Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2024 14:42
"Bu il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinə tam fərqli hisslərlə qatılıram. Doğulub böyüdüyüm Qubadlı rayonunun Xanlıq kəndinin Ermənistan tərəfindən işğalı zamanı 14 yaşım var idi və o zaman səsvermə hüququna malik deyildim. İlk dəfə olaraq məcburi köçkün statusu olmadan səs verəcəm. Bu, mənim üçün ən yaddaqalan tarixi an olacaq".
Sonxeber.net xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.
O qeyd edib ki, əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə Cənubi Qafqazda siyasi vəziyyət tamamilə dəyişib: "Ərazi bütövlüyümüzün bərpa edilməsi ilə Azərbaycan tarixində yeni bir mərhələ başlayıb. Azərbaycan xalqı prezident seçkilərini yeni yaranmış şəraitdə keçirəcək və bu seçkiləri öncəki dövrlərin seçkilərindən fərqləndirən də məhz bu olacaq. Harada yaşamağımızdan asılı olmayaraq, 7 fevral Zəfər seçkilərində iştirak etməklə bütöv, tam suveren Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacağıq. Vətən hüdudlarından kənarda yaşayan hər bir Azərbaycan vətəndaşını bu seçkilərdə fəal iştirak etməyə dəvət edir və bu yeni tarixi mərhələdə ölkəmizin inkişafı istiqamətində əlimizdən gələn dəstəyi verməyə çağırıram".