Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 13:40
Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü ötən gün dünyasını dəyişib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənət adamları qarmon ifaçısı ilə bağlı paylaşım edərək, xatirələrini bölüşüblər.
Xalq artisti Brilliant Dadaşova mərhumun ifasını yayımlayaraq "Bu dünyanı əbədi zənn edənlər üçün... Heç kimə həsəd aparmağa dəyməz. Ətrafa kin, nifrət saçmağa dəyməz, bu dünya kimsəyə boyun əyməz. 1999-cu il... Qarmon ifaçısı Gülbaharın ən çox sevdiyi nəğmələrdən birini paylaşmaq gəldi qəlbimdən" sözlərini yazıb.
Xalq artisti Aygün Səmədzadə isə paylaşımına "Nə yazım....Musiqi aləmində də, çevrəmdə də çox sevdiklərimdən idi. Söhbətimiz tuturdu. Darıxanda danışmaq istədiklərimdən idi. Bakı toylarında rəqsdə də ən çox onun ifasını sevmişəm gəncliyimdən. Fərqli idi, istedad və təcrübədən formalaşan savadı var idi, buna görə də daha maraqlı idi həm ifası, həm də ifa tarixçələri haqda ağızdolusu söhbətləri. Yəqin ki,nə səsi-zarafatları, nə ifası qulağımdan gedər. Hər zaman xatirimdə duzlu-məzəli əhvalatlarıyla, gülər üzüylə, istiqanlılığıyla, pozitivliyi ilə qalacaq, gözəl sənətkarımız Gülbahar xanım. Allah rəhmət eləsin. Allah övladlarına səbr versin" sözlərini qeyd edib.
Aktrisa Məlahət Abbasova "Çox pis oldum. Bir dəfə restorana getmişdik. Gülbahar xanım da var idi. Nə qədər danışıb, gülmüşdük. Yoldaşından sonra çox üzülmüşdü. İndi govuşdu yoldaşına. Allah rəhmət eləsin" sözləri ilə qarmon ifaçısını yad edib.
Əməkdar artist Elza Seyidcahan "Sənətimizi, səhnəmizi bir ağ çicək də tərk etdi. Balalarına, əzizlərinə başsağlığı veririk. Məkanı cənnət olsun. Allah rəhmət eləsin" deyə, paylaşım edib.
Müğənni Nadir Qafarzadə "Heç nə yazmaq istəmirəm. Mənə söz vermişdin ki, hələ ölməyə hazırlaşmıram. Nə oldu? Çox heyf səndən. Bir tərəfdən də canın qurtardı. Yaman zillətdə idin, bunu mən və doğmaların yaxşı bilirdik" deyə, bildirib.
Qeyd edək ki, G.Çükürlü uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Musiqiçi bir neçə il əvvəl həyat yoldaşını itirmişdi.