Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 17:25
"Hal-hazırda qızımın yanına Türkiyəyə gəlmişəm. Həm istirahət edirəm, həm də onun üçün çox darıxmışdım deyə birlikdə gün keçiririk. Biz il boyu o qədər işləyirik ki, istirahətə möhtac qalırıq. Sənət adamlarının şəxsi həyatı olmur. Biz bayramlarda bayramdan sonra istirahət edirik, bütün günü səhnələrdə oluruq. Hazırda bilirsiniz ki, toylar yoxdur, fürsətdən istifadə edib dincəlirik"
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İskəndərli deyib. O daha sonra əlavə edib.
"Toylar olanda evdə tapılmıram, evdə də oturanda o qədər yorğun oluram ki, istəyirəm mənə qulluq etsinlər. İstəyərəm ki, evdə oturum uşaqlar üçün sevdikləri yeməyi hazırlayım, amma vaxtım olmur. Bir şeyi özüm qoyum, özüm götürüm. Amma neyləyim? İş qadınıyam da, toya gedib-gəlmək elə işə gedib gəlməkdir. Mən evin həm kişisiyəm, həm də qadını" deyə sənətçi bildirib. Əməkdar artist bildirib ki, müxtəlif xarici ölkələrdən ona həmin ölkələrdə yaşaması üçün dəvətlər gəlib.
"Böyük tamaşaçı kütləsi qazanmışam, bütün bunlar elə-belədən olmayıb. Böyük zəhmətlər, əziyyətlər hesabına olub. Hara gedirəmsə orada böyük şənlik, xoş əhval-ruhiyyə yaranır. Bu da hər adama qismət olmur. Getdiyim xarici ölkələrdə də böyük diqqət və qayğı görürəm. İlk dəfə xarici ölkədə səhnəyə Türkiyədə çıxmışam. 6 ay Bodrumda solist işləmişəm. Təxminən 1991-ci il idi. Müqavilə bağlanmışdı, mən elə bilirdim ki, cəmi 1 ay qalacam. Sən demə 6 ay imiş. Bir Allah bildi ki, mən övladlarımdan, ailəmdən ayrı o altı ayı nələr çəkdim. Ürəyim partlayırdı. O vaxt mobil telefonlar da yox idi, əlaqə saxlaya bilmirdim. O illərimi böyük kədər ilə xatırlayıram. Türkiyədə deyirdilər ki, "qal burada, səni ulduz edərik". Dedim ki, mən Azərbaycansız qala bilmərəm. Ondan sonra məni Almaniyaya dəvət etdilər. 3-4 il gedib 4-5 ay orada qalırdım, toylarda, konsertlərdə çıxış edirdim. Hətta fikrim var idi ki, gəlib evimi də satım, gedim birdəfəlik qalım. O vaxt uşaqlar hələ məktəbə getmirdilər. Qocalardım yad ellərdə. İndi də hara gedirəmsə 1 aydan artıq qala bilmirəm" deyə sənətçi bildirib.