Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2022 23:18
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müsahibəndə deyib.
Müdafiə naziri bildirib:
"Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Buna ilk növbədə iki ölkənin dövlət başçılarının səmimi münasibətləri təkan verir. Strateji müttəfiqliyimiz dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək danılmazdır. Bildiyiniz kimi, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri tərəfindən iki qardaş ölkə arasında strateji müttəfiqlik barədə Bəyannamə imzalanıb. Bu Bəyannamənin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində, deyərdim ki, müstəsna rolu var. Bəyannamədən irəli gələn fəaliyyətlər Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirilir.
Türkiyə Silahlı Qüvvələrinin mühəndis-istehkam ixtisaslı mütəxəssisləri azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlardan təmizlənməsi prosesində bizə bilavasitə kömək edirlər. Belə ki, türkiyəli təlimatçılar tərəfindən mühəndis bölmələrinin şəxsi heyəti ilə beynəlxalq standartlara cavab verən xüsusi minatəmizləmə və digər kurslar keçirilir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, mühəndis bölmələrinin şəxsi heyəti işğaldan azad olunmuş rayonlarımızda bu günədək ümumilikdə 21 min hektara yaxın ərazini minalardan və partlamamış hərbi sursatlardan təmizləyib. Ərazilərin təmizlənməsi zamanı 9464 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 6126, tank əleyhinə 2172 mina, ümumilikdə 18 min ədədə yaxın hərbi sursat aşkarlanaraq məhv edilib.
Vətən müharibəsi başa çatdıqdan sonra yaralanan və döyüşün psixoloji təsirinə məruz qalan hərbi qulluqçuların ölkəmizdə və qardaş Türkiyə Respublikasında müalicəsi və reabilitasiyası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Müxtəlif səviyyəli qarşılıqlı səfərlərimiz ikitərəfli münasibətlərin inkişaf edilməsinə töhfə verməkdədir. İki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə olan əməkdaşlığımız uğurla inkişaf edir. Bu il Bakıda yüksək səviyyədə keçirilən və böyük marağa səbəb olan "TEKNOFEST Azərbaycan" festivalı xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi oldu.
Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb olunması mütəxəssis hazırlığını yeni səviyyəyə yüksəldib.
Bilirsiniz, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır".