Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 13:48
Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:
EUR.
EUR/USD məzənnəsi ticarətə noyabr ayına son iki ayın maksimum seviyyələrində başlayıb və yeni həftənin ilk sessiyasında da cari səviyyələrdə ticarət edilməkdədir. Buna səbəb Avropa Birliyi ilə İngiltərə arasında Breksit sazişinin razılaşdırılması və Amerika Mərkəzi Bankının (FED) açıqlamaları idi. Amerikada hökümətin tələb etdiyi kimi artıq faiz artımı deyil, faiz azaldılması gündəmdədir. Təhlillərə əsasən, avro 1.11$-ın üzərində qaldıqca, 1.12$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 17:30-da Amerikadan xarici ticarət dövriyyəsi və xidmət sektoru və çərşənbə günü saat 13:00-da Avrozonadan da xidmət sektoru ilə bağlı biznes aktivliyi indekslərinin açıqlanması da investorların diqqət mərkəzində olacaq.
GBP.
Breksit sazişinin razılaşdırılması GBP/USD məzənnəsi üzrə bahalaşma proqnozlarına da müsbət təsir etməkdədir. Böyük Britaniyada dekabrın 12-də keçiriləcək növbədən kənar parlament seçkisi öncəsi burada qeyri-müəyyənlik hökm sürsə də 1.32$-a kimi bahalaşma proqnozları aktuallığını qorumaqdadır.
Cümə axşamı saat 16:00-da İngiltərə Mərkəzi Bankının açıqlamaları da böyük maraqla gözlənilməkdədir.
TRY.
Dünya valyuta birjalarında dolların ucuzlaşması, özünü USD/TRY məzənnəsində də göstərməkdədir. Beləliklə, son üç ay ərzində 4% ucuzlaşan məzənnənin 5.64TL-yə kimi də ucuzlaşa biləcəyi ehtimal edilir.
Bazar ertəsi saat 11:00-da Türkiyədən açıqlanacaq inflyasiya dair önəmli fundamentl göstəricilərin də müsbət istiqamətdə inkişafı proqnozlaşdırılır.
OIL.
Cümə günü ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsi üzrə razılaşmanın imzalanacağına dair yayılan müsbət xəbərlər, özünü enerji birjalarında neft qiymətlərində də tapmaqdadır. Belə ki, Brent markalı neftin bir barel qiyməti 61$-a kimi dəyər qazanıb və bu, qiymətin 63$-a kimi də dəyər qazanacağı proqnozlarını gücləndirib.
Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti də FED-in faiz azaldılması qərarından sonra bahalaşıb və qlobal siyasi-iqtisadi risklər burada tələbin güclü qalmasına təsir edir. Bir unsiya üzrə qiymət 1518$-ı (48.8 $/qram) qırarsa, 1525$-a (49.0 $/qram) kimi də dəyər qazana bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin