Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2023 13:30
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Bu tarix təsadüfən seçilməyib. Bu gün heyvanların müdafiəsinə qalxan ilk şəxslərdən olan Mahatma Qandinin ad günüdür. Həmçinin, 1226-cı il oktyabrın 4-də iztirablara və təqiblərə məruz qalanlara qayğısı ilə tanınan, həm də heyvanların müdafiəçisi və himayəçisi sayılan Assizli Fransisk dünyasını dəyişib. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransiski heyvan və quşların əhatəsində təsvir ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu günün qeyd olunması haqqında qərar 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən təbiəti mühafizə hərəkatı tərəfdarlarının beynəlxalq konqresində qəbul edilib. İlk dəfə 1983-cü ildə fermalarda və sallaqxanalarda öldürülən milyonlarla heyvanın iztirabını insanların nəzərinə çatdırmaq üçün Ümumdünya Heyvanların Mühafizəsi Günü keçirilib.
Azərbaycan təbii şəraitinə və heyvan aləminə görə çox zəngin ölkədir. Təbiətimizdə 101 məməli, 365 quş, 52 sürünən, 10 suda-quruda yaşayan (amfibiyalar), 101 balıq, 25 minə qədər həşərat, 1 100-dən çox hörümçəkkimi, 181 ilbiz, 360 xərçəngkimi, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1 200 helmint (heyvan parazitləri), 1 500-dən artıq sərbəst yaşayan, parazit ibtidai (protozoa) heyvan növləri məlumdur.
Respublikamızda heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər həyata keçirilir. Nəsli kəsilməkdə olan heyvanların adı "Qırmızı kitab"a daxil edilib, onlar qoruqlar, yasaqlıqlar, milli parklarda mühafizə olunur, sayları artırılır.
Hazırda respublika ərazisində mövcud olan 206 heyvan növünün adı "Qırmızı kitab"a daxil edilib.