Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 18:08
Vətən müharibəsindəki zəfərimizin rəmzi xarıbülbülün müxtəlif növləri qırmızı kitaba düşə bilər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, işğaldan azad olunan torpaqlarımız da daxil olmaqla Azərbaycandakı nadir və nəsli kəsilmə təhlükəsi olan bitki növlərinin qırmızı kitaba salınması məqsədilə tədqiqat aparılacaq. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət komissiya tərəfindən monitorinq işlərinə başlanıb. Aparılan araşdırmalar nəticəsində belə bitkilərin bəzilərinin fotoşəkilləri toplanıb. Həmin bitkilər arasında Xarıbülbül də yer alıb. Ancaq onun hansı növünün qırmızı kitaba daxil olunması tədqiqatlar yekunlaşdıqdan sonra məlum olacaq.
Qırmızı kitaba salına biləcək bitkilərin sayı isə elə də az deyil.
May ayının sonuna kimi Cəbrayıl, Zəngilan, Füzuli, Hadrut, Şuşa, iyunun 15-inə kimi isə Kəlbəcər və Laçın rayonlarına komissiya üzvlərinin ekspedisiyası təşkil olunacaq. 2023-cü ildə təqdim olunacaq "Qırmızı kitab"ın 3-cü nəşrində başqa yeniliklər də gözlənilir.
Qeyd edək ki, indiyə qədər Şamaxı və Qobustan ərazisində, eyni zamanda Şahdağ Milli Parkı və Pirqulu Dövlət Təbiət Qoruğunda Səhləbkimilər, Göyzəbankimilər, Soğankimilər və Zambaqkimilər fəsilələrinə aid bitkilərin nadir növləri tədqiq edilib.