Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gümrüdə anti-Putin aksiyası, Qarabağda Rusiya düşmən sırasında - nə baş verir?

Gümrüdə anti-Putin aksiyası, Qarabağda Rusiya düşmən sırasında - nə baş verir?

Tarix: 3 Avqust 2022 10:38

Ermənistanda Rusiya vətəndaşları Ukrayna müharibəsi əleyhinə yürüş edib, amma yerli əhali qatılmayıb, Xankəndi erməniləri isə Rusiyanı "dost olmayan ölkə" sayır; iki tanınmışdan fərqli baxış

İyulun 31-də Ermənistanın Gümrü şəhərində keçirilən Ukraynadakı müharibə əleyhinə pasifist yürüşdə 20-dən çox Rusiya vətəndaşı iştirak edib.

Milli.Az moderator.az-a istinadən bildirir ki, bu haqda rusdilli nəşrlər məlumat yayıb. Təşkilatçılar bildiriblər ki, etirazçıların mövqeyi yerli sakinlər arasında dəstək tapmayıb.

Aksiyada 20-yə yaxın adam iştirak edib, təxminən eyni sayda polis əməkdaşları onları müşayiət edib və əvvəlcədən müəyyən edilmiş marşrutla necə getməyi göstəriblər. Dram teatrının qarşısına toplaşan etirazçılar daha sonra Sayat Nova, Nikolay Rıjkov küçələri ilə pasifist şüarlar səsləndiriblər. Gümrü şəhərinin bəzi sakinləri pasifist aksiyanın polislərin müşayiəti ilə həyata keçirilməsindən qəzəblənib. Maraqlıdır ki, rusların Putin əleyhinə aksiyasını Rusiyanın Gümrüdəki konsulluğunun əməkdaşı da müşahidə edib və o, baş verənləri foto və videoya çəkib.

İştirakçılardan biri - Yuri Alekseyev bildirib ki, Rusiyadan olan fəallar mitinq üçün Gümrünü təsadüfən seçməyiblər. "Biz bilirik ki, burada Rusiyanın böyük hərbi bazası yerləşir və burada çoxları ruspərəstdir. Amma heç bir təxribat olmadı, hər şey rahat keçdi. Biz bütün fikirlərimizi bildirdik, düşündüklərimizi dedik". Onun sözlərinə görə, aksiyanın məqsədi Gümrü sakinlərinin diqqətini Ukrayna ərazisində baş verənlərə və Rusiya hakimiyyətinin siyasətinə cəlb etmək olub. Aksiya iştirakçısı, Moskvadan Ermənistana köçmüş İvan Demitkovskidən sitat: "Çoxları düşünür ki, aksiya Putinə qarşı olduğu üçün bu, Rusiyaya qarşıdır. Amma bu, belə deyil. Putinin əleyhinə danışmaq - Rusiya əleyhinə danışmaq demək deyil. Ermənilərin belə düşünməsi məni məyus edir. Mənim vəzifəm onlara fərqli düşünməyə, hadisələrə başqa cür baxmağa kömək etməkdir".

"Gümrü sakinləri heç olmasa "Putini sevməyə dəyərmi" deyə düşünsələr, bu, artıq yaxşı nəticə olacaq", - deyə, aksiyanın digər iştirakçısı Vladimir Kolodiy bildirib.  O, müharibədən dərhal sonra Ermənistana köçdüyünü deyib: "Burada siz təhlükəsiz şəkildə etiraz aksiyasına gedə, fikrinizi bildirə, müəyyən dəstək tapa bilərsiniz. Rusiyada bunu etmək olmaz... Mən Gümrü sakinlərinə həqiqəti çatdırmağı özümə vəzifə hesab etdim ki, qoy onlar düşünsünlər, öz fikirlərini bir daha nəzərdən keçirsinlər", - deyə aksiya iştirakçısı əlavə edib. Gümrüdə anti-Putin aksiyası tərəfdarlar toplaya bilməsə də, Qarabağda məskunlaşmış ermənilər fərqli mövqedədirlər.

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutu isə xəbər verir ki, Qarabağda yaşayan erməni əhalisi Rusiyanı "dost olmayan ölkələr" sırasında görürmüş. Bu barədə təşkilat sorğunun nəticələrinə əsasən məlumat yayıb. Məlumatın maraqlı yekun hissəsi var:  ""Artsax"da 44 günlük müharibədən sonra Rusiyanı Ermənistan üçün dost ölkə hesab edənlərin sayı demək olar ki, iki dəfə azalıb. Üstəlik, Rusiya dost olmayan ölkələr siyahısında Türkiyə və Azərbaycandan sonra üçüncüdür". Gümrüdə, İrəvanda Rusiyadan niyə qorxurlar? Maraqlıdır, bəs Qarabağda Rusiya sülhməramlılarının arxasında gizlənən ermənilər niyə rusları düşmən "üçlük"də görür? Bu iki fərqli hadisənin səbəbi nədir?

"Yeni Müsavat"a danışan professor Qabil Hüseynli bu iki faktoru ziddiyyət adlandırmır. Onun sözlərinə görə, bu, Rusiyanın imici ilə bağlı  dünyadakı yeni baxışlar sisteminin formalaşmasıdır. "Dünya rusların Ukraynadakı barbar hərəkətlərini, qoluzorluluğunu görür və ona lazımi qiyməti verir. Rusiya postsovet məkanında hərəkətləri ilə tam ifşa edilmiş, mahiyyəti başa düşülmüş siyasi rejim halına gəlib. Putinin yeritdiyi siyasətin beynəlxalq sülhə nə qədər əngəl olduğu əyani surətdə ortaya çıxıb. Bəli, ermənilər həmişə rusların himayəsində olub, amma son vaxtlar Qərbdən Ermənistana təzyiq və təşviq artıb. Onlar hər vəchlə çalışırlar ki, Ermənistanın Rusiyanı ağuşundan qoparsınlar. Ermənilərin özündə də bir oyanış baş verir və onlar görür ki, Rusiya Ermənistana əvvəlki dəstəyi vermir. Belə olan halda, Ermənistan niyə batan gəmidə qalmalıdır?", - deyə Q.Hüseynli sual edir.

Politoloq hesab edir ki, Paşinyan onu hakimiyyətə gətirən Qərbin dəyərlərinin təbliğini aparır: "Ancaq Gümrüdə 102-ci baza, Erebunidəki aviasiya bazası, Tovuzun Əlibəyli kəndi ilə sərhəddə yeni baza, Naxçıvanla sərhəddə daha bir baza üçün torpaq sahəsi ayrılması reallığı mövcuddur. Bu da həm Qərbi, həm Ermənistanın realist düşünən şəxslərini narahat edir. Bu nöqteyi-nəzərdən ölkədən rus hərbi bazaların çıxarılması, əlaqələrin minimuma endirilməsi və Qərbə doğru inteqrasiyanı sürətləndirmək təbliğ olunur. Gümrüdəki mitinqə bu prizmadan baxmağın tərəfdarıyam".

ALDP sədri Fuad Əliyevin fikrincə, ermənilər Ukrayna müharibəsində tərəfsiz qalmağa, bir hissəsi isə Rusiyanın yanında olmağa üstünlük verir: "Rusiyaya dəstək aksiyaları da olub. Ancaq Ermənistan Rusiya əleyhinə sanksiyalara qatılmayıb, BMT, Avropa Şurası və digər təşkilatların səsverməsində rəsmi Moskvanı dəstəkləyib. Yəni Paşinyan nə qədər Qərbin adamı olsa da, Rusiyanı hirsləndirmək istəmir. O baxımdan Gümrüdəki ermənilər Ukrayna müharibəsində Putin əleyhinə mitinqlərdə iştirak etmirlər. O ki qaldı Xankəndi və ətraf zonalarda qalan ermənilərin Rusiyanı "dost olmayan" ölkə hesab etməsinə, sorğunun nəticələrinə bir az şübhə edirəm. Bəzən keçirilən sorğular ictimai rəyi yox, sorğunu keçirən təşkilatın istəklərini əks etdirir. Ola bilsin ki, 44 günlük müharibənin nəticələrinə görə Qarabağ erməniləri Rusiyadan narazıdır, yəni niyə bizə lazımi səviyyədə kömək etmədiniz, amma bu gün sülhməramlılar da onların əsas havadarı rolunda çıxış edirlər".

Partiya sədrinin fikrincə, Qarabağda yaşayan ermənilər düşdükləri vəziyyətə görə Rusiyanı günahkar bilirlər: "Onlar elə bilirdi ki, rus əsgəri gəlib ermənilərin yerinə döyüşməlidir, yaxud da çiyin-çiyinə dayanmalıdır. İndi biz Zəngəzurdan danışırıq, daha Şuşadan, Kəlbəcərdən yox, ermənilər yaxınlaşan bu "təhlükə"ni görürlər. Onlar deyirlər ki, Rusiyanı daha da qəzəbləndirsək, daha çox strateji nöqtələri, mövqeləri itirə bilərik. Ona görə həm rəsmi səviyyədə, həm xalq arasında bir ehtiyatlılıq var, bu, Ermənistana aiddir, Qarabağda keçirilmiş sorğu isə tam obyektiv görünmür".

Milli.Az


Etiketlər:  Gümrüdə anti Putin aksiyası Qarabağda Rusiya düşmən sırasında baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ