Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların iştirakı - ARAŞDIRMA

Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların iştirakı - ARAŞDIRMA

Tarix: 11 Aprel 2023 10:48

Uzun müddət davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlledici mərhələsi hesab edilən 2020-ci il Qarabağ müharibəsinin Azərbaycanın hərbi və siyasi qələbəsi ilə başa çatması münaqişənin tarixə keçməsi ilə nəticələndi.

Milli.Az APA-ya istinadən bildirir ki, lakin bəzi ölkələrin müxtəlif dairələri tərəfindən Cənubi Qafqaz regionunda məhz yeni geosiyasi reallıqları dəyişmək və ya rəsmi Bakıya qarşı təzyiq aləti saxlamaq məqsədi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlardan müxtəlif metodlarla istifadə edilməsinə cəhd edilir.

Hazırda post-münaqişə dövrünün mühüm mərhələsi hesab edilən (rəsmi Bakı ilə Qarabağda yaşayan yerli əhali arasında) dialoq mexanizminin genişləndirilməsi ilə erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının müzakirəsini, eləcə də, reinteqrasiya prosesini baltalamaq məqsədi daşıyan bəzi siyasi addımlar, eləcə də hərbi və terrorçuluq fəaliyyəti müşahidə edilir.

Bir neçə ay öncə Qarabağa gələrək separatçı ideyalar ilə sadə erməni vətəndaşları Azərbaycana qarşı mübarizəyə səsləyən Ruben Vardanyan tərəfindən yaradılan "Biz və dağlarımız" ("Мы - Наши Горы" / "We Are Our Mountains") adlı inkişaf agentliyi Ermənistan dövləti və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində Qarabağda "humanitar fəaliyyət" adı altında bir sıra layihələr icra etməkdədir. Agentliyin rəsmi saytında geniş ictimaiyyətlə bölüşülən və icra edilən layihələr içərisində "Davit Bek Gənclər Çempionatı" ("Davit Bek" Youth Championship / Юношеский Чемпионат "Давид-Бек") adlısistemli hərbi təlim və hazırlığı özündə ehtiva edən yarışın keçirilməsi üçün ianə toplanmaqdadır. Gənclər arasında keçirilən idman yarışı olaraq adlandırılan bu tədbir Xankəndi şəhərində fəaliyyət göstərən məktəblərin 16-18 yaş aralığında olan oğlan və qızları arasında keçirilməsi planlaşdırılır. Verilən informasiyaya əsasən, cari ilin yanvar-may ayları ərzində keçiriləcək yarışın ümumi büdcəsinin təxminən 212 min ABŞ dolları həcmində olduğu qeyd olunur. Tədbirin keçirilməsində məqsədin gənclər arasında hərbi mövzuların təbliğ edilməsi, gənclərin döyüş əməliyyatlarına hazırlığının təmin edilməsi və təcrübəli döyüş hissələrinin formalaşdırılması olduğu qeyd edilir.

Azərbaycan Respublikasının beynəlxalq hüquq və normalar çərçivəsində suveren ərazisi olaraq qəbul edilən Qarabağ ərazilərində hərbi idman növü adı altında yerli gənclərin separatçı və terrorist fəaliyyətlər üçün hazırlanması qəbuledilməzdir. "Biz və dağlarımız" (Мы - наши горы / We Are Our Mountains) inkişaf agentliyi tərəfindən həyata keçirilən və Qarabağdakı separatçı rəhbərlik və ona məxsus qanunsuz hərbi qruplaşmalar tərəfindən təchizat, o cümlədən hərbi personalla dəstəklənən layihəyə agentliyin saytında ianə yığılması davam etdirilir.

İanələrin edilməsi bank köçürmələri və kredit kartı ilə mümkündür və bu proses zamanı əsas hesab Ermənistan mənşəli AMERIABANK-a məxsus olsa da, dollarla ediləcək köçürmələr (USD) üzrə müxbir bankın (correspondent bank) CITIBANK NA, NEW YORK, avro (EUR) üzrə RAIFFEISEN BANK INTERNATIONAL AG, VIENNA, rubl (RUB) üzrə isə RAIFFEISEN BANK, MOSCOW olduğu məlum olur.


Bundan başqa, Ermənistanda muzdlu döyüşçülərin yetişdirilməsi məqsədi ilə 2014-cü ildə peşəkar erməni hərbçiləri, o cümlədən veteranları tərəfindən yaradılan VoMA hərbi qruplaşmasının fəaliyyətini də qeyd etmək lazımdır. Qruplaşmanın rəsmi saytında qeyd edilən məlumatlara əsasən, sadə vətəndaşların və müxtəlif ölkələrdə yaşayan diaspor ermənilərinin Ermənistanın müxtəlif regionlarında, o cümlədən Qarabağ ərazisində yerləşən hərbi düşərgələrdə təlimlərə cəlb edildiyi məlum olur.

VoMA hərbi qruplaşması fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə təşkilatın büdcəsinə müxtəlif ödəmə sistemləri vasitəsi ilə ianələr qəbul etməkdədir. Çox təəssüflə qeyd etmək lazımdır ki, təşkilatın rəsmi saytında verilən məlumatlara əsasən yuxarıda adıçəkilən hər iki bankın VoMA-nın da maliyyələşmə prosesində rol oynadığını məlum olur. Belə ki, təşkilata dollarla (USD) ediləcək ianələr üzrə vasitəçi bank CITIBANK NA, NEW YORK, avro (EUR) üzrə RAIFFEISEN ZENTRALBANK OESTERREICH, AG rubl (RUB) üzrə isə PAO SBERBANK MOSKVA-dır. Maliyyələşmə prosesində hər iki qərb mənşəli bankla yanaşı bu dəfə qonşu Rusiya Federasiyasının ən önəmli bankı hesab edilən SBERBANK-da iştirak edir.


VoMA hərbi qruplaşması tərəfindən xüsusi hərbi təlimlər almış erməni muzdlularının yalnız Ermənistanın dövlət sərhədləri daxilində deyil, həm də Qarabağ ərazilərində qanunsuz hərbi fəaliyyətləri haqda açıq mənbələrdə kifayət qədər məlumat var. Müharibədən öncə müxtəlif dövrlərdə erməni gənclərinin, hətta məktəbli şagirdlərin Kəlbəcər və digər işğal altında olan ərazilərə hərbi təlimlər məqsədi ilə gətirilməsi təşkilat tərəfindən geniş ictimaiyyətə işıqlandırılıb.

 

II Qarabağ müharibəsi dövründə təşkilat Azərbaycana qarşı aktiv hərbi əməliyyatlarda iştirak edib və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən silahlı birləşməyə qarşı cinayət işi başlanıb. Açılan cinayət işi əsasında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçilməsi, həmin silahlı birləşmə tərkibində vaxtı ilə işğal olunmuş ərazilərdə terrorçuluq əməlləri törədilməsi, həmçinin, Ermənistan ərazisindən gələrək "Dağlıq Qarabağ Respublikası" adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı hərbi fəaliyyət müəyyən edilmişdir. Hazırda Azərbaycan-Ermənistan şərti dövlət sərhədlərinə yaxın ərazilərlə yanaşı, Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində də təşkilatının filialı fəaliyyət göstərir. VoMA-nın rəsmi saytına yerləşdirilən 2021-ci ilə dair təşkilatın maliyyə hesabatına əsasən, əldə edilən gəlirlərin bir qismi Qarabağdakı separatçı ünsürlər üçün xüsusi avadanlıqların alınması adı altında xərclənib. Hesabat ilində təşkilat tərəfindən həcminə görə ikinci ən çox maliyyə vəsaitinin (təxminən 55 min ABŞ dolları) Qarabağa aid edilməsi VoMA-nın Azərbaycan ərazilərində qanunsuz fəaliyyətinin davam etməkdə olduğunu bir daha göstərir.


Azərbaycanın suveren ərazilərində "Biz və dağlarımız" (Мы - наши горы / We Are Our Mountains) inkişaf agentliyi və VoMA hərbi qruplaşması tərəfindən həyata keçirilən qanunsuz hərbi təlimlər, muzdlu qüvvələrin yaradılması və onların hərbi təchizat ilə təmin edilməsi kimi separatçı fəaliyyətlərin maliyyələşdirilməsində CITIBANK NARAIFFEISEN BANK və SBERBANK kimiqlobal xarici bankların dolayı yolla iştirak etməsi beynəlxalq cinayətdir. Həmçinin adı çəkilən bankların bu fəaliyyəti beynəlxalq komplayns qaydalarının və korporativ iş etikasının pozulmasıdır. Azərbaycanın yurisdiksiyası altında olan Qarabağ ərazilərində hər hansı bank fəaliyyəti yalnız Azərbaycan Respublikasının Mərkəzi Bakı tərəfindən verilmiş lisenziya əsasında baş tuta bilər. Bu şərtə əməl etməyən istənilən bank əməliyyatı Azərbaycan qanunlarına zidd olmaqla yanaşı, beynəlxalq bank sisteminin prudensial qaydalarını əks etdirən Bazel Prinsiplərinin tələblərinə də pozmuş olur. Hazırda CITIBANK NARAIFFEISEN BANK və SBERBANK terrorçuluq fəaliyyəti açıq mənbələrlə sübuta yetirilən hər iki təşkilatın maliyyələşmə prosesində iştirak etməkdədir. Buna görə, Azərbaycan tərəfi adı çəkilən bankların və onlarla birgə fəaliyyət göstərən bütün şəxslərin Qarabağdakı əməliyyatlarını qanunsuz hesab edir və onların fəaliyyətinə yenidən baxmağı tələb edir.

Milli.Az


Etiketlər:  Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların iştirakı ARAŞDIRMA


RƏYLƏR