Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 11:26
2022-ci il Rusiya-Ukrayna/Qərb xətti və Ermənistan-Azərbaycan xətti üzrə fərqli miqyaslarda ciddi qarşıdurmalarla yadda qaldı. Proseslər arasında dolayı əlaqə inkar edilməsə də, birbaşa əlaqə aydınlıq tələb edir.
Fərrux əməliyyatı
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb ölkələri Rusiyaya qarşı ciddi iqtisadi-siyasi sanksiyalar qəbul etdi. Rusiya SWIFT-dən çıxarıldı, $300 mlrd. dəyərində valyuta ehtiyatları donduruldu, Rusiyaya hi-tech məhsulların ixracı qadağan edildi. Paralel olaraq Rusiya-Qərb qarşıdurması dünya bazarlarında enerji resurslarının qiymətini kəskin qaldırdı. Martda Brent markalı neft $140-a, qaz isə tarixi göstərici sayılan $3900-a satılırdı. Gerçəklik proqnozlardan daha sarsıdıcı oldu. Hamının başı öz problemlərinə qarışdığı vaxtda Azərbaycan "mövqelərin dəqiqləşdirilməsi" çərçivəsində Ağdam istiqamətində yerləşən Fərrux dağı və Fərrux kəndini nəzarətə götürdü.
Qisas əməliyyatı
Sonxeber.net Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, martda ABŞ Ukraynaya $13,6 mlrd. yardım ayırdı. Apreldə Bayden Ukraynaya $33 mlrd yardımın ayrılması üçün Konqresə müraciət etdi, mayda isə Lend-Lizi imzaladı. Həmin dönəmdə Rusiya "Şimal axını-2" vasitəsilə Avropaya qaz axınını kəskin sürətdə azaltdı, enerji resurslarının yalnız rublla satacağını bəyan etdi və bir neçə dəfə Qazaxıstan neftinin Aİ-yə axınına süni maneələr yaratdı. 20 may tarixində ABŞ prezidenti Azərbaycan prezidentinə göndərdiyi məktubda ölkəmizin "Avropa və dünya bazarlarının (enerji) təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol" oynadığını bildirdi və "Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyini" bəyan etdi. İyulun 18-də "Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı. Bundan sonra avqustda Bakı erməni silahlı dəstələrinin Qırxqız yüksəkliyini ələ keçirmək cəhdinə cavab olaraq "Qisas əməliyyatı" həyata keçirərək, Qırxqız, Sarıbaba və bir sıra digər vacib yüksəklikləri nəzarətə götürdü.
Xarkovun azad olması və Qətiyyətli cavab əməliyyatı
Sentyabrın 11-də Ukrayna SQ-nin komandanı V.Zalujnı 3000 km2 ərazinin, iki gün sonra isə müdafiə naziri müavini A.Malyar Xarkov vilayətinin böyük hissəsinin azad edildiyini bildirdi. Həmin günlərdə Ermənistanın sərhəddəki təxribatına cavab olaraq Azərbaycan "Qətiyyətli cavab" əməliyyatı keçirərək, Ermənistanla şərti sərhəddə bir sıra vacib strateji yüksəkliklərə yiyələnib, əsas yollara nəzarət etmə imkanı əldə etdi.
Xersonun azad olunması - Laçında ekoaksiya
9 noyabrda Şoyqu rus ordusuna Xersondan geri çəkilməyə başlamaq əmrinin verildiyini bəyan etdi. İki gün sonra Ukrayna hərbçilərinin Xersona daxil olması barədə məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi təsdiqlədi. Hadisədən bir ay sonra Qarabağda təbii sərvətlərin talan edilməsinə etiraz olaraq Azərbaycan ekoaktivistləri Laçın-Şuşa yolunda etiraz aksiyasına başladılar.
Perspektivlər
Ukraynaya ayrılan son hərbi yardıma ABŞ istehsallı Patriot raketləri, Fransa istehsallı AMX-10RC zirehli döyüş maşınları və Almaniya istehsallı Leopard tankları daxildir. Ukraynanın müdafiə naziri O.Reznikova görə, hazırda Rusiya yüksək dəqiqlikli strateji raketlərin 19%-nə, İran pilotsuz təyyarələrinin 12%-nə və taktiki raketlərin təxminən 78%-nə malikdir. Ukraynanın məlumatına görə Rusiya Mariuopol ticarət limanını hərbi limana çevirməyə və yanvarda 500 minlik yeni səfərbərlik həyata keçirməyə hazırlaşır. Görünən odur ki, yaz-yay ayları Rusiya-Ukrayna/Qərb qarşıdurmasının ən kəskin dövrü olacaqdır. 2022-ci ilin təcrübələri göstərir ki, Rusiya-Ukrayna cəbhəsində fəallaşma rəsmi Bakının Ermənistanla və Qarabağda erməni separatçılarla bağlı məsələlərin həllində hərbi-siyasi vasitələrdən istifadə etmə imkanlarını artırır. 2023-cü ilin yaz-yay aylarında növbəti fəallaşma və Azərbaycanın Ermənistanı sülhə məcbur edəcəyi yüksək ehtimal və zərurət aralığında qərarlaşır.