Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər

31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər

Tarix: 29 Mart 2023 13:02

1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il keçir. Sözsüz ki, bu hadisədən zaman baxımından uzaqlaşdıqca ona yenidən nəzər yetirmək və müvafiq ibrət dərsləri almaq ehtiyacı yaranır. 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.

Bu hadisələrin əsas səbəbləri nə idi? Bakıda soyqırımının törədilməsinin başlıca səbəblərindən biri sözsüz ki, Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bu zaman azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Soyqırımının törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin, demək olar, 3 milyonu türk, müsəlman idi. Azərbaycan əhalisi silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, mövcud deyildi. Bunun da başlıca səbəbi çarizmin müsəlman olduqları üçün azərbaycanlıları hərbi xidmətə çağırmaması ilə bağlı idi.

Alacağımız ibrət dərsləri

Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi atlında qazanılan qələbə bu formulu bir daha təsdiq etdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları insanlarımızın kütləvi şəkildə qətlə yetirilməsi, faciə və soyqırımları ilə nəticələnib.
Beləliklə, xarici dövlətlərin siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan ötən əsrin əvvəllərində Azərbaycanda miqyas etibarilə daha böyük soyqırımları törədib. İşğalçı ölkə Azərbaycanın torpaqları hesabına sərhədlərini genişləndirməklə, başqa sözlə desək, torpaqlarımızı hissə-hissə mənimsəməklə "böyük Ermənistan" qurmaq arzusuna xalqımıza qarşı apardığı etnik təmizləmə, deportasiya və soyqırımları vasitəsilə nail olmaq istəyirdi.

Şükürlər olsun ki, 100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi Qələbəmiz dayandırdı. Tarix heç zaman unudulmur və erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Kamran Seyiov


Etiketlər:  Mart soyqırımı gerçəkləri çıxaracağımız dərslər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ