Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılcanın gizli dövrü 17 gün çəkə bilər- İnfeksionist

Qızılcanın gizli dövrü 17 gün çəkə bilər- İnfeksionist

Tarix: 16 Dekabr 2023 19:33

Xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq, iki doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir. Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən üçkomponentli QPM vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virusmənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova qızılcadan danışıb.

"Qızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən iki saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir.

Xəstəlik özünü büruzə verməmişdən öncə xəstə inkubasiya (gizli) dövrünü keçirir. Bu dövr 6-17 gün çəkə bilər.

Başlanğıcda xəstədə qripə oxşar əlamətlər, yəni halsızlıq, iştahasızlıq, uşaqlarda çəki itkisi, alt göz qapağının şişkinliyi, gözün selikli qişasının hiperemiyası, zökəm, bədən temperaturunun 37,2-37,5 dərəcəyə kimi yüksəlməsi müşahidə olunur. Məhz bu zaman qızılcaya xas spesifik əlamət olan yanağın selikli qişasında "koplik ləkələr" adlanan səpgilər görünür.

Tezliklə xəstənin hərarəti 39-40 dərəcəyə kimi yüksəlir, kəskin başağrıları, səsin kobudlaşması, işıqdan qorxma, quru öskürək başlayır. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burnun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur.

Xəstə insan onunla təmasda olanlar üçün kataral (qripə bənzər simptomlar olan) dövrün sonunda və səpgilərin göründüyü ilk günlər yoluxucudur. Bu, həmin dövrdə virusun qanda maksimal konsentrasiyası ilə əlaqəlidir.

Səpgilərin üçüncü günündən virusun miqdarı azalır. Yoluxuculuq qabiliyyəti azaldığı andan qanda anticisimlər əmələ gəlməyə başlayır, nəticədə xəstəlik keçirən insanlarda bütün həyatı boyu davam edəcək immunitet yaranır. Beləliklə də təkrar yoluxma halları cəmi 0,5-1% təşkil edə bilir.

Virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər. Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rastgəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.

Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomunu müşahidə etdiyiniz təqdirdə digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə 72 saat ərzində peyvənd və ya təmasın beşinci günündən gec olmayaraq insan immunoqlobulininin yeridilməsi məsləhət olunur."

Milli.Az


Etiketlər:  Qızılcanın gizli dövrü 17 gün çəkə bilər İnfeksionist


RƏYLƏR