Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Babəki anmaq Güney Azərbaycanda niyə qadağan edildi? - ARAŞDIRMA - FOTO

Babəki anmaq Güney Azərbaycanda niyə qadağan edildi? - ARAŞDIRMA - FOTO

Tarix: 29 Iyul 2024 11:22

APA "Güney Azərbaycanı tanı" layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin "Hələ də Azərbaycanın keşiyində duran Babək qalası" adlı yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradanoxuya bilərsiniz.

Uzun və uzaq tarixə malik xalqların adətən tarixin hansısa bir dönəmində baş qaldırmış və həmin xalqların taleyinə təsir göstərmiş qəhrəmanları olur. Bu milli qəhrəmanlar məğlub olanda, yaxud öləndə belə yox olmurlar. Daha doğrusu, onların adları və xatirələri həmən xalqın hər bir nümayəndəsinin qəlbində həkk olunaraq, əsrlər boyu, hətta əbədi olaraq qalır. Azərbaycan türkləri çox qədim tarixə malik olub və çox qədim bir xalq olaraq tarix boyu böyük qəhrəmanlar yetişdiribdir. Bu qəhrəmanlar bu gün bizim içimizdə yaşamasalar belə qəlbimizdə həyat sürürlər.

Azərbaycan türklərinin unudulmaz qəhrəmanlarından biri də Babəkdir. Babək 20 ildən artıq (816- 838) Azərbaycan xalqının Abbasi xilafətinə qarşı üsyanının rəhbəri olub. Bu 20 il ərzində Abbasi xəlifəsinin orduları Azərbaycan ərazisində dəfələrlə məğlubiyyətə uğradılar. Amma Babəki ölməz edən səbəb təkcə onun işğalçılara qarşı qəhrəmancasına mübarizəsi deyildi. Əslində bu məsələdə onun ölümü qəhrəmancasına qarşılaması da mübarizəsi qədər təsirli olub.

Tarixi qəhrəmanlar müasir dünyada öz sosial funksiyalarını qoruyub saxlamışlar. Bir çox xalqlar, o cümlədən Azərbaycan türkləri üçün tarixi qəhrəmanlar milli qürur hissini gücləndirməklə yanaşı, müqavimət və mübarizə ruhunu da gücləndirir. Hətta bir çox hallarda qəhrəmanın həyatının təfərrüatları, hətta onun həqiqi düşüncə və inancları çox da əhəmmiyyət daşımır. Onun yalnız bir xüsusiyyəti önə çıxaraq ictimaiyyət tərəfindən diqqət çəkir. Məsələn, bu gün Güney Azərbaycan türkləri üçün o qədər də önəmli deyil ki, Babək hansı dinə inanırdı. Onun valideynləri kim idi? Onun ətrafındaki adamlar nəyə inanırdılar? Bu gün Babək Güney Azərbaycan türkləri üçün işğala, zülmə qarşı mübarizənin simvoludur və bu kifayətdir. Təsadüfi deyil ki, Güney Azərbaycan türkləri öz şüarlarının birində özlərini Babək əsgəri adlandırırlar:

Biz ölməyə hazırıq

Babəkin sərbazıyıq (əsgəriyik).

Yenə də təsadüfi deyil ki, Azərbaycan Milli Hökuməti bir illik (1945-1946) hakimiyyətinin son aylarında Babək adlı partizan ordusu yaratmaq fikrinə düşmüşdü. Deyildiyi kimi, Babək hələ də Güney Azərbaycan türkləri üçün işğala qarşı mübarizənin simvolu və cəsarət rəmzidir.

Dedik ki, Babəkin qəhrəmancasına ölümü qəhrəmancasına mübarizəsi qədər onun şöhrət qazanmasına və milli bir simvol kimi sevilməsinə səbəbiyyət qazandırıb. Lakin, Güney Azərbaycan türklərinin Babəkdən təsirlənmələri üçün bu səbəblərdən əlavə, daha bir motiv var. Bu motiv Babək qalasının Güney Azərbaycan coğrafiyasında yerləşməsidir. Bu qala dəfələrlə Güney Azərbaycanda türklərin böyük yığıncağının şahidi olub və əminliklə iddia etmək olar ki, bu yığıncaqlar Güney Azərbaycan türklərinin milli-mədəni oyanışının genişlənməsində, onların fikir və ideyalarının xalq arasında yayılmasında təsirli rol oynayıb.

Bu qısa yazıda biz Babək qalasını tarixi əsər və turistik məkan kimi təqdim etməklə yanaşı, adı çəkilən yığıncaqlara və onların roluna toxunmağa çalışacağıq.

Babək Qalası:

2300 metr hündürlüyündə bir dağın zirvəsində tikilmiş olan Babək qalası Kəleybər şəhərindən təxminən üç kilometr aralıda yerləşir. Güney Azərbaycanın Qaradağ bölgəsində yerləşən Kəleybər şəhəri isə Təbrizdən 181 km aralıda yerləşir. Bu qala qədim tarixi qaynaqlarda bəzən Bəz qalası deyə də adlandırılmışdır.

Arxeoloqlar bu qalanın bəzi hissələrinin İslamdan əvvəlki dövrə aid olduğunu düşünürlər. Bu arada qalanın ilk təməlinin Arsaqlar, Parfiya imperiyası (eramızdan əvvəl 247-ci ildən eramızın 224-cü ilə qədər) tərəfindən atıldığını düşünənlər də var.

Qala üç tərəfdən təhlükəli qayalarla dərin dərələrə bağlanan yüksək dağın zirvəsində tikilib və ona yalnız bir istiqamətdən girmək mümkündür. Qalaya gedən yol isə olduqca çətindir. Bəzi yerlərində o qədər dardır ki, yalnız bir nəfərin keçməsi mümkündür. Bu dar keçid qalanın girişinin tam qarşısında və oradan 200 metr məsafədə yer almaqdadır. Beləliklə qalaya yaxınlaşmaq istəyənlər bu dar keçiddə qala mühafizəçiləri tərəfindən hədəfə alına bilərdilər. Qalanın yaxınlığında da girişi çətinləşdirən və hətta qalanın içərisində saraya girişi çətinləşdirən çox dar və keçilməz keçidlər var.

Giriş yalnız bir istiqamətdən mümkün olsa da, qalanın dörd istiqamətində gözətçi qüllələri quraşdırılıb.

Qalanın adının mənşəyi haqqında:

Bu arada qalanın qədim adı da diqqət çəkir. Bugün "bəy" deyə tələffüz etdiyimiz söz əslində qədim türk dilində "bəz" deyə tələffüz olunurdu. Əlbəttə buradaki "Z" səsi bizim bu gün tələffüz etdiyimiz səsdən fərqiliydi və zaman keçdikcə bu səs "Y" səsinə dönüşüb. Bunun başqa nümunələrini Kaşqarlı Mahmudun yazdığı "Divan-ı Lüğət-i Türk" kitabinda tapa bilərsiniz. Məsələn, bu gün "ayaq" deyə tələffüz etdiyimiz söz orada "azaq" deyə yazılmışdır. Bu açıdan qalanın qədim adının da türkcə olduğu ehtimal edilir. Necə ki tarixi qaynaqlara əsasən, deyə blərik ki, Babəkin əsas komandirlərinin adları türkcə olmuşdur (Məsələn, Tərxan).

Babəkin ölümündən çox az zaman sonra yaşayan tanınmış coğrafiyaşünas və tarixçi İbn Xordadbehin yazdığına görə (913-cü il) Azərbaycanda Bəz (Babək qalasının köhnə adı) adında bir şəhər varmış və bu şəhərə "Babəkin şəhəri" deyilirmiş. Eyni zamanda yaşayan başqa bir tanınmış tarixçi, İbn Cərir Təbəri (915-ci il) də Azərbaycanda Bəz adında bir qəsəbənin var olduğundan söz edər. Bunlar kimi bir neçə başqa coğrafiyaşünas və tarixçi də Bəz haqqında məlumat vermişlər. Əhməd İbn Davud Dinvəri (Ölüm: 896-ci il) məşhur tarix əsərində Babəkin Bəzdə Əfşinlə savaşdığını, lakin Əfşinin qoşunlarının onu hər tərəfdən mühasirəyə aldığını və yolları bağladığını gördüyündə Araz çayını keçərək çayın quzey hissəsinə getdiyini yazır. Qeyd edək ki, Babək qalası Araz çayına nisbətən yaxın ərazidə yerləşir.

Hələ də Azərbaycanın keşiyində duran Babək qalası

Vaxtilə Azərbaycanın işğalçılara qarşı müqavimətinin əsası olan Babək qalası XX əsrin son illəri və XXI əsrin əvvəllərində Güney Azərbaycan türklərinin müqavimət və birlik simvoluna çevrildi. İlk illərdə Güney Azərbaycanın tanınmış tarixçisi, professor doktor Məhəmməd Təqi Zehtabi kiçik qruplarla üniversitet tələbələrini qalaya aparırdı. Lakin qısa müddətdə bu kiçik ziyarətlər böyük yığıncaqlara çevrildi. Beləliklə, XXI əsrin ilk illərində Babək qalasında təşkil edilən tədbirlərdə iştirak edənlərin sayı bir milyon nəfəri aşdı!

Beləcə iştirak səviyyəsi o qədər çoxaldı ki, adətən Güney Azərbaycan türkləri ilə bağlı xəbərləri boykot edən İran mediası susqunluğu pozmalı oldu. İran televiziyası bir milyondan çox təbiətsevərin (!) Qaradağ meşələrini ziyarət etdiyini iddia etdi. Onlar "Traxtur" futbol komandasının azarkeşləri haqqında dəfələrlə oxşar xəbərlər dərc ediblər. "Traxtur" futbol komandasının stadionuna gedən on minlərlə insanın motivasiyası təkcə futbol sevgisi deyil, nə də Babək qalasına gedən yüz minlərlə insanın motivasiyası yalnız təbiət sevgisidir. Hər ikisində də səslənən sloqanlara diqqət yetirsək, bunu anlamaq heç də çətin iş olmaz.

Babək qalasındakı tədbirlərdə Azərbaycan mədəniyyəti, varlığı və tələbləri sərgilənirdi. Aşıqlar Azərbaycan mahnılarını səsləndirirdi. Şairlər qoşduqları şeirləri xalqa oxuyurdu. Yığıncaqlarda oxunan şeirlər ümumiyyətlə milli ruhlu şeirlər idi. Bu şeirlərdə Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin, varlığının qorunmasının vacibliyi vurğulanırdı. On minlərlə adam eyni zamanda Azərbaycan istək və şüarlarını hayqıraraq dilə gətirirdi. Səsləndirilən şüarlar arasında "Biz ölməyə hazırıq/Babəkin sərbazıyıq (=əsgəriyik)", "Azərbaycan var olsun/İstəməyən kor olsun", "Haray, haray, mən Türkəm" kimi şüarlar olduqca diqqət çəkiciydi. Vaxtıyla Rəşid Behbudovun ifa etdiyi "Yurdum, yuvam, məskənimsən, Azərbaycanım" mahnısı on minlərlə adamın dilində səslədirilirdi. Bir kəlmə ilə deyə bilərik ki, o qalabalıq yığıncaqlarda Azərbaycan tam mədəniyyəti ilə, tarixi ilə, dili ilə, şeiri ilə, musiqisi ilə, milli rəqsləri ilə canlanırdı. Bəzi Azərbaycan nəşriyyatları bu yığıncaqlarda öz kitablarını ictimaiyyətə təqdim edirdilər. Beləliklə də, söz qonusu yığıncaqlar tam mədəni bir hal qazanırdı.

(Üzərində "Unudulmaz Qarabağ" yazılmış olan bir parça. Şükür ki, bu gün Qarabağ təmamən azad olub. Qarabağın işğalı Azərbaycanın güneyini də quzeyi kimi çox üzürdü. Bu yığıncaqlarda "Qarabağ şikəstəsi", "Ay Laçın" kimi mahnıları dinləyib hönkür-hönkür ağlayanlar inanırdırlar ki, "Qarabağ bizimdir, bizim olacaq".)

Bu tədbirlərdə Azərbaycan şairləri, yazıçıları, mütəfəkkirləri, görkəmli xadimləri xalq qarşısında çıxışlar edirdilər. Bu çıxışlarda azərbaycanlıların tapdanan hüquqlarından, azərbaycanlıların birləşməsinin zəruriliyindən, tələblərindən və onların reallaşdırılması üçün kollektiv səylərin zəruriliyindən danışılırdı.

Babək qalasındakı yığıncaqlar hər il yayın ilk ayında bir həftədən çox davam edirdi. Həmən həftəni Azərbaycan həftəsi də adlandırmaq olardı. Çünki o bir həftə gerçəkdən Azərbaycan mədəniyyətinin yüksək səslərlə canlandığı həftə idi. Ancaq təəssüflə Güney Azərbaycan türklərinin bir çox fəaliyyətləri kimi bu mədəni hərəkatın də qabağı alındı. Bir neçə ildən sonra, yığıncaqları tərtib edən adamlar ya tutuqlandı, ya da hədələndi. Yığıncaq zamanı qalaya gedən bütün yollar bağlandı və kimsənin qalaya doğru hərəkət etməsinə izn verilmədi. Bütün bunlara baxmayaraq hələ də Babək qalasının yığıncaqları Güney azərbaycanlılar üçün bir dönüş nöqtəsi sayılır. Hələ də o günlərin xatirələri danışılır. Hələ də o günlərin hadisələri şərh edilir və hələ də Babək qalası Güney Azərbaycan türklərinin müqavimət və birlik simvolu olaraq tanınır.

(Qalanın qapısı bağlanıb və yaxınlaşmamaq barədə xəbərdarlıq edilib)


Etiketlər:  Babəki anmaq Güney Azərbaycanda niyə qadağan edildi ARAŞDIRMA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ