Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb

Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb

Tarix: 15 Sentyabr 2019 14:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya mərkəzinin əməkdaşları "Şahdağ qrupuna" daxil olan xalqların müasir etnomədəni və etnososial durumunu tədqiq edirlər.

AMEA-dan Trend-ə bildirilib ki, 2019-cu ilin avqust ayında Antropologiya mərkəzinin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədlinin rəhbərliyi altında İsmayıllı rayonunda "Şahdağ qrupuna" daxil olan hapıtlar haqqında məlumat toplanılıb.

Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir. Hapıtlar arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik (kimlik), tarixi yaddaş, ana dillərinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibətlər kimi problemlərə, iqtisadi və sosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlib.

Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salmış və hazırda İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndlərin əsasını qoymuşlar. Qeyd etmək lazımdır ki, İsmayıllı rayonunda Hapıtlı adında kənd də mövcuddur. Aparılan araşdırmalar göstərib ki, bu kəndin əhalisi "azərbaycanlı" kimliyi ilə özünü dərk edir və kənd sakinləri arasında Azərbaycan dili əsas ünsiyyət dilidir.

Hapıtlar arasında etnik identikliyi araşdırarkan maraqlı proseslər müşahidə olunub. Məlumdur ki, hapıt dili Şimali Qafqaz dillər ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarımqrupuna aiddir. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dil qrız dilinin bir dialektidir. Onların fikrincə, bu dialektlər arasında həm də Əlik və Cek kəndlərinin sakinlərinin danışdığı dillər də yer alır. Ekspedisiya zamanı qeyd olunan kəndlərdə aparılan sorğular və müsahibələr bu dillərin həqiqətən də qohumluq əlaqələrində olduğunu və bu kəndlərin sakinlərinin bir-birlərini anlamalarını təsdiq edir. Lakin dil baxımından yaxın olan bu icmaların nümayəndələri özlərini vahid bir etnik birliyinə aid etmirlər. Yəni, etnik identiklik baxımından hapıtlar özlərinin qrızlardan fərqli bir etnosa aid edirlər. Öz kəndləri, adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən onlar "biz-onlar" dispozisiyasından çıxış edərək etnik identikliklərini doğma kəndləri ilə əlaqələndirirlər.

Toplanan məlumatlar və aparılan təhlillər qrızları və hapıtları eyni bir etnosa aid etməyə əsas vermir.

Araşdırmalar göstərir ki, etnik qrupların nümayəndələrinin böyuk bir hissəsində müəyyən dərəcədə mürəkkəb strukturlu etnik identiklik müşahidə olunur. Bu, tədqiqata cəlb olunmuş hapıtlara da aiddir. Öz etnosuna identifikasiya ilə yanaşı, bu respondentlər özlərini Azərbaycan etnosunun tərkib hissəsi kimi də dərk edirlər. Respondentlərin cavabları təsdiq edir ki, bu etnoslar etnik mədəniyyətlərinin əsas elementlərini qoruyub saxlamışlar. Xüsusilə bu, dil davranışında özünü biruzə verir. Hapıtların ana dillərinin funksionallıq dərəcəsi çöl tədqiqatları zamanı xüsusi diqqət mərkəzində olub. Məlumdur ki, ana dilinin qorunub saxlanılması, onun etnik qrupun müxtəlif təbəqələri arasında işlənməsi ənənəvi mədəniyyətin, xüsusilə də etnik identikliyin dayanıqlığını təmin edən əsas amillərdəndir. Təsadüfi deyil ki, bölgədə aparılan araşdırmalar zamanı hapıtlar arasında ana dildən istifadə məsələləri sorğuların və müsahibələrin mövzularından biri olmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ