Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibənin 100-cü günü: Rusiya qalib deyil, bəs Ukrayna niyə uduzur?

Müharibənin 100-cü günü: Rusiya qalib deyil, bəs Ukrayna niyə uduzur?

Tarix: 4 Iyun 2022 16:08

Rusiyanın şərtlərinə boyun əymək, atəşkəsə razılaşaraq danışıqlar masasına oturmaq, yoxsa işğala qarşı müqavimət göstərmək, torpaqları geri qaytarmaq?

Rusiyanın Ukraynaya hərbi təcavüzünün 100 günü tamam oldu. 100 gün bu cür miqyaslı müharibə üçün az müddətdir. Niyə miqyaslı dediyimizin səbəbi bəllidir. Bu iki ölkə arasında müharibə deyil, Qərb koalisiyası ilə Rusiyanın və onun "passiv" dəstəkçilərinin bütün istiqamətlərdə apardığı savaşdır.

Amma 100 gün az müddət sayılmaz da... Məsələn, İkinci Dünya müharibəsində Hitler Almaniyası hələ 1940-cı ilin mayında cəmi 6 həftəyə Fransanı işğal etmişdi. 1941-ci yayında SSRİ-yə hücum edəndə almanlar müharibənin ilk üç ayında Smolenski ələ keçirmişdilər, Kiyevi işğal edib, Leninqradı mühasirəyə almışdılar, paytaxt Moskva üzərinə isə güclü hücum başlamışdı...

Rusiya da hərbi əməliyyatların ilk həftələrində qoşunlarını Kiyevin ətrafına cəmləşdirmişdi. Putinin və onun Baş Qəragahının əsas məqsədinin Kiyevi tutmaq, yoxsa bunun aldadıcı manevr olduğunu hələ də dəqiq bilən yoxdur. İstanbulda Rusiya-Ukrayna arasında əldə olunan razılaşmadan sonra ruslar Kiyev ətrafından geri çəkildilər və razılaşmanın pozulmasına baxmayaraq, bir daha o mövqelərə qayıtmadılar. Son iki ayda əsas hərbi əməliyyatlar ölkənin şərqində- Donbasda davam edir.

Ukraynanın bu müharibədə tezliklə məğlub olacağını gözləyənlər yanıldılar. Məlum oldu ki, Krım məğlubiyyətindən sonra Qərb Ukraynanı silahlandırıb, ordunu NATO standartlarına uyğunlaşdırıb, milli batalyonlar yaradılıb. Amma Ukraynanın Rusiya ordusunu darmadağın edəcəyi, sərhədlərinə kimi qovacağı, hətta Krımı da geri alacağı proqnozları da doğrulmadı. Zelenski son olaraq ölkənin 20 faizinin artıq Rusiya işğalı altına düşdüyünü deyib.

Ərazilərin rəqəmlərlə ifadəsinə bir daha baxaq. Donetsk (ərazisi 26.517 kvadrat. km) və Luqanskdan (ərazisi 26.683 kvadrat.km) ibarət Donbasda (Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadrat kilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım(ərazisi 26 min 861 kvadrat kilometr) və Sevastopulu da(1079 kvadrat kilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadrat kilometr idi. Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. İndi isə 100 gündə bu rəqəm 12,7 faiz artıb. Bunların hələ xəritədə ifadəsi də var. Məsələn, Mariupolu itirməklə Ukrayna Azov dənizinə çıxışı bağlanıb. Xerson vilayətinin Rusiyanın nəzarətinə keçməsi ilə Rusiya ilə Krım arasında quru yol yaranıb və sairə... 100 günlük müharibə üçün ciddi itkilərdir. Əslinə, bir kəndin işğalı belə istənilən ölkə üçün ərazi itkisidir. Biz bu itkiləri yaşamışıq, düşmən torpaqlarımızın 20 faizini üç onillik işğal altında saxlayıb. Ukraynanı bizdən yaxşı kim anlaya bilər ki?

Amerikanın Ukraynaya uzaqmənzilli zenit-raket kompleksləri (ZRK) verəcəyi indi ən ciddi müzakirə mövzusudur. ABŞ cəbhə bölgəsindən 500 kilometr aralıda olan paytaxt Moskvanın ətrafını vura biləcək ZRK-ları Ukraynaya verməkdə tərəddüdü var. 80 kilometr uzaqlığı vura biləcək ZRK-ların isə guya Rusiyaya atmamaq şərtilə bu ölkəyə veriləcəyi deyilir. Ukraynanın Rusiyanı vurmamaq kimi öhdəliyə razılaşdırmaq absurd görünür. Rusiyanı vurmaq müharibəni onun ərazisinə keçirilməsi deyil, bunun üçün ora qoşun salmalısan. Buna isə indi Ukraynın gücü daxilində olduğunu demək çətindir. Amerikanın nədən bu silahları indi göndərməyə qərar verdiyini demək çətindir. Nəyə nail olmaq istəyirlər?

Rusiyanın işğalını durdura bilmədikləri üçün sifətlərini qorumaq məqsədi ilə "son partonları"da atmaqdırmı bu? Yoxsa, Ukraynanı qələbəyə inandırmaq üçün əlavə stimuldur? Bəlkə Ukraynanın qalan hissəsinin də darmadağın edilməsinə rəvac vermək istəyirlər? Ukrayna tam dağılsın, daha heç nə tələb etməyə, heç nə soruşmağa heyləri qalmasın. "Siz istədiz, bu silahı da verdim, daha nə edim?" Çünki Rusiya da rəsmən bəyan edib ki, əraziləri ABŞ silahları ilə vurulsa, dinc oturmayacaqlar, paytaxtı vuracaqlar və sairə...Yəni müharibə daha əhatəli və təhlükəli miqyasda davam edə bilər.

ABŞ-ın və Britaniyanın Ukraynada indiki planları nədir, özləri bilir. Ukraynanın bu müharibədə, indiki mərhələdə qalib gələcəyinə Qərbin təhlil mərkəzləri də çətin ki, ümid etsinlər. Ölkə ağır insan itkiləri verib, iqtisadiyyatı, ordusu, qoşunu ciddi zərbələr alıb. Pulla bunları "diriltmək" indilikdə mümkün deyil. Rusiyanın müharibə davam edə-edə sanksiyalarla çökəcəyi reallaşmadı, ona görə geri çəkilmədilər.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, Ukraynanın bundan sonra nə edəcəyi bu ölkənin sonrakı taleyini həll edəcək. Rusiyanın şərtlərinə boyun əymək, atəşkəsə razılaşmaq, danışıqlar masasına oturmaq, yoxsa işğala qarşı sonuncu ukraynalıyadək müqavimət göstərmək, savaşmaq və işğaldakı torpaqlarını geri qaytarmaq? İndi təkcə Zelenski deyil, Qərb də bu suallara cavab tapmalıdır. Atəşkəsə getmək, ölkənin neytrallıq statusu barədə danışıqlara başlamaq indilikdə ən optimal yol kimi görünür.

Rusiya qalib deyil, amma Ukrayna indikdə uduzmuş kimi görünür. Bu mərhələni biz də ölkə olaraq yaşamışıq. Ukrayna Qərbin bu təhlükəli müharibə oyununa getməklə tarixi səhvə yol verdi. Ziyanın yarısı demək olmaz buna- ölkə xarab oldu, viran qaldı və əhalisi dərbədər düşdü.

Toparlanması üçün Qərbin dəstəyi az ola bilər, bu ölkəyə ağıllı və təcrübəli lider lazımdır, həm də indi bəlkə də ən çox buna ehtiyacı var...

Milli.Az


Etiketlər:  Müharibənin 100 günü Rusiya qalib deyil bəs Ukrayna niyə uduzur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ