Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə iqtisadiyyatı son 20 ildə 3 dəfə böyüyüb - İqtisadçı

Türkiyə iqtisadiyyatı son 20 ildə 3 dəfə böyüyüb - İqtisadçı

Tarix: 16 Aprel 2023 09:08

"Bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib secimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək.

Təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarındadır. İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir".

Sonxeber.net-ın xəbərinə görə, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 

İqtisadçı qeyd edib ki, son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb:

"2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur.

Türkiyədə seçkininin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək".


Etiketlər:  Türkiyə iqtisadiyyatı ildə dəfə böyüyüb İqtisadçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ