Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 07:39
"Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda baha qiymətə peyvənd vurulmasıdır".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib. O deyib ki, insanların daha çox verdiyi sual elə bunu göstərir: "Valideynə maraqlıdır, niyə özəl klinikada bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burada keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq". O biri deyir "pulsuz olan nə keyfiyyətli ola bilər ki" və sairə.
Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Həmin uşaqlar da bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Umumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın. Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir".
Həkim əlavə edib ki, özəl klinikalarda peyvəndləmə ölkəmizdə insanlarda çaşqınlıq yaradır: "Əgər bu çaşqınlıq səbəbilə bir uşaq belə dünyasını dəyişirsə, ya onlarla uşaq riskli xəstəliklərə tutulursa, deməli bu məsələyə baxılmalıdır. Kim baxacaq? Səhiyyə qurumları. Əlbəttə, öz aralarında kim nəyə baxırsa o... Amma elə nəyə necə baxıldığını görürük. Poliklinika həkiminin yaxası qalıb vətəndaşın əlində.
Valideynlər var ki, uşağını poliklinikada qeydiyyata salmayıb. Elə özəl klinikada müayinələri və peyvəndləri etdirir. Mən yanıma gələn hər yeni doğulmuşun valideyninə deyirəm, iki aydan sonra peyvəndlərin başlayır, ondan da öncə poliklinikada qeydiyyata düşürsən. Peyvəndlərini də poliklinikada etməyi deyirəm. Soruşurlar ki, özəl ya dövlət, deyirəm, əlbəttə, poliklinika.
İndi bu fikrimdən sonra kəm baxışlar artacaq. Çünki özəl klinikada həkimlərə peyvənddən faiz qalır. Hələ klinikanın qazancını demirəm. Amma mənə heç kimin fikri maraqlı deyil. Mənə maraqlı olan uşaqların sağlamlığıdır. Təkcə varlı ailənin yox, eləcə də kasıb ailənin. Biz seçimi insanlara buraxsaq, çox məsələdə uduzarıq, qanunlarda dəyişiklik etmək lazımdır".