Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Xalqın sözünü deməyimizdən xoşlanmayan məmurlar var” - Məşhur aktyorla maraqlı söhbət - FOTO

“Xalqın sözünü deməyimizdən xoşlanmayan məmurlar var” - Məşhur aktyorla maraqlı söhbət - FOTO

Tarix: 22 Fevral 2023 20:42

Həmsöhbətimiz son günlər oynadığı rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanmış kinoaktyor, prodüser, ssenarist Azər Aydəmirdir. O, 40-dan  çox filmə çəkilsə də, "Lüger",  "Faberjye", "İblis", "Viktoriya", "Əlvida Şmidt!" filmləri, "Əqrəb mövsümü" serialı ilə daha çox rəğbət qazandı.

Milli.Az lent.az-a istinadən tanınmış aktyorla maraqlı müsahibəni  təqdim edir.

- Azər bəy, bu günlər kimi dindirirsən, sizin ssenari müəllifi olduğunuz və çəkildiyiniz "Viktoriya" qısametrajlı filmi barədə danışır. Çox maraqlı süjet xətti var. Aktyor oyununa da söz ola bilməz. Amma ssenarinin plagiat olmasına dair iddialar gəzir.

- Onu 12 il əvvəl yazmışdım, orijinal ssenaridir. Deyilənlər tamamilə cəfəngiyatdır. Kimsə ərinmədən götürüb hansısa filmdən qumar masasını çəkib, onun üzərinə başqa bir filmin səsini yazıb. Əminliklə deyirəm, ideya da, süjet xətti də mənimdir. Birincisi, ideya oğurluğu mənə yaraşmaz, ikincisi internet dövrüdür, kim nəyi istəsə, dərhal öyrənib tapa bilər. Gedib baxsınlar, ədəbiyyatı ələk-vələk eləsinlər. 

- Filmdə qumarbaz obrazınızı o qədər real oynamısınız ki, sanki kimisə qumar masasında günlərlə müşahidə eləmisiniz. Bütün rollarınız çox fərqli, rəngarəngdir. Haradan yığırsınız personajlarınızın "rənglərini"?

- Uşaqlıqdan çox müşahidəçiyəm. Aktyor, rejissor olmaq istəyən şəxs ətrafındakı hər kəsin mimika və jestlərinə diqqət etməlidir. Hətta, həyətlərindəki "alkaş"ı, narkomanı, arvadını döyən zalım əri, "bomj"u və s. Gərək başını hər yerə soxasan. Bax, bayaqdan sizin fotoqrafınız bizi çəkir. Mən danışa - danışa onu müşahidə edirəm ki, bir xəbər agentliyinin fotoqrafı necə işləməlidir. "Lüger" çəkilərkən özüm dükandarı oynamaq istədim. Əlixan Rəcəbov mənə polis rolunu vermək istəyirdi. Dedim "polis oynamaqdan yorulmuşam". Hikmət Rəhimli ilə çoxdan işləmək istəyirdi, ona təklif etdi rolu.  Beləcə maraqlı bir iş alındı.

- Oynadığınız rollarda gah qorxaq, yaltaq bərbər, gah səbirli, tükənmiş alman, gah söyüşkən otel adamı, gah vəhşi qumarbaz... Bu qalereyadakı rolları saymaqla bitməz. Obrazlardan hansı sizə daha çox bənzəyir? 

- Heç biri. İndi qarşınızda gördüyünüz adam mənəm. Korporativ, səhər doqquzdan axşam altıyacan ofisdə işini görən bir tipəm. Yaradıcı insanam, amma heç istəmirəm ki, məni yalnız yaradıcı insan kimi tanısınlar. Hərdən bu çox xətrimə dəyir. Məsələn, bir məclisdə otururuq, kimsə evini təmir etdirəcək, ondan - bundan soruşurlar, mənə çatanda deyirlər "Azər yaradıcı adamdır, o bilməz". Əslində məni söymür, döymür, amma bununla çox pis xətrimə dəyir. Praktik adamam, yaradıcılıq ikinci plandadır. Mən də evimin kişisiyəm, mən də təmir etdirmişəm. Həll etdiyim yüzlərlə problem var. Mənimlə kişi kimi söhbət elə də. Yaradıcı adam nə deməkdir? Ona görə, yaradıcı adam tipajında olmaq istəmirəm. Ay sırğa taxım, saçımı uzadım, istəmirəm küçədə baxıb desinlər ki, hə bu yaradıcı adamdır. Görünüşümüzdən çox şey tökülür, haqqımızda danışır.

- Bu yaradıcı adam tipajları çox zaman cəmiyyətimizin alışmadığı, qəbul etmədiyi tiplərdir...

- Həm də qeyri-ciddi yanaşdığı. Mən yaxşı bilirəm ki, hansısa yaradıcı insan sosial və siyasi məsələləri həll edə bilər. Amma cəmiyyət çox zaman yaradıcı insanlara bambılı kimi baxır. Orta sahibkarlar var, hansı ki, ölkə kişilərinin çoxluğunu təşkil edirlər. 40 - 45 yaşında qarnı qabağa çıxmış, qara kepqalı kişilər. Elə bilirlər, dükan işlətməklə, maklerliklə, alverçiliklə, qısası pul qazanmaqla dünyanın ən ciddi işi ilə bir tək onlar məşğuldurlar. Ciddi - ciddi öz məsələlərini müzakirə edib, aktyora da yazıq, şikəst, bədbəxt bir adam kimi baxır, bax bu məni əsəbiləşdirir. Yeri gəlsə, mən səndən də çox qazanıram. Bu stereotip 1990-cı illərdə yarandı. Bir çox məşhurlarımız xalq artistlərimiz çıxıb efirlərdə "ağlaşma qurdular". Bu sahədə vəziyyətin pis olduğunu dilə gətirdilər, həqiqətən də pis idi, heç indi də tam düzəlməyib. Amma görünür o qədər giley - güzar elədilər, bütün hamımızın həyatına sirayət elədi.

-  Ciddi iş nədir sizcə?

-  Ailəni, özünü, pozitivliyini, gülüşünü təmin edə bilirsənsə, bu ciddi işdir. Problem hamıda var. Nazirdə də, dükançıda da. Kimin dərdi yoxdur ki? Sahələrə ayırmaq, bizim sahəni bambılı kimi göstərmək utancvericidir. Hətta, qız istəməyə gedəndə də sənət adamına bir qədər fərqli baxış var. Baxmırlar ki, pul qazanır ya yox, işinə barmaqarası baxırlar.

- Bunu bilə - bilə aktyor olmağa qorxmadınız? İqtisad Universitetinə daxil olmuşdunuz. Başqa sənət sahələrində də özünüzü sınamışdınız.  

- Hərənin öz yanaşması var. Otelçilikdən restorançılığa, jurnalistikadan piar marketinqə, lizinq sahəsinə qədər hər sahədə işləmişəm. Bilirəm ki, indi gördüyüm iş ciddi işdir. Gərək özünü elə təqdim edəsən ki, hər kəs öz yerini bilsin. İndi yavaş - yavaş münasibət dəyişir. 

- Seriallarımızı çox tənqid edirdik. Amma yaxşı iş olanda tamaşaçı dəyər verməyi də bacarır. Uzağa getmədən sizin də baş rollarında oynadığınız filmləri qeyd edə bilərəm. Tamaşaçı bəyəndi, müzakirə etdi. Ən azından laqeyd qalmadı.

-  Bu məni yaxşı mənada heyrətləndirdi. "Əqrəb mövsümündən" sonra başa düşdüm ki, biz özümüzə yalandan bəraət qazandırmışıq. Həmişə günahı tamaşaçının üstünə atırdıq ki, bizi anlamırlar və ya xarici seriallara, filmlərə qaçırlar. Yaxşı iş olanda tamaşaçı baxır. Mən sosial şəbəkələrdə gələn rəyləri oxuyub çatdıra bilmirəm. 12 ildir eşitdiyim bütün söhbətlər, bəhanələr uğursuz işin bəraətindən ibarət imiş. 

-  Aktyorluq dərsləri düzgün keçilmir? Aktyorlarımızın çoxunda quru, süni emosiya, pafos görüb qıcıqlanırıq.

-   Bir problem mütləq ki, var. Bilmirəm günah başa salandadır, yoxsa qavrayanda? Amma bir problem var. Əks halda gözəl aktyor, gözəl kino, gözəl tamaşalarımızın sayı az olmazdı, yüzlərlə olardı. Bilmirəm problem tədrisdədir, yoxsa dərs alanda. Yaradıcı yanaşılsa tamaşaçını qıcıqlandıran, kinodan iyrəndirən işlər ortaya çıxmaz.

-  Xarici ulduzlardan kimlərin oyununu çox bəyənirsiniz?

-  Metyu Mak Konorhi, Tom Hardi və Leonardo Dikaprio çox realist oyunçuluq sərgiləyirlər.

-  "Əqrəb mövsümü" çəkilərkən telekanal hansısa məhdudiyyət, senzura tətbiq etdi?

-   Yox. Telekanal bizə senzura qoymadı. Əgər siz jurnalist olaraq onu sezmişsinizsə, bu mənim və rejissorun qoyduğu senzura idi, müəyyən qırmızı cizgilər var ki, biz onu özümüz keçmək istəmədik. 

-   Filmlərinizdə söyüşlərdən, jarqon ifadələrdən çox istifadə edirsiniz. Real həyatda necə? Və ya qəzəbinizi nəzarətə ala bilirsiniz?

- Yerində. Söyüş söyən adam deyiləm, amma olur da. Səbirli insanam, di gəl partlayanda özümü saxlaya bilmirəm. Çox maraqlıdır ki, birinə hirslənmişəmsə, ilk bir dəqiqəni ona bağırıram, sonra il ərzində nə qədər məni əsəbiləşdirən adam olubsa, onları da qatıram işin içinə, tökürəm onun üstünə.

-  Qaçan öküzün acığını yatan öküzdən çıxmaq deyərlər buna.

-  Hə (qəhqəhə çəkir).

-  Sizi Əlixan Rəcəbovun layihələrində daha çox görürük.

-  Əlixan tam bir kino adamıdır. Öz yaşından çox bilən, intellektual. Mən təəssüf edirəm ki, ondan dövlət səviyyəsində istifadə edilmir. Yaxşı büdcə ayrılsa, bir tammetrajlı film çəkər və əminəm ki, möhtəşəm, hamını mat qoya biləcək yaxşı bir film ortaya qoya bilər. Kreativ düşüncəli insandır.

-  İdeyalarınız, ssenariləriniz, filmə yanaşmanız uğurlu alınır. Rejissorluğa nə zaman başlayacaqsınız? Belə bir fikriniz olduğunu demişdiniz. 

- Səbirli insanam, amma rejissor olmaq üçün meqasəbir lazımdır. Ona hazır deyiləm. "O Kafe Storieslər" qısa filmim var, özümü yoxlamaq üçün çəkdim, internetə yerləşdirdim. Nə vaxtsa bunu da edəcəm yəqin ki. 

- Deyirlər çox bahalı aktyorsunuz və kaprizləriniz var.

- Çox kaprizli deyiləm. Həmyaşıdlarım var ki, məndən qat-qat kaprizlidirlər. Haqlı olaraq. Bahalılığa qalınca, prodüserlik bilgilərim olduğuna görə, mövcud bazarı yaxşı bilirəm. Mənim qonorarım bazardakı standart qiymət, standart qonorarlardan üstündür. Amma məndən də baha qonorar alanlar var. Onlar hətta heç aktyor da deyillər. 

-  Xarici görünüşünüzün də rolu oldu karyeranızda?

-  Məncə oldu. Sarışınlığıma görə. Məni bəzən Rəşad Səfərov və Cövdət Şükürovla səhv salırlar.

-   Qanınızda sanki həqiqətən alman qanı var? Görünüşünüz fərqlidir.

-  Qanımda malakan qanı var. Əslimiz Xızıdandır. Atam malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəm rus, anam dağlıdır, Əmbizlər kəndindən.

-  Oynadığınız bütün obrazların hamısında bir mübariz, davakar ruh var. Sanki hər an gələcək təhlükələrə hazırlıq olan, bunu şillə-yumruqla həll etməkdən çəkinməyən biri durur hər obrazınızın arxasında. Bu bir az da sizə bənzəyir. Tək böyümüş, yalnız yaşamış bir oğlanın, yəni sizin həyat hekayənizin davamı kimi görünür o obrazlar.

-  Eynən. Uşaqlığımdan bu yana qazanılan təcrübələrin nəticəsidir obrazlarım. Öncə onu deyim ki, uşaqlıq çətin keçsə də, yaxşı dostlarım oldu. Yaxşı və düzgün dost anlayışı ilə çox erkən tanış oldum və məni tək buraxmadılar. Aktyorluğa qədər çox işlər gördüm. Amma yollar məni bura dartdı. Görünür, hərəmizin bir missiyası var. Öz sahəm üzrə xidmət etmək istəyirəm və bunu edəcəm, ələkdən keçirib ən keyfiyyətli, ən istedadlı adamları bir araya yığmaq, ölkəmizin mədəniyyəti adına gözəl işlər ortaya qoymaq istəyirəm. Ölkəmizin mədəniyyət, incəsənət kitabını kimlərsə bağlayıb. Ziyalılarımızdan eşitmişəm ki, mədəniyyət xadimlərinin xalqın səsini çatdıran, sözünü deyən adam olmasından xoşlanmayan məmurlar var. Sanballı bir məqama gəlməyimiz üçün çalışacam. Mədəniyyət sahəsinin insanı ən vacib fiqura çevrilməlidir, bambılıya yox. Buna çalışacam.

-  Tək mümkündür? Gərək bunun üçün sizin hansısa vəzifəniz və ya titulunuz ola.

-  Tək demirəm. Hansısa uğurlu bir işi komandalarla görürük. Emil Quliyev, Əlisəttar Quliyev, Rasim Cəfər, Əlixan Rəcəbov, Baku Media Mərkəzi, Taleh Yüzbəyov . Onların hər birinin öz komandası var, toplasaq 500 nəfərdən çoxdur. Mən önə çıxsam, zirvədə tək qalmaq istəmərəm. Bu mənə sərf eləmir. Qazana bilməyəcəm. Qoy rəqabət mühiti yaransın ki, həm qonorarı çox tələb edə bilim, həm də keyfiyyət artsın. Biz indi qazanın dibində bir ovuc su kimiyik. Amma gərək o qazan dola, qaynaya, daşa ki, ixrac imkanımız yarana. Xaricə çıxa bilək. Aya 10-15 min manat qazanmaq üçün bizim sənətimizə tutaq ki, 5 Emil Quliyev, 5 Taleh Yüzbəyov lazımdır, 15 Azər Aydəmir. Sahəmizin ölkə adına inkişafından gedir söhbət. Ümid edirəm, məni düzgün anlayarlar.

- İnternet üzərindən yayımlanan filmlərdən qazanc əldə edə bilirsiniz?

-  Qısametrajlı filmlərin gəliri ilkin mərhələdə olur. Satmaq çətin məslədir. Tam metrajlı filmlərin telekanallara satışından gülməli rəqəmlər gəlir. Cüzidir. Bu gün Rəqsanəyə, Tərlan Novxanılıya Orta Asiyada internet üzərindən, müəyyən proqramlarla qulaq asırlarsa, havayı qulaq asırlar, kinoda qazanmaq yolları var. Hüquqi müstəvidə sata bilərəm, satmasam, öncə alışdıraram, sonra özləri gəlib bizi istəyərlər. Bu uzun söhbətdir, amma mümkündür.

-  Populyarlıq özü ilə bərabər ulduz xəstəliyi də gətirməyib?

-  Özümü populyar aktyor hesab etmirəm. Mənimlə yaşıd olan, sənətə eyni vaxtda gəldiyimiz bir çox aktyorlar var ki, onlar qədər məşhur deyiləm. Heç ilk onluğa da daxil deyiləm. Onlar bacarıblar, bacarana baş qurban. Bakıda tanınıram, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil. Azərbaycanın hər qarışına qurban olum. Dağlı nəslindənəm, ancaq Zəngilanda, Gəncədə qohumlarım var. Populyar aktyor ona deyərlər ki, ucqar bir kəndə gedər, hansı qapını döysə, onu tanıyalar. Məni tanımırlar. Populyar Manaf Ağayevdir. Manaf Ağayev məndən daha populyardır. Populyarların ilk onluğunda nə Əlixan, nə Hikmət, nə Rasim, nə mən, nə Taleh var. Biz populyar deyilik.

-  Populyar adamın xanımı olmaq asan deyil. Yəqin son dövrlər xanım pərəstişkarlarınızın da sayı artıb. Xanımızın bu  vəziyyətə münasibəti necədir?

-   Burda psixologiya və siyasət işə düşür. Yaradıcılıq küçədə hoppanıb-düşmək deyil, həm də balansdır. Hər qadın ərinin şöhrət qazanmasına dözə bilmir. Bunun dərin psixoloji tərəfləri var. Xanımım mənim uğurlarıma sevinir və pərəstişkarların olması onu incitmir. Xanımım o barədə əjdəhadır, şir ürəyi yemiş qadındır. O bilir mən kiməm, mən bilirəm o kimdir. Çətin günləri birlikdə aşmışıq. Bu uğuru 22 yaşımda qazansaydım, yəqin fərqli reaksiyam olardı, evdə tapılmazdım. Amma indi nə etdiyimi bilirəm. Nə baş verdiyinin də, həyat yoldaşımın məndən gözləntilərinin də fərqindəyəm. Ona görə evə də zamana ayırmağı bilirəm, övladıma da. İndi evə daha çox diqqət ayırıram.

-  Əlavə biznesiniz var?

-  Yoxdur, amma 5-6 sahəylə birdən məşğulam səs artistiyəm İTV-nin, "Azərsell"in səsiyəm, reklam bazarında fəaliyyətim var, bəzi şirkətlərin tanıtımı ilə məşğulam. 

-    Tamaşaçıları yeni filmlə nə zaman sevindirəcəksiniz?

-  Martın 2-də Emil Quliyevin "Pərdə arxası: Mən burda tək olmuşam" adlı bədii film ekranlara çıxacaq. Qalmaqallı süjet xətti var. Bu filmi hər kəs özünə uyğun qavrayacaq. Məncə, geniş müzakirələrə səbəb olacaq. 

Milli.Az


Etiketlər:  Xalqın sözünü deməyimizdən xoşlanmayan məmurlar var Məşhur aktyorla maraqlı söhbət FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ