Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 12:42
Bakı. Trend:
Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü ilə davam etdirir.
Trend-in məlumatına, tədbirin moderatoru, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 2016-cı il yanvarın 1-də dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin əsas vəzifəsinin hazırda bəşəriyyətin inkişafının qarşısında duran əsas problemlərin həll edilməsi olduğunu deyib.
UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif belə mühüm Forumda iştirakından məmnunluğunu ifadə edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Al-Naşif bildirib ki, bu gün insanların fikirlərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var.
Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin