Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 11:18
Sonxeber.net Kulis.az-a istinadən aktrisa, əməkdar artist Vəfa Fətullayeva haqqında on maraqlı faktı təqdim edir.
Vəfa Nüsrət qızı Fətullayeva Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. O, uşaq olanda onun valideynləri ayrılır. Vəfa anası ilə birgə yaşamağa başlayır. Hələ uşaqlıq illərindən anası ilə birgə teatr tamaşalarındakı uşaq rollarında çıxış edib. 9 yaşı olanda Şeksprin "Qış nağılı" pyesində kralın oğlu Mamili obrazını ifa edir. Anası ilə tərəf müqabili olur.
Vəfa Fətullayeva orta məktəbi bitirəndən sonra Zaur Nağıyev adlı bir idmançı ilə tanış olur. Onlar böyük məhəbbətlə bir-birlərini sevirlər. Az müddət görüşəndən sonra ailə qururlar. Amma bu evlilik çox kədərli ayrılıqla başa çatır. Deyilənə görə, Hökumə Qurbanova qızını aktrisa və özünün davamçısı kimi görmək istədiyindən onun ailə qurub səhnədən uzaqlaşmasına razı olmur. Həyat yoldaşını aktrisa kimi görmək istəməyən Zaur Vəfadan ayrılmalı olur. Ərindən boşanandan sonra Vəfa Teatr İnstitutuna girir.
Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir:
"Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Mən evə gələndə, Vəfa ağlayırdı. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, uşağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq".
***
Vəfa əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna düşür. Vəfanın bir müddət öz xarici görkəmini nəzarətsiz buraxaraq kökəlməsi Məhərrəm Haşımovun diqqətindən yayınmır. Dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?", - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın xətrinə dəyir. O hadisədən sonra bir də həmin sinfə girmir. Acıq edərək fakültəsini dəyişib, keçir teatrşünaslığa. Hələ üstəlik, arıqlayır da.
Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkarı Fuad Poladov olur. Onlar ilk dəfə "Məhv olmuş gündəliklər" tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qurmurlar. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sirr kimi qalır.
***
Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub. Əmisi Hafiz Fətullayev bu məsələ haqqında deyir:
"Başa düşürdülər ki, nə qədər Hökümə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam... Hökümə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökümə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin, başqa cür olub".
80-ci illərin ortalarında Vəfa Fətullayeva gözlənilmədən sağalmaz bir xəstəliyə, qan xərçənginə düçar olur. Deyilənlərə görə onun bu xəstəliyə tutulmasına səbəb keçirdiyi bərk qorxu və stress olub. Moskvaya səfər edən Hökümə Qurbanova və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Vəfa bu hadisədən çox təsirlənir. Bəlkə də bu hadisə Vəfanın xəstəliyinin başlanğıcı olur. Çox keçmir ki, xəstəlik özünü göstərməyə başlayır. Səhhəti pisləşir.
***
1987-ci ilin may ayında Vəfa və anası eyni xəstəxanada, amma ayrı-ayrı palatalarda yatırlar. Hökümə xanım da həmin ərəfədə xərçəng xəstəliyindən müalicə alırmış. Vəfa may ayının 21-də dünyasını dəyişir. Qızının vaxtsız ölümündən sarsılan Hökümə Qurbanovanın səsi bütün xəstəxananı lərzəyə gətirir. Vəfanın atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib, 2 aydan sonra rəhmətə gedir. Bir il sonra isə anası Hökümə Qurbanova da dünyasını dəyişir.
Həmin günləri Fuad Poladov müsahibələrində belə xatırlayır: Xəstəlik Vəfanı yandırmışdı. Onu son dəfə görəndə dəhşət məni bürümüşdü.
Ramiz Məlik isə müsahibələrinin birində deyir:
"Teatrda idim, birdən xəbər çatdı ki, Vəfa dünyasını dəyişib. Mən inanmadım. Maşına mindim, tez "Leçkomissiyaya" getdim. "302-ci palata"nın yerləşdiyi ikinci mərtəbəyə qalxdım. İçəri girəndə bacısı Nailə xanımı gördüm, ağlayırdı. Məni qucaqladı, hönkürdüm. Dedi ki, artıq Vəfa yoxdur. Palataya getmək istəyəndə qabağımı kəsdi, "xahiş edirəm, ora getmə", - dedi. Dedim, yox, mütləq ora gedəcəyəm. Mütləq Vəfanı görməliyəm. Vəfa "302-ci palata"da yatanda xəbər göndərmişdi ki, yanıma heç kim gəlməsin. Mən bu sözünə əməl etmədim, çünki onu görmək istəyirdim. Nailəyə yalvardım, icazə verdi. İçəri girdim, mələfəni qaldırdım, doğrudan da Vəfa yox idi. Tamam yox idi".
Teatrşünas İlham Rəhimov yazılarında qeyd edir ki, Vəfa dünyasını dəyişəndən sonra onu dəfn etmək üçün yer tapmaq az qala müşkülə çevrilib. Xəbəri alan kimi teatra gəlir:
"İkinci mərtəbəyə, Həsən Turabovun otağına qalxdım. Yaşar Nuriyev və Lütfi Məmmədbəyov da Həsənin otağında əyləşmişdilər. Məlum oldu ki, qəbir yeri məsələsi müşkülə düşüb. Həsənin rəngi qapqara qaralmışdı. Siqareti dodaqlarına yaxınlaşdıranda barmaqları titrəyirdi. Siqareti bir neçə dəfə dərindən sümürüb mənə baxdı.
- İlham, təsəvvür edirsən nə rəzalətdi?.. Zavallının taleyinə bax... cavan yaşında rəhmətə gedib, bir qarış torpaq tapılmır ki, cənazəsini tapşıraq...
Nəhayət, xəbər çıxdı ki, Vəfanın anası, həmin vaxtlar xəstə yatan Hökümə Qurbanovanın bacısı Qəmər xanımın qəbrinin yanındakı yerə Baksovetdən icazə veriblər.
Qəmər xanımın qəbrinin sağ yanındakı boş yerdə sərv ağacı vardı. Sonra Bakı Sovetindən iki nəfər gəldi, yanlarında da üç fəhlə. Ağacı sakitcə çıxardılar, yarım kisə də torpağından götürüb bir kənara qoydular. Mərmər tavaları ehmalca söküb ifcin-ifcin barının dibinə yığdılar. Söz verdilər ki, sabah tezdən gəlib qəbri qazacaqlar".