Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 10:33
Bakı. Trend:
Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Trend-ə Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb. Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.
Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb. SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır.
Nazir Pərviz Şahbazov eyni zamanda, iki ölkə arasında əməkdaşlıq üçün mümkün istiqamətlərdən biri kimi bərpa olunan enerji sahəsini qeyd edib: “Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni mərhələ başlanıb. Bu sahədə qanun və təşviqedici mexanizmlər hazırlanır. İndi əməkdaşlıq üçün münasib məqamdır və Braziliya şirkətlərini bərpa olunan enerji sahəsində iştiraka dəvət edirik”, deyə nazir əlavə edib.
Söhbət zamanı ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən digər istiqamətlər üzrə də imkanlar nəzərdən keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin