Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni mövsümdə köhnə tamaşa ənənəsi - müasir əsərlərə niyə müraciət edilmir?

Yeni mövsümdə köhnə tamaşa ənənəsi - müasir əsərlərə niyə müraciət edilmir?

Tarix: 11 Oktyabr 2022 08:54

Artıq bir müddətdir ki, Azərbaycanda olan teatrlar yeni mövsümü açıq elan ediblər. Bəs bu dəfə teatrlar tamaşaçılara hansı əsərləri təqdim edir? Ötən illərlə müqayisədə tamaşaçılar bu dəfə yeni və yaxud yeni quruluşda olan əsərləri izləyə bilirmi?

Akademik Milli Dram Teatrı yeni mövsümə 23 sentyabrda Azər Paşa Nemətova aid "Zəfər yolu" tamaşası ilə başlayıb. Daha sonra sentyabrın sonunda Əli Əmirlinin "Ah bu uzun sevda yolu", Evripidin "Medeya" tamaşası təqdim olunub. Oktyabrın əvvəlindən isə illərlə teatrın repertuarında qalan C.Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı",  İ. Əfəndiyevin "Mənim günahım", Ə.Əmirlinin "Şah Qacar" əsərləri təqdim olunub. Daha sonra isə H.Həsənovun "Qürbətdən gələn məktublar", uzun müddətdir ki, teatrın repertuarında qalan "Xanuma" əsəri, V.Şeksprin "On ikinci gecə və ya hər nə istəsəniz", Ç.Aytmatovun "Manqurt", Ordubadinin "Qətibə İnanc" və digər bu kimi köhnə tamaşalar təqdim olunacaq.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Gənc Tamaşaçılar Teatrı isə yeni mövsümü 44 günlük Vətən müharibəsinə həsr olunan "Balaca kişilər" tamaşası ilə açdı. Qeyd edək ki, əsərin müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Nicat Kazımovdur. Daha sonra isə müəllif və rejissoru Mehriban Ələkbərzadə olan "Kod adı V.X.A" əsəri təqdim edilib. Oktyabrın əvvəlində isə H.Cavidin "Ana", Axundzadənin "Sərgüzəşti-Vəziri Xani Lənkərani", Ə. Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", Şmidtin "Tanrıya 14 məktub" əsərləri təqdim olunub. Bundan sonra isə tamaşaçılar teatrda Ə.Əmirlinin "Hasarın o üzü",  H.Cavidin "Şeyx Sənan", Çexovun "Qağayı", M.Füzulinin "Leyli və Məcnun", Axundzadənin "Hekayəti-Xırs Quldurbasan", "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsərlərini izləyə biləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da öz daimi ənənəsinə sadiq qalaraq 114-cü mövsümünü Üzeyir Həcibəylinin "Leyli və Məcnun" operası ilə açdı. Oktyabr ayında isə V.Adıgözəlovun "Natəvan" operasını, Aqşin Əlizadənin "Balet" balütinin premyerasını təqdim etdi. Teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarında Üz.Hacıbəyovun "O olmasın, bu olsun", Puççininin "Toska" operası, daha sonra məşhur "Jizel" baleti, Verdinin "Trubadur", F.Əmirovun "Min bir gecə", baleti, M.Maqomayevin "Şah İsmayıl" operası, Çaykovskinin "Qu gölü" baleti var.

Beləliklə, araşdırmadan belə məlum olur ki, nisbi dəyişikliklərlə teatrlarımız yenə də əksərən klassik və yaxud sovet dramaturgiyasına məxsus əsərləri nümayiş etdirməyə çalışır. Məsələnin pis tərəfi isə ondan ibarətdir ki, köhnə əsərlər bəzən elə köhnə quruluşda təqdim olunur ki, bu da tamaşaçıları narazı salır. Məsələn, ötən gün Akademik Milli Dram Teatrında nümayiş olunan "Dəli yığıncağı" əsərini izləyən bir sıra tanınmışlar sosial şəbəkədə öz təəssüratlarını bölüşərək, tamaşanın yenə də köhnə quruluşda təqdim olunmasından gileylənmişdilər.

Bəs səbəb nədir? Niyə teatrlar yeni, müasir əsərlərə, dramaturqlara  müraciət etmək istəmir?

Mövzu ilə bağlı teatrşünas Xəyalə Rəis danışıb:

"Hər bir teatrın spesifik xüsusiyyətləri var. Məsələn, Pantomima, Yuğ, Kukla, Opera və Balet teatrlarının, adından da bəlli olduğu kimi, öz yolu, öz yönü və üslubları var. Ancaq digər teatrlarımızın repertuarlarına nəzər yetirdikdə, onların çox zaman eynilik təşkil etdiklərinin şahidinə çevrilirik.

Xəyalə Rəis: "Teatr rəhbərləri teatrlara öz şəxsi mülki kimi davranır"

Teatrlarımızda köhnə repertuarlar uzun müddətdir çıxış edir. Əslində son bir neçə ayda yeni mövzulara müraciət etməyə çalışsalar da o mövzular hazırkı durumumuzu əks etdirmir. İkinci Qarabağ döyüşlərindən sonra nə qədər şəhid verdik. O şəhidlərimizin hər birinin ayrı bir qəhrəmanlıq hekayələri var ki, bu gün biz onlardan xəbərdar deyilik. Onları çəkmək, səhnələşdirmək incəsənət nümayəndələrinin öhdəsinə düşür. Di gəl incəsənət xadimləri də bu işdə rəhbərlikləri günahlandırır. Məsələn, ötən mövsüm C. Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri 3 teatrda nümayiş olunurdu. Axı bu əsər dövrümüzlə səsləşmir. Müasir əsərlərimiz kifayət qədərdir, hərçənd teatr direktotrları "qapımız hər bir yazıçının üzünə açıqdır, gəlsinlər əsərlərini təqdim etsinlər" desələr də. Nəticə etibarı ilə onlar dövlət sifarişi ilə yenə də klassik əsərlərə müraciət etməli olurlar. Soruşanda ki, "yenə də klassik əsərlər?" deyirlər "dövlət sifarişidir".

Gənc rejissorları isə teatrlara yaxın buraxmırlar ki, onlar səhnəyə yeni nəfəs gətirsinlər. Gənc rejissorları da bölgə teatrlarına cəlb edirlər, hansı ki, o teatrlarda da peşəkar aktyor-aktrisa problemləri yaşanır. Gənclər həvəskar aktyorların əlində qalıblar.  Həvəskar aktyor da səhnədə gənc rejissorun istədiyini verməyəndə deyirlər ki, budur gənclik.

Köhnə nəsil yeni nəslə meydan vermir. Yeni teatr poetikasından və estetikasından yaşlı rejissorların xəbəri yoxdur. Teatr mühiti o zaman inkişaf edir ki, dramaturq kimi yeni nəsil yetişir. Bu qaynarlığın, yeni üslubların olmaması teatrlarımızda klassik əsərlərin meydan oxumasına imkan yaradır. Teatrların artıq repertuar siyasəti yoxdur. Çünki bəzi teatr direktorlarını çıxmaq şərti ilə çoxları klassik əsərləri hələ də aktual hesab edir. Teatr rəhbərləri teatrlara öz şəxsi mülki kimi davrandığı üçün tamaşaçıları da öz zövqlərinə görə yetişdirməyə çalışırlar. Nəticə də göz önündədir".

Ötən il Moskvada "Pələng" monopyesi səhnələşdirilən gənc yazıçı-dramaturq Ülviyyə Heydərova isə qeyd etdi:

"Bir neçə il əvvəl öz monopyesimi bir neçə yerli teatra təqdim etmişdim, amma heç bir səs-soraq olmadı, teatrlar qəbul etməmişdi. 2-3 dəfə müraciətdən sonra düşündüm ki, ən yaxşısı xarici teatrlara müraciət edim və müsabiqələrə qoşuldum. Hansı müsabiqənin şərtləri mənim əsərimə uyğun idisə, ora müraciət etdim və bir nəticəsi olduğunu gördüm. Belə ki, "Pələng" monopyesim Rusiyada keçirilən, 19 ölkədən dramaturqların iştirak etdiyi "XXI əsr - ilk hadisə" Müstəqil Beynəlxalq Müasir Dramaturgiya müsabiqəsində finala çıxdı. Buna görə də əsərim Moskvada səhnəyə qoyulmuşdu.  Tamaşada "Pələng" rolunu Rusiya Federasiyasının Əməkdar artisti İrina Maksimkina ifa etmişdi. Doğrudur, pandemiya səbəbindən özüm tamaşanın təqdimatında iştirak edə bilməsəm də, əsərimin çox peşəkar və maraqlı olması haqda fikirlər səsləndirilmişdi.

Ülviyyə Heydərova: "Əsərimi yerli teatrlar qəbul etmədi, Moskva teatrında səhnəyə qoyuldu"

Əsərim Rusiyada təqdim olunduqdan sonra Azərbaycanda mənimlə maraqlanmağa başladılar və Gənc Tamaşaçılar Teatrının o vaxtı direktoru Mübariz Həmidov mənə müraciət etdi. Daha sonra adıçəkilən teatrda rəhbər dəyişikliyi oldu və Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına getdi. Bundan sonra o, mənim iki - "Uşaqlıq" və "Pələng" əsərimə  müraciət etdi və əsərlərim teatrda nümayiş olunmağa başladı. Bu günə qədər də əsərlərim Sumqayıt Teatrının repertuarındadır və uğurla təqdim olunur.

Əlbəttə ki, dramaturq teatrda yetişməlidir. Mən özüm də demək olar ki, teatrdan bir qədər kənardayam. Lakin bilirəm ki, bir əsəri səhnəyə qoyanda onun üzərində nə qədər işləməlisən. Gənc dramaturqlar üçün şərait yaradılmalıdır ki, onlar daim teatrın içərisində "bişsinlər", kulisdə olsunlar  və sairə. Yəni dramaturqlar aldığı qonorarla yalnız öz işləri ilə məşğul ola bilsinlər, maddiyyata görə başqa işlərə yönəlməsinlər. Hesab edirəm ki, bu zaman dramaturgiya inkişaf edə bilər".

Gənc Tamaşaçılar Teatrının aktyor-rejissoru, əməkdar artist Nicat Kazımov isə mövzu ilə bağlı aşağıdakıları qeyd etdi:

"Teatrlarda köhnə əsər səhnələşdirilə bilər. Məsələn, mənim özümün də sonuncu quruluş verdiyim əsər Çexovun "Qağayı" əsəri olub. Sadəcə, hər rejissorun əsərə öz baxışı var. Əgər rejissor müasir insandırsa, müasirliklə ayaqlaşa bilirsə, o zaman tamaşası da maraqlı olacaq. Yəni bu gün Şekspiri, Füzulini də götürüb, hazırlamaq olar. Onlara məgər köhnə əsər demək olarmı? Onlar klassikadır. Əgər həmin əsərlərə müasir baxışla baxmaq mümkündürsə, müasirliklə ayaqlaşırsa, əlbəttə ki, onu yenidən tamaşaya qoymaq olar.

Nicat Kazımov: "Əgər rejissor müasir insandırsa, müasirliklə ayaqlaşa bilirsə, o zaman tamaşası da maraqlı olacaq"

Mən özüm yeni dramaturqlara, o cümlədən İlqar Fəhminin əsərlərinə müraciət edirəm, lakin daha çox klassik əsərlərə meyilliyəm".


Etiketlər:  Yeni mövsümdə köhnə tamaşa ənənəsi müasir əsərlərə niyə müraciət edilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ