Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 10:52
Bakı. Trend:
6 sentyabr tarixində Bakıda təkmilləşdirilmiş Finlandiya məktəbəqədər təhsil kurikulumu əsasında fəaliyyət göstərəcək ilk erkən inkişaf mərkəzinin açılışı olub.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərəcək “Kipinä”nın Bakı şöbəsinin açılışında şirkətin baş ofisinin nümayəndələri və proqramla maraqlanan valideynlər iştirak edib.
Tədbir zamanı iştirakçılara dünyada sürətlə böyüyən “Kipinä” məktəbəqədər təhsil müəssisələri haqqında məlumat verilib, onun tədris fəlsəfəsi iştirakçıların diqqətinə çatdırılıb və valideynlərin sualları cavablandırılıb. Açılış günü iştirakçılar məktəbəqədər təhsil müəssisəsinin binasında qısa gəzinti edərək onun infrastrukturu və imkanları ilə yaxından tanış olub, tərbiyəçilərlə söhbət etmə imkanı əldə ediblər.
Tədbir zamanı qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinin infrastrukturu uşaqların sağlamlığına və ekologiyaya mənfi təsiri olmayan materiallardan istifadə edilməklə yenidən qurulub. Bununla yanaşı, müəssisədə tədris aparacaq tərbiyəçilər Finlandiyanın HAMK Universiteti tərəfindən təşkil olunan 4 aylıq onlayn təlim proqramında iştirak ediblər. Eyni zamanda, iş yerində brendin akademik direktoru Jeannine Laubner təlimə cəlb olunaraq müvafiq sertifikatlarla təmin olunublar.
Nəzərinizə çatdırmaq istərdik ki, “Kipinä”, baş ofisi Böyük Britaniyada yerləşən, dünyada sürətlə böyüyən və Finladiyanın məktəbəqədər təhsil üzrə milli kurikulumunu əsas baza kimi götürməklə fəaliyyət göstərən beynəlxalq məktəbəqədər təhsil müəssisələri şəbəkəsidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin