Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 23:10
ABŞ İraqın nüvə silahına malik olduğunu iddia etməklə yanılıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden CNN-ə müsahibəsində deyib.
"Fikrimcə, İraqın nüvə silahına malik olduğunu düşünmək mənasız idi", - Amerika lideri söyləyib.
Bayden qeyd edib ki, ABŞ bir sıra siyasi xətalara yol verib. İraqla yanaşı, o, birləşdirməyə çalışmağın mənasız olduğu Əfqanıstanı da xatırladıb:
"Ben Ladeni tutmağın anlamı var idi, Əfqanıstanı birləşdirməyə çalışmağın isə yox".
Qeyd edək ki, İraqın kütləvi qırğın silahlarına malik olması şübhəsi onun 2003-cü ildə ABŞ və müttəfiqləri tərəfindən işğalı üçün formal səbəb olmuşdu. Müharibə Səddam Hüseyn rejiminin devrilməsinə və regionda uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxardı. Bununla belə, Yaxın Şərq ölkəsində kütləvi qırğın silahı aşkarlanmamışdı.
ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı mövcudluğu isə 2001-ci ildən başlayaraq 20 il davam etmişdi.
Xatırladaq ki, eyni müsahibədə ABŞ Prezidenti Cozef Bayden İsrailə xəbərdarlıq edərək, yəhudi dövlətinin qoşunlarının Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayacağı təqdirdə, silah tədarükünə son qoyacağına söz verib.