Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 12:12
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dən Trend-ə verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunmuşdur.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmiş, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərmişlər. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunmuş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində vəfat etmişlər.
Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunmuşdur.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam edilmiş, hadisə yerinə baxış keçirilmiş, sərhəd pozucularının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar vermişdir.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin