Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk apteklər necə olub?

İlk apteklər necə olub?

Tarix: 12 Noyabr 2022 20:06

"Aptek" sözü yunan mənşəli apotheke - "anbar", "saxlama otağı" sözündən yara­­nıb. Hələ qədim zamanlarda əsil-nəca­­bətli şəxslərin saraylarında ev aptek­­ləri mövcud idi, sadə adamları isə ara həkimləri müalicə edirdi, bacar­dıqları qədər "bütün xəstəliklərdən" sağaldan iksirlər hazırlayırdı. Monastır­lar yanındakı xəstəxanalarda da dərman hazırlamaq üçün xüsusi otaqlar nəzərdə tutulurdu. Dünyada qeydiyyata alınmış ilk aptek VIII əsrdə Ərəb xəlifətinin paytaxtı Bağdad şəhərində açılmışdır. Xeyli sonralar, XI əsrdə apteklər İspaniyada, sonra bir çox Avropa şəhərlərində yaradıldı.

Sonxeber.net "Ailə Həkimi"nə istinadən bildirir ki, lap əvvəldən apteklər ticarət müəssisələri arasında xüsusi yer tuturdu. Onların təsisi, fəaliyyət forması, işçilərin ixtisas dərəcəsi, dərmanların qiyməti, buraxılış və saxlanma qaydası qanun qüvvəsi olan qaydalarla tənzimlənirdi. Bu baxımdan zəmanəsinin ən savadlı adamlarından biri olan Siciliyanın kralı, alman kralı və Müqəddəs Roma imperiyasının imperatoru Fridrix II Ştaufenin (1194-1250) imzaladığı fərman səciyyəvidir, belə ki, bu sənəd ilk dəfə olaraq həkimlə əczaçının funksiyalarını ayırdı. Həkimlərə dərman hazırlanması və satışı, aptekçilərə isə xəstələrin müalicəsi ilə məşğul olmaq qadağan edi­lirdi, yəni hər kəs özünə aid "dar ixtisası" ilə məşğul olmalıdır, çünki bu işin hər biri yetərincə məsuliyyətli və çətindir.

Rusiyada 1581-ci ildə açılmış ilk aptek çar ailəsinə xidmət edirdi. Sadə adamlar üçün dərmanlar müxtəlif otlar və həşərat dərmanları mağazalarında satılırdı və bu cür sərbəst "iksir" ticarəti çox vaxt zəhərlənməyə səbəb olurdu, zəhərli və güclü təsirli maddələrdən sui-istifadə ilə nəticələnirdi. Bununla bağlı Moskvada 1672-ci ildə şəhər əhalisinə xidmət göstərən ilk aptek açıldı, 1701-ci ildən sonra Pyotr I özəl apteklərin açılmasına icazə verdi və dərmanların mağazalarda satışını qadağan etdi, bununla da aptek monopoliyasını yaratdı. Müəyyən ərazidə yalnız bir əczaxananın açılmasına icazə verilir­di. XVIII əsrin sonunda Rusiyada artıq yüzdən artıq aptek fəaliyyət göstərirdi. İlk aptekin açılmasından sonra ölkədə əczaçılıq işinə Aptekar palatası nəzarət edirdi. Apteklərin fəaliyyəti 1789-cu ildə çap olunmuş Rusiya imperiyasının qanunlar Məcəlləsinin Aptekar nizamnaməsi ilə tənzimlənirdi. Apteklər vergidən azad olunurdu, dərmanların hazırlanmasında istifadə olunan bütün medikamentlər təyin edilmiş keyfiyyət standartlarına cavab verməli idi. Dərmanların satış qiymətinin artmasını məhdudlaşdırmaq üçün aptekar taksası (rəsmi qiymət sənədi) təyin edilmişdir. Aptekin idarəçiliyi isə yalnız xüsusi təhsil almış şəxsə həvalə olunurdu.

Azərbaycanda ilk aptek isə Neftçalada- 1850-ci ildə Salyan qəzasının Bankə balıq vətəgəsində açılıb. Burda Tatarməhlədə "Bojıy promısel" ("Allah mədəni") deyilən yerdə balığın bol olduğu yer olub. Burda rus fəhlələri, dünyanın hər yerindən gəlmiş fəhlələr işləyirmişlər, balıq tuturmuşlar. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün Çar Rusiyası məcbur olub ki, həm orda ilk xəstəxana tikdirsin, həm də ilk aptek açsın.


Etiketlər:  İlk apteklər necə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ