Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 07:52
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet Rusiya qoşunlarının mühasirəyə aldığı Ukraynanın Mariupol şəhərində vəziyyətin ağır olduğunu, şəhər sakinlərinin epidemiya riski altında qaldığını bildirib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Mişel Baçelet BMT İnsan Hüquqları Şurasının 50-ci Sessiyasında çıxış edən zaman danışıb.
Mariupoldakı vəziyyətdən şəhəri tərk etmək məcburiyyətində qalan mülki şəxslərlə müsahibələr vasitəsilə xəbərdar olduqlarını vurğulayan Baçelet, "Aldığımız məlumata görə, bombardmanlar azalıb, lakin viran olan şəhərdə qalan sakinlər tibbi müalicə daxil təcili ehtiyaclarını qarşılaya bilmirlər" qeyd edib.
"Bölgədə vəba da daxil olmaqla epidemik xəstəliklər riskinin artdığına dair xəbərlər var. Bir çox insanın yaşamağa yeri yoxdur və qəzalı mənzillərdə yaşayanların su, işıq, təbii qaz kimi ehtiyacları var",- deyə o, Mariupolda vəziyyətin olduqca ağır olduğunu bildirib.
Ukraynada müharibənin başladığı 24 fevraldan bəri Mariupolun ən ölümcül yer olduğunu vurğulayan Baçelet, "Münaqişələrin, dağıntıların və insan itkilərinin gəldiyi nöqtə beynəlxalq insan haqlarının ciddi şəkildə pozulmasının göstəricisidir" deyib.
BMT-nin məlumatına görə, mühasirədə olan Mariupolda evlərin 90 faizi zədələnib, indiyədək 350 mindən çox insan münaqişə səbəbindən şəhəri tərk etmək məcburiyyətində qalıb.
Bildirilib ki, müharibə zamanı Mariupolda 1348 dinc sakin həyatını itirib, itkilərin 70-i isə uşaqlardır.