Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 10:45
"Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri diplomatik masada da bir daha möhkəmlətmiş oldu. Bunu Avropa İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı təsdiq etdi".
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkilinin fikrincə, ən mühüm məqam ondan ibarətdir ki, Ermənistanın arzusuna rəğmən, görüşdə hər hansı status məsələsi yox, post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Məlumdur ki həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Kamaləddin Qafarov bildirib ki, sərhədlərin demarkasiyası və demilitasiya barədə razılığın əldə olunması, ilk növbədə, regionda gərginliyin azalmasına, komunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu.
Millət vəkili sənəddə ATƏT-in Minsk qrupuna hər hansı istinadın və "Dağlıq Qarabağ" ifadəsinin yer almadığını müsbət hadisə kimi qiymətləndirərək deyib: "Cənab Prezidentin hələ 2020-ci ildə söylədiyi, qətiyyətlə öz mövqeyində qaldığı bu məsələ də həllini tapmaqla gələcəyə uzaqgörən diplomatik baxışın və mahir diplomatik gedişlərin nümunəsi oldu. İlk dəfə olaraq Avropa İttifaqı kimi beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını ortaya qoydu və bununla da indiyə qədərki vasitəçilərdən fərqli olaraq, tərəflərin təkbətək, konstruktiv danışıqlarına yaşıl işıq yandırdı. Bu da onu göstərir ki Avropa ittifaqı bölgədə təminatlı sülhün olmasında maraqlıdır və "qoca qitə" qəbul edir ki, bu marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü şərtlər daxilində mümkün olacaqdır".
Millət vəkili xatırladıb ki "44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Ermənistandakı revanşist qüvvələrin hər vəchlə sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin qarşısını ala bilmədi. Artıq yeni dünya düzəni formalaşır və bu reallığı erməni cəmiyyəti də qəbul etmək zorundadır. Azərbaycanın haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi də iflasa uğradı".