Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2022 23:06
Rusiyanın Avropadakı lobbisi Ukraynadan taxıl ixrac edilməzsə, dünyada böhran, Afrikada isə ərzaq müharibələri başlayacağını qabardır... ABŞ və Böyük Britaniya isə Rusiya ilə Ukraynanın ərazi itkiləri hesabına anlaşma planını bloklayır...
Ukrayna savaşı 100 gündən artıqdır ki, davam edir. Halbuki, Kreml Ukraynaya qarşı müharibəyə başladığı ilk saatlarda əsas proqnozlar ondan ibarət idi ki, savaş çox qısa müddətdə sona çatacaq. Rusiya ən uzağı 3 gün ərzində paytaxt Kiyev də daxil olmaqla, bütün Ukraynanı işğal edəcək.
Ancaq bu proqnozlar doğrultmadı. Rusiya Ukraynanı 3 gün ərzində işğal edə bilmədi. Ukrayna ordusu Rusiya qoşunlarına qətiyyətlə müqavimət göstərdi. Ardınca ABŞ və Qərbin Ukraynaya hərbi dəstək, Rusiyaya qarşı isə sanksiya paketləri işə salındı. Və məlum oldu ki, Rusiya Ukraynaya qalib gəlmək imkanlarına sahib deyil.
Ən önəmli məqam isə ondan ibarətdir ki, Rusiya ordusunun genişmiqyaslı hərbi əməliyyatlara hazır olmadığı təsdiqləndi. Bütün Ukraynanı işğal edib, bu ölkədə hakimiyyəti dəyişəcəyini bəyan etmiş Kreml geniş ərazilərdə savaşa bilməyən Rusiya qoşunlarını Kiyev və Xarkov istiqamətlərindən geri çəkib, Donbas poliqonuna cəmləşdirmək məcburiyyətində qaldı. Yəni, Kreml Ukrayna savaşında hərbi hədəflərini kiçiltdi, sadəcə, Donbas bölgəsinin nəzarət altında saxlamaq planı ilə məhdudlaşdırdı.
Buna baxmayaraq, indi yeni və qəribə iddialar gündəmə gətirilməyə başlanıb. Rusiyanın 100 gün ərzində qarşısının alınmasının mümkün olmadığı vurğulanır. ABŞ və Qərbin Rusiyanı hələ də durdura bilmədiyi iddia olunur. Və bunu prezident Vladimir Putin başda olmaqla, Rusiyanın siyasi rəhbərliyinin böyük uğuru kimi təqdim etməyə çalışırlar.
Halbuki, hazırda dünyada heç kim Rusiyanı durdurmağa çalışmır. Əksinə, ABŞ və Qərb çalışır ki, Rusiya Ukrayna savaşında mümkün qədər uzun müddət ilişib, qalsın. Kreml Rusiyanın hərbi-texniki, maliyyə-iqtisadi resurslarını mümkün qədər çox sərf etsin və son nəticədə tükətsin. Yəni, Rusiyanın durdurulmamasının əsl səbəbi ABŞ və Qərbin bunu bacarması deyil, məhz sərfəli olmadığından istəməməsi ilə bağlıdır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, buna əmin olmaq üçün Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamasına diqqət etmək kifayətdir. S.Lavrov növbəti dəfə bildirib ki, Rusiya sülh danışıqlarında iştirak üçün Rusiya nümayəndə heyətini prosesə daxil etməyə hazırdır: "Ancaq indiki situasiyada bu prosesin yenidən intensivlik qazanacağı müşahidə edilmir. Çünki, ABŞ və Böyük Britaniya rəsmi Kiyevə Rusiya ilə sülh danışıqları aparmağı qadağan edib".
Xarici işlər naziri Sergey Lavrovun elə bu bəyanatı da təsdiqləyir ki, Rusiya özü dayanmağa hazırdır. Amma Rusiyanın dayanmasına imkan vermirlər. Belə ki, Rusiya son vaxtlar Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın mümkün yollarını axtarmağa başlayıb.
Çünki, Kremldə Rusiyanın savaşdan məhz indi çıxacağı təqdirdə, daha əlverişli şərtlərlə sülh sazişi imzalaya biləcəyini artıq anlayırlar. Əgər, vaxt uzanarsa və Rusiyanın hərbi uğursuzluğu artarsa, Kreml Ukraynada ələ keçirtdiyi bütün əraziləri itirə bilər. Ona görə də, Kreml ABŞ və Qərbin şərtlərini qəbul etmək məcburiyyətində qala biləcəyi vəziyyətlə üzləşməmək üçün ciddi şəkildə tələsir.
Digər tərəfdən, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropa Birliyi ölkələrini də vurmağa başlayıb. Ukrayna savaşı uzandıqca, Avropa Birliyi ölkələri də Kremlə qarşı sanksiyalardan Rusiya ilə təxminən eyni zərbələri alır. Yəni, Rusiyaya qarşı sanksiyalar həm də dolayısı ilə Avropa Birliyinə qarşı sanksiyalara çevrilməyə başlayıb.
Ona görə də, hazırda Rusiyanın Avropa qitəsində olan lobbisi hərəkətə gəlib, fəaliyyətə keçib. Xüsusilə də, Almaniya, Fransa, İtaliya və Macarıstan kimi ölkələr Rusiya ilə anlaşmanın vacibliyini qabartmağa başlayıblar. Bu ölkələr Ukraynanın öz ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməsi əvəzində Kremllə sülh sazişinin imzalanmasını təklif edirlər. Və həmin ölkələrin Rusiya ilə qeyri-rəsmi şəkildə ənənəvi müttəfiq olduqları da qətiyyən şübhə doğurmur.
Təbii ki, belə şəraitdə Kreml dünyada yaranmaqda olan ərzaq böhranından da Rusiyanın Avropa Birliyinə qarşı təzyiqlərini gücləndirmək məqsədilə istifadə etməyə çalışır. Xüsusilə də, Rusiya taxıl məhsullarından öz beynəlxalq rəqiblərinə qarşı silah kimi istifadə etməyə cəhd göstərir. Çünki, Rusiya və Ukrayna dünyada əsas taxil ixracatçıları sırasında yer alır. Rusiya həm özü taxıl ixracını məhdudlaşdırıb. Həm də Ukrayna taxıl məhsullarının dünya bazarlarına çıxışını bloklayıb. Yəni, Kreml rəsmi Kiyevi silah-sursatla təchiz edən ölkələri dünyada ərzaq böhranı təhlükəsi ilə hədələyir, şantaj edir.
Prezident Vladimir Putinin Ukrayna limanlarından yüklərin tranzitini asanlaşdırmağa hazır olduğunu vurğulanması da əslində, Kremlin ABŞ və Qərbə qarşı ərzaq müharibəsinə başladığının ilkin əlamətləri sayıla bilər. Çünki, Ukrayna limanlarından daşınması nəzərdə tutulan məhsulların mütləq əksəriyyəti taxıl, bitki yağları və s. ərzaq mallarıdır. Prezident Vladimir Putin bu məhsulların tranzitini bloklamaqla, dünyada ərzaq böhranı yarada biləcəyinin açıq mesajını verir.
Ona görə də, prezident Vladimir Putinin bu məsələni xüsusi olaraq, qabartması Kremlin ABŞ və Qərb ilə növbəti siyasi bazarlıq cəhdi də hesab oluna bilər. Çünki, Kreml bu addımın əvəzində Rusiyaya qarşı sanksiyaların ləğvini tələb etdiyinə də eyham vurur. Eyni zamanda, Rusiyanın şərtləri daxilində Ukrayna ilə sülh sazişinin imzalanmasını istəyir. Yəni, Kreml ABŞ və Qərb ilə ərzaq müharibəsinə başlayıb. Rusiya ərzaq məhsullarından silah kimi istifadə edir, rəqiblərini bu vasitə ilə məğlub etməyə çalışır.
Təbii ki, Almaniya, Fransa və İtaliya da Rusiyanın sülh danışıqları tələbində Kremlin qeyri-rəsmi müttəfiqi rolunda çıxış edir. Almaniya Ukraynaya vəd etdiyi silahların göndərilməsini müxtəlif bəhanələrlə yubadır. Fransa prezidenti Emmanuel Makron "Rusiyanı alçaltmaq olmaz" bəyanatı ilə Kremllə anlaşmaya çağırış edir. İtaliya isə Rusiyanın şərtlərini ifadə edən, Ukrayna ərazilərinin güzəştə gedilməsini nəzərdə tutan sülh planını ABŞ və Qərbin müzakirəsinə çıxarır.
Belə anlaşılır ki, Rusiya savaş meydanında uğur qazana bilmədi, planları baş tutmadı. Kreml dünyanı nüvə savaşı ilə şantaj etdi, ancaq istədiyi nəticəni ala bilmədi. İndi də dünyanı ərzaq böhranı və kütləvi aclıq təhlükəsi ilə təhdid edir. Yəni, Kreml taxıldan silah kimi istifadə variantını sınaqdan çıxartmağa başlayıb. Bu, Rusiyanın ümid bəslədiyi son silah da ola bilər. Hər halda, hələlik ABŞ və Qərbdən gözlədiyi reaksiyanı almağı bacarmayıb.
Məsələ ondadır ki, Rusiyaya dəstək verən İtaliya Ukraynadan taxıl ixrac edilməzsə, Afrikada ərzaq müharibələri başlayacağını bəyan edib. Ancaq buna baxmayaraq, ABŞ və Böyük Britaniya İtaliyanın Rusiya ilə anlaşma planını dəstəkləmir. Ağ Evdə və Londonda hesab edirlər ki, əgər, anlaşma olacaqsa, bu barədə yekun qərar Ukrayna tərəfindən verilməlidir. Yəni, Almaniya, Fransa və İtaliyadan fərqli olaraq, ABŞ-Böyük Britaniya cütlüyü Ukraynaya ərazi güzəştlər7 ilə bağlı təzyiq göstərmək niyyətində deyil. Bu isə o deməkdir ki, Rusiyanın artıq işə saldığı "taxıl və ya ərzaq silahı" da işə yaramaya bilər.