Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əlimi tutdu, hiss etdim ki, bu, sondur, əlləri tər-su içində, həm də çox soyuq, həyat nişanəsi yox idi...”

Tarix: 7 Yanvar 2024 17:30

"Aygünün bu xəbəri, vallah, heç "ölüm xəbəri" də deyə bilmirəm, hamını sarsıdıb, amma məni lap çox yandırıb-yaxdı. Çünki onun ürəyində o qədər böyük arzuları var idi, gələcək planlarını qururdu. Hələ bizim yaradıcı qrupla bağlı deyirəm. Təbii ki, ondan kənarda da başqa arzuları olub. Aygün üçün dostum Kamalla (Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tutur-red) yeni mahnılar hazırlamışdıq. Həmin mahnıları oxuyacaqdı. İstəyirdi ki, Türkiyədə orkestri ilə onları hazırlasın, böyük konsert versin. Düzdür, təxminən, 10 gün qabaq Yeni il ərəfəsində Heydər Əliyev Sarayında konsert verdi, amma sonradan bildim ki, sən demə, bu, vida konserti imiş... Belə hiss etdim. Son ayrılığımız belə oldu. Ümid yaranmışdı, elə bilirdim ki, Aygün yenidən səhnəyə qayıtdı, çünki o, həmişə sənətdə də, həyatda da axına qarşı gedən insan idi. Çox iradəli, ədalətsevər, haqsevər bir xanım, sənətçi idi. Üç saata yaxın davam edən konsert oldu. Mənə hərdən o konsertdə elə gəlirdi ki, Aygün ölümə qalib gəldi, həyatın axınına qarşı yenə gedə biləcək. Nə qədər ki zalda onu dinləyirdim, bu inam məndə formalaşmışdı. Sonda, bəlkə, bu inamla da zalı tərk edəcəkdim, amma gördüm ki, Aygün səhnədən düşüb dostları, onu sevənlərlə görüşür. Həmişə qucaqlaşıb-öpüşürdük, biz ailəvi dost idik. Bu dəfə isə adam çox idi deyə, sadəcə, uzaqdan əlini uzadıb əlimi tutdu. Əlini tutanda hiss etdim ki, bu, sondur, konsert vida mərasimi, son görüşdür. Əlləri tər-su içində, həm də çox soyuq, həyat nişanəsi yox idi..."

Milli.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

O, Aygün Bəylərə Xalq artisti adı verilməməsindən də danışıb: "Vallah, mən heç vaxt fikirləşməmişəm ki, Aygün Bəylər Əməkdar artistdir, ya Xalq artisti. Bu barədə heç düşünmürəm, çünki mən özüm şan-şöhrət sevən adam deyiləm. Dostlarımın da çoxu bu cürdür. Bəlkə də, bu cür deyil, amma mən onları bu cür görürəm. Onlar başlarını aşağı salıb, heç şan-şöhrət haqqında düşünmədən öz işlərini görür, sənətə, mədəniyyətə, xalqa xidmət edirlər. Aygün yazığın nə yaşı var idi ki? Heç 50 yaşı yox idi, 48 yaşı var idi. Səməd Vurğun 50 yaşında olanda Xalq şairi oldu, əziz dostum Ramiz Rövşən 70-i keçəndən sonra Xalq şairi oldu. Bu, hansısa məmurun göstərişi ilə olmur. Cənab Prezidentin səlahiyyətində olan məsələdir. Aygünsevərlər milyonlarla olduğu kimi, yəqin, o məmurların içində Aygünsevməyənlər də var. Aygünə bir az dikbaş, özünü çox sərbəst aparan şəxs kimi baxırdılar. Yəqin, onun sərbəstliyi, azad düşüncəsi, azad sənət sahibi olmağı kiminsə o qədər də xoşuna gəlməyib, buna görə də Aygünün təqdimatını verməyiblər. Bütün bunlarla yanaşı, görürsünüz ki, bu gün rəsmi titulundan asılı olmayaraq bütün ölkə necə sarsılıb. Mən Ulu Öndəri iki dəfə kövrələn görmüşəm. Bir dəfə Səməd Vurğunun "Azərbaycan" şeirini özü deyəndə kövrəlmişdi. Heydər Əliyevi ikinci dəfə Aygün Bəylər "Tut ağacı" mahnısını oxuyanda kövrələn gördüm. Nəinki kövrəldi, hətta əməlli-başlı ağladı. Çünki Aygün elə oxuyurdu ki, insanın bütün həyatı kino lenti kimi gözünün qabağından gəlib keçirdi. Yəni səni fani dünyadan o dərəcədə çəkib aparırdı. Səsi o dərəcədə səmimi, yanıqlı idi. O, yer üzünə məxsus səs, ifa deyildi. Sanki tufan, qasırğa idi, səni bu aləmdən qoparıb başqa aləmə götürüb aparırdı. Yazıçı qəlbimlə belə duydum ki, Heydər Əliyev o mahnını dinləyəndə 5 dəqiqə ərzində bütün ömrünü xatırlayıb və gözünün qabağından keçirib. Təbii ki, vaxtsız itirdiyi böyük məhəbbətini, Zərifə xanımın nurlu çöhrəsini, onunla keçirdiyi xoşbəxt dəqiqələri xatırlayıb..." 

B.Vəziroğlu əlavə edib: "Aygünün itkisi əvəzolunmaz bir itkidir. Onu cavan yaşında itirdik, bu, hamımızın əvəzolunmaz ağrısıdır. Həyatda rənglərin bütün spektrı mövcuddur. Xoşbəxtliyim budur ki, dostum, bəstəkar Kamalla birgə Aygünlə xeyli gözəl mahnılar yaratdıq. Onlar bizim milli sərvətimizdir. Bütün sosial şəbəkələr, televiziyalar hamısı o mahnıları səsləndirirlər. Aygün "Xatirədir" mahnısını oxuyanda adam bilmir ki, nə etsin. O dərəcədə ürəklə oxuyur. Bu mahnını hamı oxuyub, amma Aygünün ifası başqadır. Aygün onu yaşayırdı, elə bil, öz taleyini, həyatını oxuyurdu. "Bağışlaram səni" mahnısı... Öz həyatının nəğmələrini oxuyurdu. Kamalla mahnını yazıb, sanki, kənara çəkilirdik, mahnı olurdu Aygünün. Bizim adımız səsləndi-səslənmədi, bəlkə də, heç kimin vecinə deyildi. Mahnıda hamı Aygünün özünü, taleyini, həyatını, yaxşı-pis günlərini, çox yoxsul keçən ömrünü, bəlkə də, vaxtında, sağlığında ala bilmədiyi qiyməti - hər şeyi onda görürdü. Aygün belə sənətkar idi. Allah rəhmət eləsin..." 

Milli.Az


Etiketlər:  Əlimi tutdu hiss etdim ki bu sondur əlləri tər su içində həm çox soyuq həyat nişanəsi yox idi


RƏYLƏR