Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 09:21
Bakı. Trend:
Oktyabrın 30-da saat 14:27-də Daxili İşlər Nazirliyinin “102 Xidməti” zəng mərkəzi sistemindən Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu ərazisində - Samur-Abşeron kanalının yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə verilən məlumata görə, məlumata əsasən Agentliyin mobil əməliyyat qrupu və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə əraziyə giriş polis tərəfindən məhdudlaşdırılıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli 82 millimetrlik top mərmisi (O-881) aşkarlanıb. Həmin mərmi zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Cari il yanvarın 1-dən oktyabrın 30-dək 214 siqnal (əməliyyat çağırışı) əsasında Agentlik tərəfindən 185 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə 1903 ədəd partlamamış hərbi sursat (PHS), müxtəlif çaplı 28 min 716 patron, piyada əleyhinə 12, tank əleyhinə 25 mina, həmçinin tank əleyhinə təlim məqsədli 35 mina zərərsizləşdirilib. Bu dövrdə 163 min 250 kvadratmetr ərazi yerüstü və 13 min 127 kvadratmetr ərazi yeraltı yoxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin