Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı idmançı müsəlman oldu - İslamı qəbul edən məşhurlar

Rusiyalı idmançı müsəlman oldu - İslamı qəbul edən məşhurlar

Tarix: 11 Yanvar 2024 19:14

"Elm və mərifət axtarıram, onu İslam vasitəsilə almışam"

Fərqli dinlərə məxsus olan dünyaca məşhur şəxslərin İslamı qəbul etmələri faktları kifayət qədərdir. Onların sırasına daha biri qoşulub. Rusiyalı MMA (qarışıq döyüş sənəti) döyüşçüsü Aleksandr Emelianenko İslamı qəbul edib. 

Məlumat üçün bildirək ki, Alexander Emelianenko keçmiş ProFC Dünya Çempionudur. Döyüş sambosu üzrə dəfələrlə Rusiya və dünya çempionu, Avropa çempionudur. Rusiyalı idmançı peşəkar MMA-da 40 döyüş keçirib, 29-da qalib gəlib (20-si nokautla), 10 dəfə uduzub və bir döyüşü heç-heçə başa vurub.

Xatırladaq ki, A.Emelianenkonun İslamı qəbul etməsi barədə məlumatı Sport24-ə məşqçi Rəsul Maqomedəliyev verib. Məşqçi bildirib ki, İslamı qəbul etmək Emelianenkoya alkoqol asılılığından qurtulmağa kömək edib. "Mən çox şadam ki, inquş qardaşlarımız onu ayağa qaldırdılar və o, həqiqətən də bundan uzaqlaşdı", - deyə o qeyd edib. Maqomedəliyev əlavə edib ki, Emelianenko adını dəyişdirərək Abubakar qoya bilərdi.

İndiyə kimi bir çox məşhur şəxs İslamı qəbul edib. Milli.Az "Yeni Müsavat"-a istinadən onların bəzisi haqqında arayışları təqdim edir:

Boksçu Məhəmməd Əli

Kassius Marsellus Kley dünya boks tarixinin ən məşhur nümayəndələrindən sayılır. Hər kəs onu Kassius Kley yox, İslamı qəbul etdikdən sonra qəbul etdiyi Məhəmməd Əli adı ilə tanıyır. "Bütün zamanların ən böyük boksçusu" kimi ad qazanan Məhəmməd Əli ABŞ-da ilk İslam təşkilatının liderlərindən olub. Məhəmməd Əlinin İslama marağı 1960-cı ildə, cəmi 18 yaşı olanda başlayıb. Həmin vaxt o, artıq Romada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanmış məşhur boksçu idi. Kassius böyük qardaşı Rudi sayəsində dinə maraq göstərdi.  Məhəmmədin böyük qardaşı olan Rudi  Kley İslamı qəbul etmişdi və bu seçim Məhəmmədi dini öyrənməyə başlamağa ilhamlandırmışdı. Bundan əlavə, Məhəmməd həm də müsəlman olan dini lider və qaradərili hüquq müdafiəçisi Malkolm X-dən ilhamlanıb. Tədricən Məhəmməd Əli İslam dini və onun prinsipləri haqqında getdikcə daha çox öyrənməyə başladı və 1964-cü ildə İslamı qəbul etdi və yeni adını - Məhəmməd Əlini qəbul etdi. O, müsahibələrindən birində demişdi: "Doğru yolu tapdığımı düşünmürəm. Elm və mərifət axtarıram və onu İslam vasitəsilə almışam". İslamı qəbul etmək həm idmançı, həm də şəxsiyyət kimi Məhəmməd Əli üçün əhəmiyyətli idi. O, İslamı və onun təlimlərini təbliğ etmək üçün məşhur statusundan istifadə etməyə başladı. Bundan əlavə, İslam ona bir idmançı kimi daha diqqətli və intizamlı olmağa kömək etdi ki, bu da onun boksda daha da uğurlu olmasına kömək etdi. Qocalıqda deyirdi ki, yeganə peşmanlığı İslamı daha tez deyil, yalnız 22 yaşında qəbul etməsidir. O, Vyetnamın işğalında iştirak etməkdən və ya hər hansı hərbi xidmətdən və ya təlim keçməkdən imtina etdi. Buna görə bütün çempionluq kəmərlərindən məhrum edildi və boksdan uzaqlaşdırıldı. Məhəmməd Əli ömrünün sonuna qədər sadiq müsəlman olaraq qaldı. O, dini bəyanatları ilə tanınırdı və tez-tez çıxışlarında sülh və tolerantlığı təbliğ edirdi. Məhəmməd Əli ömrünün sonunda sufiliyə yaxın olub, 11 sentyabr terror aktlarını kəskin şəkildə pisləyib. 

Boksçu Mayk Tayson 

Mayk Tayson bir qadına təcavüz etdiyi üçün üç il həbs cəzası almışdı. O, həbsxanadan çıxdıqdan dərhal sonra Məhəmməd Əlinin müşayiəti ilə ən yaxın məscidə getdi. Dua etdikdən sonra Ohayodakı evinə yollandı. Mayk alovlu pərəstişkarlarına öz imzası ilə kompüterdə yığılmış məktub qoyub və bu məktubda onları tezliklə rinqdə sevindirəcəyinə ümid etdiyini bildirib. Onun həbsinin ilk ilində İslamı qəbul etdiyi məlum olub. Daha sonra boksçunun Amerikanın qəhrəmanlarından biri və İslam Millətinin məşhur lideri Malkolm X-in müsəlman adının şərəfinə Malik Şabaz adını götürdüyü barədə söylənti yayılıb. Bu və ya digər şəkildə o özünü İslam qaydaları ilə yükləmədi. Hətta Mao Zedonq və Çe Gevara portretlərini döymə etdirdi, sonra da üzünə Maori döyməsi etdirdi ki, bu da müsəlman mömin üçün çox da yaxşı deyil. O, yaşlanana qədər İslamı tam başa düşmədiyini deyirdi. Bunun üçün Mayk bütün titullarını itirməli, imam qızı ilə evlənməli və qeyri-qanuni maddələrdən imtina etməli idi. Ancaq bugünkü qəhrəmanımız üçün əsas şok dörd yaşlı qızının qaçış zolağında kəmərə ilişərək ölməsi oldu. Bundan sonra o, Həcc ziyarətini yerinə yetirdi və imanı daha da möhkəmləndi. Keçmiş çempion ərəb telekanallarından birinə müsahibə verərək İslamın ənənələrinə əməl etmədiyini bildirsə də, bu dinin onun həyatında böyük yer tutduğunu bildirib. 

Hollivud rejissoru Oliver Stoun

Məşhur Hollivud rejissoru Oliver Stounun 27 yaşlı oğlu Şon Stoun da İslamı qəbul etdiyini açıqlamışdı. Şon Stoun İslamın şiəlik qoluna mənsubdur. Maraqlıdır ki, Şon Stounun 1986-cı ildə "Tağım" filminə görə "Oskar" mükafatı qazanan atası, rejissor Oliver Stoun yəhudi, anası isə xristiandır. "İslamı qəbul etmək xristinalıq, yaxud iudaizmdən uzaqlaşmaq deyil. Mən bu dinlərlə doğulmuşam. Bu o deməkdir ki, mən (s) Məhəmmədi və digər peyğəmbərləri qəbul edirəm. Mən məscidə daxil olanda özümü yaxşı hiss edirəm. Mən inanıram ki, Allah təkdir və bu nöqteyi-nəzərdən müsəlman, xristian, yaxud yəhudi olmağın vacib deyil", - deyə özünə Əli adını götürən Şon Stoun müsahibəsində bildirib.

Futbolçu Zinəddin Zidan

Zinəddin Zidan məşhur futbolçu, Fransa millisinin keçmiş lideri, peşəkar idmançıdır. Əlcəzair mənşəli olması Fransada onun hörmətli olmasına maneə olmayıb. Onun şəxsi həyatının çox hissəsi həmişə Avropa mətbuatı və futbol azarkeşləri üçün naməlum olaraq qalıb. Zidanın şəxsi həyatı hələ də sirrdir. Zinəddinin əmisi oğlu Rabah Zidanın sözlərinə görə, dünya ulduzu olan Zidan müsəlmandır və bütün dini öhdəlikləri yerinə yetirməməsi istisna olmaqla, bunda heç bir utanc görmür. O deyib: "Mən onun şəxsi həyatının ən xırda təfərrüatlarını bilirəm, amma özünün bunları açıqlamaq istəmədiyini nəzərə alaraq, həyatı haqqında əlavə bir şey söyləməyə cəsarət etmirəm. Zidan heç vaxt siqaret çəkmədi və spirtli içki içmədi, bununla da dinimizin qadağalarına əməl etdi", - deyə o qeyd edib.  

Futbolçu Frank Riberi

Fransa millisinin və "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Frank Riberi də xristianlıqdan İslama gələnlər arasındadır. Öz uşaqlıq sevgisi olan əlcəzairli Vahibə Belhami ilə evlənmək üçün bu addımı atıb. Katolik məzhəbinə qulluq edən fransız futbolçu Bilal adını qəbul edib. İslam dininin bütün ayinlərini icra edən Riberi dindar müsəlman kimi tanınır. 2006-cı ildə Vahibə Belhami ilə ailə həyatı quran ulduz futbolçunun ailəsində Hizyə və Şahinəz adlı iki qızı və Seyf-əl İslam adında oğul övladı böyüyür.

Müğənni Canet Cakson 

Ceksonlar ailəsinin (Maykl Cekson) ən kiçiyi olan Canet Cekson da İslamı qəbul edənlər sırasındadır. Məlumata görə, onu bu mühüm addımı atmağa qətərli iş adamı və milyarder Vissam əl Mana vadar edib. İddiaya görə, 2012-ci ildə ailə qurduqdan sonra əri ondan xristianlıqdan imtina etməyi xahiş edib. O, 50 yaşlı müğənninin qarderobunda da köklü dəyişiklikdə israr edib. Canet açıq-saçıq geyimlər geyinməkdən imtina edib. Hətta səhnədə belə parlaq makiyaj etmir. O, hamiləlik dövründə hətta hicab da taxıb. Bu arada, Canet və Vissamın ilk övladı İssa artıq ad qoyma mərasimindən keçib. Qədim müsəlman adətinə görə, onun üzərində azan oxunub və şərəfinə qurban kəsilib.

Milli.Az


Etiketlər:  Rusiyalı idmançı müsəlman oldu İslamı qəbul edən məşhurlar


RƏYLƏR