Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bəzi aparıcılar özlərini efirdə elə aparırlar ki, elə bil bazarda kartof satanlardır...” - FOTO

“Bəzi aparıcılar özlərini efirdə elə aparırlar ki, elə bil bazarda kartof satanlardır...” - FOTO

Tarix: 16 Dekabr 2022 19:40

"Mən heç vaxt deməmişəm ki, sənətimi buraxıb, bizneslə məşğul olacağam. Əvvəla mən yox, həyat yoldaşım bizneslə məşğuldur. Sadəcə sənətdə bir az fasilə vermişdim. Daha sonra xəstəliklər araya girdi, bir az da bizi bu həvəsdən saldı. Xeyir işlərə. Toylara ara-sıra gedirdim, sadəcə efirlərə çıxmırdım. Sosial şəbəkələr bu gün efirləri üstələyib. Ona görə də efirə çox az insan baxır. 20 faiz insan ya baxar, ya da baxmaz. Şəxsən mən özüm qonaq olduğum verilişləri heç vaxt izləmirəm"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında uzun müddətdir mətbuatdan uzaq düşən əməkdar artist, tanınmış müğənni Bəsti Bəkirova deyib. O daha sonra əlavə edib.

"Müğənni hər gün efirə çıxmaz. Bu mənim şəxsi fikrimdir. İnsanları intizarda qoymaq lazımdır. Belə olan halda insanlar sənə daha çox maraq göstərəcək. Mən də tez-tez efirlərə çıxsam baxmayacaqlar. Ürəyim istəyən verilişlərə həvəsim olanda gedirəm. Bizim vaxtımızda mahnıda vurğunu düzgün vurmayanda bədii şura sənə o mahnını oxumağı icazə verməzdi. Mənim oxuduğum mahnılar həm şairlər, həm də bəstəkarlar tərəfindən bədii şurada bəyənilib. Artıq elə bir zamana gəlib çıxmışıq ki, bir nəfər bərbad mahnı oxuyur, hamı da onun arxasınca gedir. Gedən müğənnilər də bilmir ki, nəyə görə gedir?! Məsələn, bir toya gedirsən, yaxın adamın toyudur. Oturduğun yerdə oradakı müğənni bir bayağı mahnı oxuyur. Sən də qonaq getmisən. Toy yiyəsi həmin mahnı ilə oynaya-oynaya gəlib sənin qabağında dayanır. Sən də hörmət naminə əl qaldırıb oynayırsan. Onu  götürüb o dəqiqə saytlarda yazırlar ki, filankəs oxuyanda sən oynayırdın axı?! Mən orada dayanıb deməliyəm ki, bu bayağı oxuyandır? Kimə nəyi sübut etməliyəm ki?! 35-40 il bundan əvvəl mənə elə bəstəkarlar mahnı göstərirdilər ki, bəlkə də 10 mahnılarından 1-ni bəyənirdim ya yox. Üzlərinə deyirdim ki, mən bu mahnını bəyənmirəm. Mənə layiq olan bir mahnı yaz. Əvvəl sözə, şeiriyyata fikir verirdilər. İndi onları axtarmaq lazım deyil, zaman və zövqlər dəyişib. Əlbəttə ki, onların arxasınca gələn nəsil də elə gedəcək" deyə sənətçi bildirib.
Bəsti Bəkirova bayağı mahnıları təbliğ edən televiziyaları da günahlandırıb.
 
"Bayağı musiqilərin, mahnıların efirlərə yol açmasının əsl səbəbi televiziyalarda olan özbaşnalıq, nəzarətsizlikdir. Onlar bilməlidirlər ki, efirə hansı müğənnini çağırırlar. Siz elə bilirsiniz ki, aparıcıların hamısının səviyyəsi var? Bəzi aparıcılar özlərini efirdə elə aparırlar ki, elə bil bazarda kartof satırlar! Aparıcıların bəziləri elə o bayağı müğənnilərdən də betər bayağıdırlar. Onların düz-əməlli diksiyaları yoxdur. Aparıcının aparıcılıq mədəniyyəti olmalıdır. Ümumiyyətlə ləhcə ilə efirdə danışmaq qəti qadağan olunmalıdır. Ədəbi-bədii dilimiz var, düzgün danışmaq lazımdır. Əslində elə aparıcılarımıza uyğun bayağı müğənnilərimizin sayı çoxalıb. Belə aparıcılar olanda bu cür də müğənnilər olacaq. Məni bir veriliş dəvət etmişdilər, mənimlə paralel də iki tanınmayan müğənni həmin verilişdə qonaq idi. Veriliş başlayandan həmin aparıcı müğənninin corabından, lazımsız mövzulardan danışdı. Mən orada öldüm qara yerə girdim. Efirdən çıxmamış ailəm və dostlarım zəng edib mənə dedi ki, o verilişdə sizin nə işiniz var idi?! Mən hər zaman özümü öz səviyyəmdə olan insanların yanında rahat hiss edirəm. Amma bilirəm ki, ora mənim yerim deyildi. Bu cür hadisələrlə rastlaşanda istər-istəməz məndə efirlərə qarşı ikrah hissi oyanır. Kriteriyalar var, çərçivələr var. Bu bilirsiniz nəyə oxşayır? Elə bil ki, Zeynəb Xanımı, Flora xanımı çağırıb, uşağı yanında otuzdurub onun ayaqqabısından danışırsan! Bu hansı məntiqə uyğundur?! Bu müğənnilərin hamısı efirlərə pulla gəlirlər. Bir kisə pulu buraxırlar dövriyyəyə, onları yedizdirirlər" deyə o bildirib.

Milli.Az


Etiketlər:  Bəzi aparıcılar özlərini efirdə elə aparırlar ki elə bil bazarda kartof satanlardır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ