Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev oponentlərinin proqnozlarını belə puç elədi... - Aydın Quliyev yazır...

İlham Əliyev oponentlərinin proqnozlarını belə puç elədi... - Aydın Quliyev yazır...

Tarix: 23 Oktyabr 2023 16:00

Alt- üst etdiyi və ya doğrultuğu  proqnozların sayına görə dövlət başçılarının reytinqini tutmaq nominasiyası  olsaydı, çox kiçik bir siyahı alınardı...Bir neçə nəfər, bəlkə daha az sayda liderlərin adını bu siyahıda görərdik...lakin neçə adın- soyadın  olmasından asılı olmayaraq, siyahıda İlham Əliyevin adının mütləq olduğuna heç şübhə yoxdur...

Çox mürəkkəb geosiyasi, regional dövlətlərarası münasibətlər və daxili siyasi şəraitdə hakimiyyətə gəldi.Düz 20 il əvvəl onunla bağlı ilk proqnozlar ictimai- siyasi müzakirələrə ayaq açdı.Ölkə üçün nə edəcəyi və edə biləcəyi əsas mövzu idi.Hər kəs bundan danışırdı.
Siyasi tərəfdarlar başqa  proqnoz irəli sürürdülər, əleyhdarların proqnozları  isə  tam  fərqli idi.
İlham Əliyevin prezident olaraq alt- üst etdiyi ilk siyasi  proqnozun mahiyyəti nədən ibarət idi?.
İddia olunurdu ki, "heç  bir ay da hakimiyyətdə qala bilmiyəcək".İddiaların arxasında ciddi, inandırıcı və əsaslı təhlil və arqumentlər təqdim edilmirdi .Bunlarsız isə həmin iddialar  reallıqdan daha çox bu siyasi dairələrin emosiyalarına və siyasi barışmazlıq ovqatına söykənmiş durumda gprünürdü.İzahsız və arqumentsiz inkarçılığın  baş alıb getdiyi düşərgədə məntiq bu idi- " istənilən vaxt küçələrə tökülüb hay- küy sala  biliriksə  , bir neçə həftədən artıq hakimiyyətdə qalmasına imkan vermərik".Bunun üçün yetərli siyasi güclərinin  olub - olmaması onları o qədər də  düşündürmürdü." Güclüyük və qarşımızda heç kim dayana bilməz" ovqatı o qədər üstünlük götürmüşdü ki, cəmiyyətin kiçik bir hissəsi də onlara  açıq- aşkar qoşularaq avantürüstlərə çevrilmişdilər.Onlar sabah nə baş verəcəyini  məhz özlərinin  avantürist düşüncə və mühakimələri ilə müəyyən edirdilər.Hər şeyi öz " arşınları  ilə ölçməyə"  o qədər aludə olmuşdular ki,getdikcə reallıqla əlaqələrini itirirdilər ".İlham Əliyevin hansı gücə və imkanlara malik olması bu düşərgəni o qədər də düşündürmürdü.İlham Əliyevin öz düşərgəsi  isə  tam   başqa, həm də gələcəyə  bütöv və nikbin inamın içində idilər....
Durumun çox sadə bir izahı var idi.Siyasi müxaliflər İlham Əliyevin malik olduğu siyasi gücə və potensial imkanlara anındaca lazımı qiyməti verə bilmədilər.Əliyevin tərəfdarları isə öz liderinin gücünə sonadək inandılar.
Müxalifət İlham Əliyevi getdikcə güclənməkdə olan bir siyasi güc faktoru kimi  görə  bilmədi.Tərəfdarları isə  Əliyevi yaxşı tanıya və dəyərləndirə bildilər...
Tariximizin yeni mərhələsinin başlanğıcı olan bu anlarda həlledici amil İlham Əliyevin müxaliflərinin və ya tərəfdarlarının onun barəsində hansı düşüncələrdə olmasında deyildi.Həlledici amil İlham Əliyevin özünün şəxsiyyəti, şəxsi keyfiyyətləri oldu.. İradəsi, konkret həmin  şəraitə öz baxışı, siyasi  proqnozlaşdırma bacarığı ,cəsarətlə  üzərinə məsuliyyət götürmək qabiliyyəti  , şəxsi intellektual- psixoloji imkanlarına güvən, ölkənin iç və xarici problemlərinin mahiyyətinə dərin bələdçilik öz qəti sözünü dedi.Xarici işğalın ən ağır fəsadları ilə üz- üzə qalmış bir ölkənin problemlərini çiyinə almaq asan və hər liderin işi deyildi.İlk proqnozun alt- üst edildiyi yeni tarixi mərhələnin təzəcə başlandığı anlar idi.Bu təkcə cəsarət məsələsi deyildi..Şəraitin ağırlığını və problemlərin mahiyyətini olduğu kimi dərk edən liderin  cəsarəti idi..Çiyninə aldığı yükü hesablanmış mənzil başına sağ- salim çıxara biləcəyinə inanan liderdən başqa kimsənin   edə bilməyəcəyi cəsarət nümunəsi idi.İlham Əliyev o anlarda  hansı yola çıxdığını əla dərk edən liderin davranışını  nümayiş etdirdi .
Həmin günlərdə  İlham Əliyevinin siyasi- psixoloji aləmini və düşüncələrini bir anlığa onun yerində görməyə ,təhlil etməyə çalışın.Hazırkı günlərə qədər davam etdirilmiş çətin və uğurlu  proseslər   İlham Əliyevin nə düşündüyünün dəqiq mənzərəsini təsəvvür etməyə imkan verir .Prezident fərqində idi ki, uğursuzluqlar və ya alternativlər barədə düşünmək onun missiyası deyil .Onun missiyası  başlatdığı yeni yolda ölkənin daha güclü hala gətirilməsi, işğalçıların ölkədən qovulması kimi böyük hədəflərdən ibarət idi .Zatən onun hakimiyyətə gəlişini dəstəkləyən toplumun ondan umduğu və gözlədiyi də elə bu idi.Hansı missiya ilə hakimiyyətə gəldiyinin dəqiq dərk edilməsi İlham Əliyevin siyasi- psixoloji aləminin mərkəzində qərarlaşdı." Hər bir vətəndaşın prezidenti olacağam" bəyanatı ona səs verib- verməyən hər kəsi təkcə öz tərəfinə çəkmək üsulu deyildi.Həm də o idi ki, özünə möhkəm  dərəcədə güvənən yeni prezident hamını bir bayraq altında ümummilli siyasi birliyə aparmaq iddiasında və gücündədir . Onun tərəfdarlarını uğurlu  gələcəyə nəhayətsiz inam ovqatına kökləyən də bu oldu, opponentlərini  az sonra  eyforiyadan reallığa dönüşə vadar edən də bu oldu.Artıq ilk həftələrdən ən qatı skeptiklərin və müxaliflərin də baxışları dəyişməyə başladı ki, " O hakimiyyətə bir- iki həftəliyə gəlməyib"...
" Mən ona özüm qədər inanıram" deyən mərhum prezident Heydər Əliyev onu hamıdan qabaq kəşf etmişdi.Təkcə oğul övladı kimi yox, taleyin yarımçıq buraxdığı missiyanı uğurla başa çatdıracaq həm də siyasi varis kimi kəşf etmişdi....Hakimiyyətə gəldiyi anlarda İlham Əliyevin siyasi - psixoloji aləmi üçün bu amilin çox böyük rolu var idi- " Onun böyük uğurlara imza atacağına, missiyanı başa çatdıracağına onu yetişdirən  böyük Lider özü şəxsən təminat vermişdi" .Heydər Əliyev kimi şəxsiyyətlər heç də həmişə və hər şəxs barədə " ona özüm qədər inanıram " deməz.
Beləliklə, ilk proqnoz hamının gözü önündə alt- üst edildi.İlham Əliyev özünün sabit və dayanıqlı hakimiyyətini bərqərar edə bildi.Böyük missiyanın uğurla icra olunması üçün bu olduqca vacib idi. 

Çox paylaşılan proqnozlardan biri də İlham Əliyevin ölkədə milli - siyasi birliyi təmin edib- etməyəcəyi ilə bağlı idi .Müxalif çevrələrdə Elçibəyin milli  birlik ideyası fərdi düşüncələrə o qədər hakim kəsilmişdi ki, bu düşərgə İlham Əliyevin milli və siyasi birliyi təmin edə biləcəyini heç yaxına belə buraxmaq istəmirdi .Ancaq zamana ehtiyac var imiş...Zaman yetişəndə İlham Əliyevin milli - siyasi birliyin sarsılmaz  təminatçısı ola biləcəyini inkar edənlərin  özləri də sual  verməyə başladılar ki, " daha milli birlik necə olmalıdır ki?!" , " iqtidarlı- müxalifli 99 faiz siyasi partiyalar onun başlatdığı müharibəni , hərbi  əməliyyatları və diplomatiyanı qəbul etdisə, bu elə milli birlik deyilmi?!...İlham Əliyev ötən 20 illik dövrdə milli - siyasi birliyi təmin edərək  faktiki "  ÜMUMXALQ LİDERİNƏ" çevrilməklə öz barəsində müxaliflərinin daha bir proqnozunu çilik- çilik elədi.
Azərbaycanın əzəli və hətta əbədi problemi kimi baxılan Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin ortaya qoyacağı nəticələrə aid proqnozlar xüsusilə mürəkkəb idi .Qəlizlik onda idi ki,az qala bütün cəmiyyətimiz bu mürəkkəb problemin Azərbaycanın xeyrinə həll ediləcəyinə yetərincə  inanmırdı və olan inam da  getdikcə  tükənirdi .O da həqiqət idi ki,  bu proqnozun məzmun və mahiyyətinə münasibətdə Əliyevin tərəfdarları və müxalifləri  müəyyən qədər oxşar  ovqatlarda idilər .İlham Əliyevin Qarabağ məsələsinin həllində yetərincə uğur qazana biləcəyinə inam az idi.Bu amil onun fədakar tərəfdarlarını müəyyən qədər qorxudurdusa , əksinə, müxaliflər sevinirdilər və buna həm də özləri üçün hakimiyyətə qayıdışın  və revanşın  şansı kimi baxırdılar. Müxaliflərin özlərinəməxsus  məntiqləri də var idi.Deyirdilər ki, Əliyevin hakimiyyəti birmənalı Rusiyayönümlü olduğu və torpaqlarımızı  Rusiyanın özü işğal etdiyi üçün Qarabağ məsələsinin həlli Əliyevin dövründə  mümkün olmayacaq, cəmiyyət bizə sarı dönəcək .Bu məntiqin  sətirləri arasında müxalifətin iki böyük səhv buraxdığını  zaman özü sübut elədi .Məlum oldu ki, Əliyevin hakimiyyətinin birmənalı Rusiyayönümlü olması fikri qətiyyən həqiqət deyil , bütün qütblərə doğru açıq siyasət prioritetdir və Rusiyanın Qarabağ münaqişəsinin həllinə yanaşmalarının dəyişməyəcəyini İlham Əliyev yox, ancaq regional və qlobal geosiyasətə  yetərli bələdçiliyi olmayanlar düşünə bilər . Bu mərhələ İlham Əliyevin əsil siyasi liderlərə xas qətiyyət, özgüvən , təmkin və mənəvi- psixoloji möhkəmlik nümayiş etdirdiyi vaxtlar oldu . " Ərazilərimizin işğalda qalması ilə heç vaxt barışmayacağıq,lazım gəlsə güc yolu ilə məsələni həll edəcəyik və sair " kimi  bəyanatlar  müəyyən  mərhələdə bəzi  insanlar üçün adiləşməyə başlasa da, cəmiyyətin böyük Zəfərə inamının sonadək qırılmasına imkan vermədi.2016- cı ildə uzun hazırlıqların ilk ağır zərbəsi düşmənin başına yendiriləndə cəmiyyətin zəifləmiş ruhu cana gəlməyə başladı.Hamı  içindən  tərpəndi.Artıq şübhə yox idi ki, Əliyevin məlum bəyanatları " nədən başlayıb nədə bitirməyin " bütün detallarını özündə əks etdirən ölçülü- biçili planın tərkib hissəsi imiş.O " Nəyi nə vaxt etməyin mümkün olduğunu " həqiqətən  bilirmiş....Bu mərhələdə qurduğu və həyata keçirməkdə olduğu  planın son qələbəsinə inamını bir an  zəiflətməyən yeganə qüvvə də məhz onun özü oldu...
Əliyevin "Qarabağ yollarında " büdrəyəcəyinə inamın üstündə qurulan plan və xəyallar bir- bir puç olurdu..Bunlar puç olduqca,İlham Əliyevin əvəzedilməzliyi daha qüdrətli ictimai dayaqlara söykənir, onun legitim hakimiyyətinin ideoloji və xarizmatik əsasları daha da möhkəmlənirdi.
10 noyabr sənədinin imzalanmasından sonrakı üç ildə Laçın yolunda postun qurulması və  19 sentyabr Antiterroru qəti sübut etdi ki, İlham Əliyev hədəfləri məkan və zamana görə qüsursuz  şəkildə sıraya düzüb vurmağı bacaran liderdi.Xankəndiyə dövlət bayrağının taxılması həm Qarabağ münaqişəsinin qəti yekunu oldu, həm də  İlham Əliyevin " Qarabağda büdrəyəcəyi" barədə xəyalların tam iflasına çevrildi....
Proqnozlar bir - bir alt- üst edildikcə İlham Əliyevin siyasi- psixoloji və mənəvi lider portretinin yeni keyfiyyətləri  üzə çıxır.O, nəhayətsiz uğurların eyforiyasına qapılmır ,ictimai- siyasi proseslərə real baxışı itirmir, xalqdan uzaqlaşmır və ona daha da  yaxınlaşır ..
Cəmiyyət və millət naminə, onun gözləri qarşısında və onunla birlikdə formalaşan lider şəxsiyyətinin təntənəsi belə olur...İndi ölkədə  informasiya məkanının və ictimai rəy müstəvisinin ən dominant qüvvəsi odur- İlham Əliyev....
Prezidentin doğrultduğu proqnozlar isə onsuz da əlimizdədir, ümummilli nailiyyətlərimizə çevrilib və onları bizdən daha heç bir qüvvə ala bilməz...


Etiketlər:  İlham Əliyev oponentlərinin proqnozlarını belə puç elədi Aydın Quliyev yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ