Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 12:28
Xocalıda kütləvi məzarlıqdan tapılan daha iki nəfərin qalıqları bu gün dəfn olunacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, daha əvvəl 10 nəfərin, o cümlədən Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları müəyyən edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.
Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.