Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistana yeni missiya göndərmək qərarı Aİ-yə olan etimadı sarsıdır - Sevil Mikayılova

Ermənistana yeni missiya göndərmək qərarı Aİ-yə olan etimadı sarsıdır - Sevil Mikayılova

Tarix: 21 Dekabr 2022 17:24

Avropa İttifaqının (Aİ) Ermənistana yeni missiya göndərmək qərarı Aİ-yə olan etimadı sarsıdır. Yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək əvvəl əldə olunmuş razılaşmaya ziddir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Praqa razılaşmasına əsasən, Aİ vəziyyətin qiymətləndirilməsi üçün regiona qısamüddətli missiya göndərməli idi. Həmin vaxt Fransa bu qərardan istifadə edib regiona yerləşməyə çalışdı, Azərbaycan isə bununla razılaşmadı. Ermənistan isə qərarı qəbul etdi. Həmin qrup Ermənistanda sərhəd missiyası kimi fəaliyyət göstərdi və dekabrın 19-da fəaliyyətini başa vurdu. İndi isə yeni missiyanın yaradılması qərara alınıb. Əlbəttə, bu, Fransanın və Avropada digər ermənipərəst qüvvələrin növbəti sövdələşməsidir.

Missiyanın əlavə mandatlarına diqqət çəkən S.Mikayılova qeyd edib ki, yeni missiyanın yeni funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Bu isə özlüyündə bir çox məqamları ortaya çıxarır. Bu günədək hərbi və təhlükəsizlik məsələlərində Rusiya ilə bağlı olan Ermənistan artıq Aİ-nin çətiri altına keçmək istədiyini açıq şəkildə nümayiş etdirir və Fransanı regiona gətirməyə çalışır. Hətta Aİ-yə daxil olan bəzi ölkələr də yeni missiyanın yaradılmasına etiraz ediblər. Çünki həmin ölkələr də, əslində, Fransanın məqsədinin sülhə töhfə vermək yox, regionda öz maraqlarını təmin etmək olduğunu anlayırlar.

"Fransanın bölgəyə ayaq açması regionumuz üçün heç də uğurlu gələcək vəd etmir. İndiyədək Fransanın olduğu heç bir region problemlərdən qurtulmayıb, əksinə, qarşıdurmalar artıb, ölkələr viran qalıb, milyonlarla insanın həyatına son qoyan soyqırımları həyata keçirilib", - deyən deputat vurğulayıb ki, baş verən proseslər Ermənistanı növbəti fəlakətə sürükləyir. Müxtəlif güclərin hədəfinə çevrilmiş Ermənistan əgər əvvəlcə İranla Rusiya arasında qalmışdı, indi də Fransanın "maraq dairəsi"nə daxil olub.

Milli.Az


Etiketlər:  Ermənistana yeni missiya göndərmək qərarı olan etimadı sarsıdır Sevil Mikayılova


RƏYLƏR