Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov – 52!

Qurban Qurbanov – 52!

Tarix: 13 Aprel 2024 10:54

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov doğum gününü qeyd edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 1972-ci il aprelin 13-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olan futbol mütəxəssisi 52 yaşını tamamlayır.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü həm futbolçu, həm məşqçi kimi Azərbaycan futbol tarixinə düşüb. 1990-2005-cı illəri əhatə edən dövrdə hücumçu kimi çıxış edən Qurbanov "Daşqın", "Turan", "Kür-Nur", "Neftçi", "İnter", Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" (Stavropol), "Fakel", "Baltika", "Volqar" klublarında çıxış edib. Forvard 4 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi, 1996/97 mövsümündə 34 qolla çempionatın ən yaxşı bombardiri adını qazanıb.

Azərbaycan çempionatlarında 115 qol vuran Qurbanov yarışın 32 illik tarixinin 4-cü ən yaxşı bombardiridir. Milli komandada 68 oyunda 14 qola imza atan hücumçu yığmanın ən məhsuldar futbolçusudur.

2005-cı ildə "İnter"də idman direktoru kimi fəaliyyətə başlayan mütəxəssis 2006-07-ci illərdə "Neftçi"nin baş məşqçisi olub. Qurbanovun ən böyük tarixi uğurları isə 2008-ci ilin yayından rəhbərlik etdiyi "Qarabağ"la bağlıdır. Ağdam klubu onun rəhbərliyi altında 10 dəfə Azərbaycan çempionu adını, 5 dəfə ölkə kubokunu qazanıb.

Qurbanovun eytirmələri ardıcıl 10 dəfə avrokubokların qrup mərhələsinə düşüb. 2017/2018 mövsümündə Çempionlar Liqasında bunu bacaran ilk komanda olub. Qurbanovun yetirmələri 2021/22 və 2022/23 mövsümlərində Konfrans Liqasında, 2023/24 mövsümündə Avropa Liqasında pley-offa yüksəlib, bu il 1/8 finala qədər irəliləyib. O, 2017-18-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi kimi çalışıb.

Qeyd edək ki, 2011-ci ildən Əməkdar məşqçi olan Qurbanov 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov 52


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ