Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 17:09
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Azərbaycan dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarından - müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib. Ölkəmizin iqtisadi, sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyevin məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanan neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Onun işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi.
Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edib.
"Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".
Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi.
Tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minib. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilib. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğruldub, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynayıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.
Bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.
“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı
“Əsrin müqaviləsi” Azərbaycan dövlətinin hərtərəfli və dayanıqlı inkişafını təmin etməklə yanaşı neft və qaz sənayesində qazma işlərində də yeni dövrün başlamasına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla həyata keçirilməsi sayəsində müasir dövrün tələblərinə uyğun yaradılmış və ən mütərəqqi texnolgiyalar əsasında fəaliyyət göstərən çoxsaylı əməliyyat, tikinti, qazma, təchizat şirkətləri Azərbaycana maraq göstərməyə başladı və bu mütərəqqi texnologiyalar ölkəmizdə tətbiq edildi.
Əlbəttə bütün bunlar qazma sahəsində yüksək texnologiyalara əsaslanan milli müəssisənin yaradılmasını zərurətə çevirirdi. Bu baxımdan Azərbaycanın qazma sənayesində xüsusi yeri olan SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə yaradıldı. SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilən müəssisə fəaliyyətə SOCAR-ın Azneft İstehsalat Birliyinin sifarişi ilə Günəşli yatağında yerləşən 11 və 13 saylı dərin dəniz özüllərində neft və qaz quyularının qazılması və quyu tikintisi işlərini həyata keçirlməsi ilə başladı. Bu işləri böyük uğurla həyata keçirilən müəssisə fəaliyyətini daha da genişləndirdi.
Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən SOCAR-AQŞ MMC quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və s. xidmətləri təqdim edir.
SOCAR-AQŞ MMC yüksək keyfiyyətli fəaliyyəti ilə böyük etimad qazanıb. MMC üzərində götürdüyü işləri ən yüksək keyfiyyətlə və vaxtından əvvəl başa çatdırmağı bacarır. Bununla yaşaşı SOCAR-AQŞ Azərbaycan qazma sənayesində ilkə imza atmağı da bacarıb. Belə ki, Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq SOCAR-AQŞ tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılıb. Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılıb. İlk dəfə olaraq açıq sonluqlu mənimsəmə quyusu istismara verilib.
Müəssisə eyni zamanda beynəlxalq aləmdə də özünə geniş nüfuz qazana bilib. SOCAR-AQŞ MMC 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. Eyni zamanda SOCAR AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015; ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.
Bundan əlavə 2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.
Göründüyü kimi, “Əsrin müqaviləsi” Azərbaycanda neft-qaz sahəsində qazma sənayesinin də böyük inkişaf yolu keçməsinə, bu sahədə ən mütərəqqi və yüksək texnologiyaların ölkəmizdə tətbiqinə və uğurlu nəticələrin əldə olunmasına səbəb olub.
“Əsrin müqaviləsi”nin yenilənməsi, Azərbaycan qarşısında açılan yeni imkanlar
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, Chevron, Inpex, Statoil, ExxonMobil, TP, Itochu və ONGC Videsh şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb.
Bu saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin davamı olaraq müasir Azərbaycanın həyatında çox əlamətdar və tarixi bir hadisə oldu. Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Sazişin bir hissəsi olaraq SOCAR-ın “Azəri-Çıraq-Günəşli”dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində “Azəri-Çıraq-Günəşli”yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.
Bu gün “Əsrin müqaviləsi” Azərbaycan qarşısında yeni imkanlar yaradıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı, icra edilən uğurlu layihələr sayəsində bu gün Azərbaycan nefti və qazı artıq dünya bazarlarına çıxır və ölkəmiz beynəlxalq mövqelərini daha da möhkəmləndirir. Aparılan uzaqgörən siyasət nəticəsində ötən 25 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunub. Müstəqil respublikamız son illər iqtisadi cəhətdən daha da güclənib, dünya birliyinin lider dövlətlərindən birinə çevrilib.
Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirən Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə, zərgər dəqiqliyi ilə işləyib hazırladığı, müəllifi olduğu yeni neft strategiyasından, “Əsrin müqaviləsi”ndən qaynaqlanır. Göründüyü kimi, güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, Dövlət proqramları da ən ümdə məqsədə - ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Yazı “SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin