Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Casusluqda ittiham olunan əcnəbilərin saxlandığı, kütləvi edamların olduğu İran zindanı - FOTO

Casusluqda ittiham olunan əcnəbilərin saxlandığı, kütləvi edamların olduğu İran zindanı - FOTO

Tarix: 20 Oktyabr 2022 17:18

Oktyabrın 15-də axşam Tehranın "Evin" həbsxanasında baş verən yanğından sonra İran rəsmiləri indiyədək 8 nəfərin öldüyünü və 61 məhbusun yaralandığını təsdiqləsələr də, qurbanların sayının daha çox ola biləcəyi ehtimal olunur.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, həmişə olduğu kimi, İran İslam Respublikası rejimi hadisələrin əsl səbəblərini gizlədir. İran hakimiyyəti tələsik bəyanat yayaraq, məhbusların ölüm səbəbinin dava və tüstüdən boğulma olduğunu bildirib. Təşkilat əlavə edib ki, BMT-nin İnsan Haqları Şurası dərhal xüsusi iclas keçirərək İran hakimiyyətinin yanğın zamanı qaçmaq şansı olmayan məhbuslara qarşı məsuliyyətsiz və repressiv davranışını araşdırmalı və bu şura dəlilləri toplayıb, qoruyub saxlamalı, cinayətlərin icraçılarını cinayətlər üzrə yurisdiksiyaya malik olan milli, regional və beynəlxalq məhkəmələrlə müəyyən etməlidir.

Bu şuranın təhqiqatı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək məqsədi ilə aparılmalıdır, çünki beynəlxalq ictimaiyyətin qəti reaksiyası olmasa, qurbanların sayı və insan hüquqlarının pozulması halları artmağa davam edəcək.

"Evin" zindanında saxlanılan məhkumların vəziyyətlərinin daha da ağırlaşdığı, yaralı və xəstə məhkumlara tibbi yardım göstərilmədiyi bildirilir: "Hakimiyyət yaralıların müalicəsinə imkan vermir, deyirlər, onsuz da axırda öləcəksən, heç nə olmayacaq. Burada təhlükəsizliyimiz yoxdur, insanlar bizi unutsa, hakimiyyət bizi qıracaq",- deyə, məhbuslardan biri ailəsi ilə telefon əlaqəsi zamanı bildirib.

Qeyd edək ki, rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib. Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

"Evin" İranın siyasi məhbuslar üçün həbsxanasıdır, Şah Pəhləvi tərəfindən 1972-ci ildə Tehranın ərazisində dağın ətəyində tikilib. İslam inqilabından əvvəl orada məşhur ayətullahlar saxlanırdı, 1979-cu ildən sonra isə ayətullahlar öz siyasi düşmənlərini ora qoymağa başladılar, onlara qarşı edilən zülmləri düşmənlərə tətbiq etməyə çalışdılar.

Casusluqla ittiham olunan bütün əcnəbilər də bu həbsxanada saxlanır. Sonradan onları siyasi mübadilə subyekti yaxud, qisas üçün istifadə edirlər. Yarandığı gündən bu həbsxanadan heç kim qaça bilməyib. 15 min məhbus ümumi kameralarda, bir nəfərlik hücrələrdə saxlanır. Həbsxana ərazisində məhkəmə prosesi və edam həyata keçirilir. "Amnesty İnternational" yazır ki, "Evin"də zaman-zaman kütləvi edamlar olur. Məlumata görə, 2015-ci ilin birinci yarısında "Evin"də 700 məhbus edam olunub.    

İranda ölüm rekord həddə çatdıqda məhbusların yaxınları və vəkillər həbsxanalarda baş verənlərlə bağlı daha dəqiq məlumatın yayılması üçün etiraza qalxdılar. Bu etirazdan dərhal sonra İranın ədliyyə naziri o qədər də ciddi cinayət törətməmiş 5 min məhbusun amnistiya olunacağına dair söz verdi, necə deyərlər. dünyaya islamın xoş üzünü göstərdi. Lakin bu sadəcə vəziyyəti neytrallaşdırmaq üçün yaradılmış görüntü idi.

2016-cı ilin aprelində həbs olunan İran əsilli britaniyalı qadın, Tomson Reuters Fondunun əməkdaşı Nazanin Zaghari-Ratcliffe bildirmişdi ki, casusluq kimi saxta ittiham amnistiya üçün "qanuni kateqoriya"ya daxil edilməyib: ""Evin"də saxlanan ən məşhur siyasi məhbuslarından bir neçəsinə iki həftəlik məzuniyyət evi verildi. Lakin məni buraxmadılar. İranda artıq məni heç kim gözləmir. Dostlar, sevdiklərim telefonlarda, sosial şəbəkələrdə məni bloklayır. İslam Respublikasında İsrailə qarşı casusluq ittihamı ilə həbs olunursan və orada artıq dostların yoxdur..."

Qərb hüquq müdafiəçiləri uzun müddətdir "Evin" həbsxanasındakı rejimi tənqid edirlər. "Human Rights Watch" təşkilatı "Evin" məhbuslarına işgəncə verildiyini, onlara lazımi tibbi yardım göstərilmədiyini, onları ömürlük həbsxanada saxlamaqla hədələdiklərini bildirirlər. Ötən ilin avqustunda "Edalat-e Ali" ("Əlinin Ədaləti") adlı bir qrup haker internetdə həbsxananın daxili müşahidə kameralarından - şəxsi heyətin məhbusları döydüyü və işgəncə verdiyini əks etdirən videoyazıları yayıb.

Bu gün etiraz aksiyalarında həbs olunan yüzlərlə vətəndaş bu zindana da göndərilir. Həbs olunan azərbaycanlıların dəqiq sayı məlum deyil.

Milli.Az


Etiketlər:  Casusluqda ittiham olunan əcnəbilərin saxlandığı kütləvi edamların olduğu İran zindanı FOTO


RƏYLƏR