə görə, koronavirus pandemiyasının tənəzzülü və qlobal iqtisadiyyatın bərpası fonunda ölkələrdən əksinə, neft hasilatını artırmaq tələb olunur.
"Rusiya neftini dünya bazarında əvəz etmək çox çətin olacaq. Rusiya dünyanın ən böyük neft istehsalçısıdır", - Bayraktar vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudiyyətlər digər ölkələr və regionlar da daxil olmaqla, zərərli təsir göstərəcək. Bayraktar bildirib ki, Türkiyə sabit enerji bazarında maraqlıdır.
Xatırladaq ki, martın 8-də ABŞ Rusiya neftinin, bir sıra neft məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) və kömürün idxalına qadağa qoyub. Böyük Britaniya da ilin sonuna kimi Rusiyadan neft və neft məhsulları idxalını dayandıracağını açıqlayıb.