Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2023 10:54
Qayanada internat məktəbində 19 uşağın ölümü ilə nəticələnən yanğını şagirdlərdən biri törədib, səbəbi telefonunun əlindən alınması olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə France Presse xəbər agentliyi Qayana hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Agentlik iddia edir ki, polisin rəsmi hesabatında qəsdən yandırılma qeyd olunub. Bildirilir ki, məktəb şagirdi mobil telefonu müsadirə edildiyi üçün bunu edib.
Adı açıqlanmayan məmurun sözlərinə görə, yeniyetmə qız artıq yanğın törətdiyini etiraf edib. O, hazırda xəstəxanada polisin mühafizəsi altındadır.
Bundan əvvəl bildirilib ki, Madiya şəhərində məktəbdə baş verən yanğını araşdıran yanğınsöndürənlər birmərtəbəli taxta binanın tamamilə yanması nəticəsində qəsdən yanğın törədildiyini elan ediblər.
Faciə ilə əlaqədar Qayana Prezidenti İrfaan Əli ölkədə üçgünlük milli matəm elan edib.
Ölənlərin şəxsiyyətini müəyyən etmək üçün DNT testinin aparıldığı bildirilir. Bununla əlaqədar olaraq, Qayana hökuməti artıq ölkənin beynəlxalq tərəfdaşlarından lazımi dəstək istəyib.