Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 21:12
"Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert separatçı Vardanyanın Azərbaycan ərazilərindəki təxribatçı fəaliyyətlərinə diqqət çəkib:
"Əslində Ruben Vardanyan biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün üç yoldan ikisini səsləndirir və bu, Azərbaycanın mövqeyini əks etdirir: "Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, tabe olmaq istəmirlərsə, Qarabağı tərk etməlidirlər".
Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir. Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və buna dəstək verən digər ermənilərə ağır zərbə olacaq.
"Əgər Rusiya ilə sıx bağlılığı olan Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq" - bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək.
Vardanyan bölgəni bu il tərk etməsə belə, bunu üç il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək".