Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 16:00
Bakı. Cani Babayeva - Trend:
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis bədii gimnastika üzrə 37-ci dünya çempionatının təsnifat yarışlarında topla hərəkətlərdə çıxışlarından razı qalıblar.
V.Qudis Trend-ə bildirib ki, onlar proqramı yaxşı yerinə yetiriblər:
“Daha yaxşı çıxış edə bilərdik, amma bir qədər elementlərdə inamsızlıq özünü göstərdi. Evdə çıxış etmək rahatdır, azarkeşlər kömək edir. Bu yarışlar lisenziya xarakteri daşıdığı üçün məsuliyyət hiss edirik”.
Z.Ağamirova öz növbəsində qeyd edib ki, ötən gün halqa ilə çıxışında qüsurlar olmuşdu:
“Bu gün daha yaxşı alındı. Topla proqramımda musiqi mənim xoşuma gəlir, bu proqramı yerinə yetirməyi sevirəm. Çıxış zamanı bir qədər həyəcanlanırdım, amma azarkeşlərin dəstəyi bizə kömək etdi”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin