Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Partiya sədrləri yeni qanun haqqında: 10 min üzv tələbi...

Partiya sədrləri yeni qanun haqqında: 10 min üzv tələbi...

Tarix: 8 Sentyabr 2022 21:15

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə əsasən partiyaların qeydiyyatı üçün 10 min üzvün olması, altı aydan bir hesabatın verilməsi və bir sıra tələblər siyasi təşkilatlarda müzakirəyə səbəb olub.

Qeyd edək ki, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev qanun layihəsi ilə tanış olduğunu və sənədin ictimai müzakirəyə çıxarılmasının çox müsbət addım olduğunu söyləyib

"Siyasi partiyaların yaradılmasının çətinləşdirilməsi ..."

Partiya sədri xatıladıb ki, qanun layihəsi hazırlandığı anonsunu daha öncə mətbuata açıqlayıb: "40-a qədər siyasi partiyanın, o cümlədən BAXCP-nin də təklifləri alınıb. Bu gün qüvvədə olan qanun 30 il bundan öncə, müstəqilliyimizi yenicə əldə etdiyimiz bir dövrdə qəbul olunub. İctimai həyatımızın bütün sahələrində, regionda, dünyada böyük dəyişikliklər baş verir. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna da böyük ehtiyac yaranıb. Layihə hazırlanarkən Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinə dair tövsiyələri, həmçinin beynəlxalq təcrübə öyrənilib. Siyasi partiyaların yaradılmasının çətinləşdirilməsi və fəaliyyətlərində şəffaflığın artırılması üçün layihəyə yeni normalar daxil edilib. Layihədə bizim müdafiə etdiyimiz və əleyhinə olduğumuz normalar var. Bəzi rəqəmlər və prosedur qaydalar üzərində yenidən düşünməliyik. Hüquq elmi öyrədir ki, qanunlar və digər normativ hüquqi aktlar cəmiyyətdə mövcud olan ictimai münasibətləri tənzimləmək və inkişaf etdirmək üçün qəbul edilir. Ona görə də müzakirələr zamanı beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətimizdə olan mövcud durum da ciddi öyrənilməli, təkliflər reallıqları əks etdirməli, Konstitusiyanın təməl prinsipləri və dövlətimizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə ziddiyyət təşkil etməməlidir".

Qüdrət Həsənquliyev xatırladıb ki, qanun layihəsi ictimai müzakirədən və parlamentdə üç oxunuşdan keçəcək: "Ümid edirəm müzakirələr zamanı layihə cilalanacaq, təkmilləşdiriləcək, yeni qanun siyasi partiyaların təmərküzləşməsinə, daha güclü, xalqımıza bağlı, cəmiyyətimizi vətəndaş qarşıdurmalarından, xaoslardan qoruya biləcək azsaylı, amma güclü yeni siyasi partiyaların yaranmasına şərait yaradacaq. Biz siyasi həyatımızda siyasi partiyaların rolunu artırmaqla və onların fəaliyyəti üçün daha əlverişli şərait yaratmaqla bütün sahələrdə güclü rəqabət mühitinin yaranmasına, ölkəmizdə siyasi sistemin və demokratiyanın inkişafına töhfə verəcək, Milli Məclisdə iqtidar partiyası ilə rəqabət aparmaq gücündə olan müxalif və müxtəlif fraksiyaların yaranmasına yol açacaq mükəmməl bir qanun qəbul etməliyik".

"İndiki qədər çoxsaylı partiyalar olmayacaq"

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, yeni qanun layihəsinin ictimai müzakirəyə təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir: "Burada siyasi partiyaların verdiyi təkliflər də yəqin ki, müəyyən qədər nəzərə alınıb. Prinsip etibarı ilə hazırlanmış qanun layihəsi müasir çağırışlara və tələblərə cavab verir. Bu, Venesiya Komissiyasının müvafiq yanaşmaları, həmçinin aparıcı dövlətlərin Azərbaycanın bugünkü səviyyəsi və gələcəyə hədəflənən siyasətinə uyğun olaraq hazırlanmış bir qanun layihəsidir. Qanun layihəsi siyasi partiyaların yeni siyasi konfiqurasiyasının yaranması və formalaşmasında mühüm amil olacaq. Azərbaycanda siyasi partiyalar ola bilsin ki, indiki deyil, daha məhdud sayda öz işini qura biləcək. Çünki burada siyasi partiyaların qeydiyyatdan keçməsi üçün ən azı 10 min partiya üzvünün imzası tələb edilir. Bu da düzgün bir yanaşmadır. Ona görə də, yeni qanun layihəsinin fəaliyyətə başlamasından sonra indiki qədər çoxsaylı partiyalar olmayacaq".

Partiya sədri ictimai müzakirələrdən sonra da yeni təkliflərin olacağından bəhs edib: "Rasional xarakterli təkliflər yeni qanun layihəsinin təkmilləşməsi üçün istifadə edilə bilər. Ümumilikdə bu, böyük bir hadisədir. Artıq siyasi partiyaların cəmiyyətdə yerinin və rolunun təkmilləşməsində, siyasi sistemdə verəcəyi töhfələrin daha da güclənməsində əhəmiyyəti artacaq".

"Qanunlar da paltar kimidir. Nə qədər köhnəlir bir o qədər əyinə yaxşı oturur"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna görə, diqqəti yeni qanun layihəsinə deyil, ümumiyyətlə qanunların tez-tez dəyişilməsinə yönəldib: "ABŞ Konstitusiyası 250 ildə cəmi 10 dəfə dəyişilib. Ona görə də, qanun işləmədikdən sonra onun heç bir əhəmiyyəti də qalmır. Azərbaycanda olan 64-ə yaxın siyasi partiyanın hamısı ölkənin istimai-siyasi həyatında bu və ya digər şəkildə iştirak edə bilmir. Konkret olaraq bu partiyalar ölkədə və dünyada gedən proseslərə öz mövqelərini ifadə etmir. Ancaq müəyyən seçki zamanı bəzi siyasi qüvvələr arasında konnektur proseslər baş verir".

"Yeni qanun layihəsində partiyalar üçün öhdəlik və vəzifələr çoxaldılır"

Ağ partiyanın sədri Tural Abbaslı yeni qanunun qəbul edilməsinin fəlsəfəsindən və məqsədindən bəhs edib: "İlk növbədə bu məsələni düşünmək lazımdır. Yeni qanun layihəsi çoxpartiyalı sistemin inkişaf etdirilməsi, partiyaların siyasi təşkilat standartlarına gətirilməsindən ibarətdir. Eyni zamanda ölkənin siyasi səhnəsində sağlam rəqabət mühitinin yaradılmasına xidmət edəcək.Partiyaların güclənməsi yeni siyasi fiqurların, kadrların meydana gəlməsini özündə ehtiva edir".

Partiya sədri 10 min say həddi, təsisçilərin 20 il Azərbaycanda yaşaması məsələsinə də münasibət bildirib: "Üzvlərin sayının reysterdən keçirilməsi, 6 aydan bir yenidən təqdimat verilməsi məsələsi də diqqət çəkir. Bir çox məsələlər var ki, onlar qanunun qəbul olunma fəlsəfəsinə uyğun deyil. Bu fikirlərimə görə kimlərsə, düşünə bilər ki, bizim partiya olaraq nəsə çəkinəcəyimiz bir məqam var. Açıq şəkildə vurğalayım ki, ölkədə bu layihə üzrə tələblərə cavab verən 2-3 partiya varsa, onlardan biri də Ağ partiyadır. Bizim belə bir problemimiz yoxdur. 10 min üzv və rayon təşkilatlarının təşkili ilə bağlı şükür problem yaşamırıq".

Tural Abbaslı hesab edir ki, partiyaların güclənməsi üçün dövlətin təminatı əsas önəmli məsələdir: "Qardaş Türkiydə partiyalar prezidentliyə namizəd irəli sürmək üçün imza toplamır. Rusiyada da bu cür qaydalar işləyir. Bu ancaq bitərəflər üçündür. Azərbaycanda da bu cür hüquqların tanınması yaxşı olardı. Partiya tərəfindən namizəd kimi təqdim edilən şəxs də imza toplayır, siravi bir adam da bunu edir. Bu məsələdə belə heç bir imtiyaz tanınmır. O zaman insanların partiyaya gəlməsi məsələsi gündəmə gəlir. Çünki partiyaya gəlmədən hansısa bir şəxs bitərəf kimi öz sənədlərini qeydiyyatdan keçirib namizəd ola bilər. Eyni zamanda bitərəf adamın maliyyə gəlirlərinə bu qədər nəzarət edilmir. Məsələn, tozsoran satan gəlib siyasətlə məşğul olmaq istəsə ondan partiya qurmaq tələb olunmayacaq. Heç kimdə ondan nəsə soruşmayacaq. Çünki partiyalar üçün bu qədər hesabatların tələb edildiyi şəraitdə bitərəf rahat şəkildə namizədliyi ortaya qoyub siyasi partiyalardan da önə çıxa biləcək. Ona görə də, yeni qanun layihəsində partiyalar üçün öhdəlik və vəzifələr çoxaldılır. Amma əksinə imtiyaz və hüquqlar əvvəlki kimi qalır. Burada xüsusi bir dəyişiklik edilməyib. Bu baxımdan yeni qanun layihəsi ilə bağlı təklifləri nəzərə alıb mükəmməl bir qanunun qəbuluna nail olmaq mümkün olar".


Etiketlər:  Partiya sədrləri yeni qanun haqqında üzv tələbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ