Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dəyirmi masa” layihəsi Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbovaya həsr olundu

Tarix: 15 Iyul 2022 14:39

İyulun 12-də Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsi tədbiri  Azərbaycanın ilk  qadın pianoçularından, biri Xədicə Qayıbovaya həsr edildi.

Tədbiri açıq elan edən Layihənin  koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı BMM rəhbərliyi adından iştirakçıları salamladı. Diqqətə çatdırdı ki, ilk qadın pianoçularımızdan olan Xədicə Qayıbovanın həyatı repressiya tarixinə yazılsa da onun əbədi xatirəsi musiqi sənəti tariximizdə yaşayır. Musiqişünas Məryəm Hüseynova bu günlərdə magistr işini pianosunun yaradıcılığına həsr edərək maraqlı faktlar aşkarlayıb. "Dəyirmi masa"nın iştirakçıları Xədicə Qayıbova yaradıcılığı ilə bağlı fikir və düşüncələrini bölüşüblər. Məryəm Hüseynova bildirdi ki, mövzunun aktuallığı onunla şərtlənir ki, Xədicə Qayıbova yaradıcılığı müxtəlif araşdırmaçılar, musiqişünaslar tərəfindən tədqiq olunmuş, mətbuatda müxtəlif qəzet və jurnallarda haqqında məqalələr çap olunmuşdur. Lakin onun yaradıcılığı daha ətraflı şəkildə ayrıca tədqiqat mövzusuna çevrilməmişdir. Azərbaycanın ilk peşəkar qadın pianoçusu, muğamlarımızın fortepianoda ilk mahir ifaçısı kimi tanınan Xədicə Qayıbova haqqında çox yazılıb. Onun faciəli taleyi haqqında akademik Ziya Bünyadov, professorlar Rafael Hüseynov, Fərəh Əliyeva araşdırma və məqalələrində geniş bəhs etmişlər.  Professor F.Əliyeva "XX əsr Azərbaycan musiqi tarixi-totalitar zaman kəsiyində" adlı məqaləsində XX əsrdə repressiyaya məruz qalan incəsənət, musiqi xadimlərindən söz açarkən Xədicə xanımın da taleyinə işıq salır . Müəllif Xədicə Qayıbova ilə bağlı araşdırmasında onun xalq dastanları, mahnı və muğamlarının toplanması ilə məşğul olmaqla yanaşı, ictimai fəaliyyətindən də söz açır.

Magistr işimlə əlaqədar olaraq araşdırmam zamanı Bülbülün ev muzeyində Xədicə Qayıbovanın ifalarını aşkar etdik. Gələcək işimiz bu ifanı yeni rəqəmsal vasitələrə köçürüb ictimaiyyətə təqdim etmək, haqqında kitab yazaraq fəaliyyətini  və yaradıcılığını bir nəşrdə cəm edərək oxuculara təqdim etməkdir.

Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə çıxışı zamanı qeyd etdi ki, tələbəm Məryəm Hüseynovanın Xədicə Qayıbova yaradıcılığı ilə bağlı apardığı tədqiqat, magistr  işi, çox uğurlu nəticələr verdi. Bu günə kimə məlum olmayan faktlar aşkarladı. O, Bülbülün ev muzeyində Xədicə Qayıbovanın fonovalikə yazılmış ifasını, "Rast" muğamını aşkarladı. Həmçinin pedaqoji fəaliyyəti haqqında çox yazılsa da biz bu günə kimi onun tələbələrindən heç kimi tanımırdıq. Dissertasiyada Azərbaycanda fortepiano ifaçılığının inkişafında Xədicə Qayıbovanın rolu araşdırılmış, burada onun pedaqoji fəaliyyəti də tədqiq olunmuşdur. Tanınmış fortepiano ifaçısı Rüxsarə Mirzəbəylinin (1909-1977) məhz, Xədicə Qayıbovanın tələbəsi olduğunun vurğulanması da ilk dəfə dissertasiya işində qələmə alınmışdır.

Sənətşünaslıq  üzrə fəlsəfə doktoru Minəxanım Babayeva, tədqiqatçı Turan İbrahimov, yazıçı Kənan Hacının  çıxışları zamanı vurğulandı ki, Xədicə xanım Qayıbova ifa tərzi ilə təkcə musiqi həvəskarlarını deyil, musiqidən uzaq adamları belə heyran qoyurmuş. Evinin qapısı musiqi salonu kimi yerli və Bakıya gələn əcnəbi artistlər üçün daim açıq olmuşdur.  Xədicə xanım enerjili, nikbin və təşəbbüskar bir qadın olaraq musiqi salonunun sahibəsi kimi  ziyalıları - musiqiçiləri, şair və yazıçıları, elm xadimlərini, aktyorları buraya toplayardı. Fortepianoda muğam improvizasiyaları ifa etməsi, dastanların toplanması və bu qəbildən olan fəaliyyəti onun yaradıcılığının əsası idi.

Tədbirin sonunda Xədicə Qayıbovanın nəticələri Nuridə Sultanova və Heydər Sultanov layihənin təşkilinə görə BMM-nə minətdarlıqlarını ifadə etdilər. Evlərində nənələri ilə bağlı arxiv sənədlərinin olduğunu və bu sənədləri hər zaman mətbuata və araşdırmaçılara böyük məmnunluqla təqdim etdiklərini qeyd etdilər. Məryəm Hüseynovaya yeni ifanın aşkar edilməsinə görə təşəkkür edərək musiqi sənətimizin təəssübkeşi olan hər kəsə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirin bədii hissəsində BMM-nin solistləri Rəvanə Qurbanova və Elgiz Əliyevin  ifasında xalq mahnıları və muğamlarımızdan parçalar təqdim edildi. Xanəndələri BMM-nin solistləri Rövşən Qurbanov (tar), Təbruz Usubov(kamança), Rəfael Əsgərov (balaban) və Amil Mustafayev (nağara) müşayiət edirdi.

Milli.Az


Etiketlər:  Dəyirmi masa layihəsi Azərbaycanın ilk qadın pianoçularından biri Xədicə Qayıbovaya həsr olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ