Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 07:46
44 günlük Vətən müharibəsindən sonrakı 4 ili şəhid əmanətlərinə göstərilən özəl diqqət, qayğı, təsəlli kimi onların istirahəti, əyləncəsi üçün təşkil edilən tədbirlərlə qət edən "Fireland Group" növbəti dəfə "Mənim atam qəhrəmandır" layihəsi ilə atalarının şəhadətindən sonra doğulan və ölkəmizin bütün bölgələrindən olan 250-yə yaxın şəhid əmanətini bu dəfə Şamaxıda görüşdürdü.
Sonxeber.net xəbər verir ki, şəhid ailələri və müharibə əlillərinə göstərilən qayğının daim dövlətimizin diqqət mərkəzində olmasından, onların məişət problemlərinin dövlət xətti ilə həll olunmasından, cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bunu özünə vətəndaşlıq borcu hesab etməsindən nümunəvi borc olaraq götürən "Mənim atam qəhrəmandır" layihəsi bu tədbirlə də 250-dən çox şəhid əmanətinin sevincinə səbəb oldu.
Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin, Şamaxı Palace Hotel TABİA Group-un dəstəyi, "Fireland Group"un təşkilatçılığı ilə həyata keçirilən növbəti "Mənim atam qəhrəmandır" tədbirində ümumilikdə 250-yə yaxın şəhid ailə üzvünün Şamaxı şəhərində 2 günlük istirahəti təşkil edildi.
Tanınmış aparıcılar Lalə Azərtaş və Elvin Mərdanovun aparıcılıq etdiyi tədbir çərçivəsində doğum günləri 26-27 avqusta təsadüf edən 22 şəhid övladının ad günü də həm tədbir iştirakçıları, həm də qonaqlar tərəfindən qeyd edilərək, hədiyyələr təqdim edildi.
Şamaxı şəhərində Şamaxı Palace Hotelində yerləşdirilən şəhidlərimizin ailə üzvləri burada oyunlar, istirahət atraksionları, hovuz əyləncəsi, maraqlı və öyrədici masterclass ilə günlərini daha da dəyərləndirdilər.
Şam yeməyinin ardından şəhidlərimizin ailə üzvləri Mədəniyyət Nazirliyinin dəstəyi və sevilən sənət nümayəndələri əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Nihad Orucov, Murad Azerili və 3 nömrəli Uşaq Gənclər İnkisaf Mərkəzinin solistlərinin iştirakı ilə musiqili, əyləncəli konsert tədbirində iştirak etdilər. Mini disko, şar şou, flashmoblar, oyunlar və təbii ki, sənətçilərimizin ifaları ilə davam edən konsert proqramı tədbirin ilk gününə xüsusi bir rəng qatdı.
Tədbirdə şəhidlərimizin övladlarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.
"44 günlük Vətən müharibəsinin üzərindən 4 il deyil, əsrlər keçsə də həmin günlərdə xalqımızın nümayiş etdirdiyi möhtəşəm birlik heç vaxt unudulmayacaq, bu qələbəni bizə yaşadanların əməyi, əziyyəti heç vaxt yaddan çıxmayacaq" - deyən tədbirin təşkilatçısı, "Fireland Group"un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov - "Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda öz canını qurban vermək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlərimiz də öz ömür paylarını gələcək nəsillərə bağışladı" - dedi.
"Bu balalar yalnız şəhidlərimizin deyil, həm də Vətənimizin, yəni bizim ən əziz, ən dəyərli övladlarımızdır. Onlar bizə atalarından, qəhrəman qardaşlarımızdan əmanətdir. Biz bu tədbirləri təşkil edən zaman xüsusi qürur hissi keçiririk, komandamızın hər bir üzvü bütün qəlbiylə çalışır. Möhtərəm Prezidentimiz, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva hər zaman Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin ailələrinə xüsusi qayğıyla yanaşmış və dəfələrlə bunun hər bir azərbaycanlının ən mühüm vəzifəsi olduğunu bildirmişdir. Bu gün həm də Mehriban xanımın doğum günüdür. Fürsətdən istifadə edərək bütün şəhid balalarının adından Mehriban xanımı səmimi qəlbdən təbrik edirik. Onun sevgisini hər bir şəhid övladı hər zaman hiss edib, edəcək də...Onun sevgisi hər zaman şəhid övladları üçün bir mayak, bir işıq olub.
Şəhid ailələrinə dəstək bizim üçün şərəfdir. Göstərilən hər bir diqqət, qayğı, inanın ki, bu körpə övladların qəlbində sabaha böyük inam yaradır. Bizim işıqlı sabahımız isə onlardır, Vətən şəhidlərimizdən sonra bizə, sizə əmanətdir.
Bu istiqamətdə bizə hər zaman dəstək olan bütün tədbirlərimizdə bizdən öz maddi və mənəvi dəstəklərini əsirgəməyən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Mədəniyyət Nazirliyinin əməkdaşları, cənab nazirimiz Adil Kərimliyə, Şamaxı Rayon İcra Hakimiyyətinə, şəxsən Tahir Məmmədova, sizə qapıları ilə bərabər ürəklərini açan Şamaxı Palace Hotelinə və "Abqora" restoranının rəhbərliyi və əməkdaşlarına və təbii ki, ifaları ilə könüllərimizi fəth edən, hər zaman səslərindən, avazlarından gəldiyi qədər könlümüzü xoş edən incəsənət nümayəndələrinə xüsusi təşəkkür edirik. Sağolun ki hər zaman bizimlə birlikdəsiniz".
Tədbir boyu şəhid əmanətlərinin əyləncəsinə, sevincinə şahidlik edən Şamaxı Şəhər İcra Hakimiyyətinin rəhbəri Tahir Məmmədov da əmanət övladların yanında olmaqdan qürur hissi keçirdiyini bildirdi:
Tahir Məmmədov: "Ölkəmizin bütün regionlarından olan şəhidlərimizin ailələrini hər daim könlümüzdə, zehnimizdə bir bərabərdə tutaraq, onlara dövlətimizin və öz dəstəyimizi nümayiş etdiririk. Bu gün burada icra başçısı kimi deyil, şəhidlərimizin bizə əmanət balalarının doğması, əmisi kimi iştirak edirik".
Yalnız qapılarını deyil, həm də öz könüllərini şəhid ailələrinin üzünə açan Şamaxı Palace Hotelin kollektivi adından çıxış edən Hotelin meneceri Suleyman Məmmədov cəmiyyətimizin həssas təbəqələrindən olan balalara xidmət etməkdən qürur duyduqlarını vurğuladı:
"Sizin atalarınız Vətən qarşısında borclarını ödədilər. Bu da bizim sizə nacizanə vəfa borcumuzdur. Sizə xidmət etmək qürurunu bizə yaşatdığınız üçün təşəkkür edirik"
Tədbirin sonunda həm çıxışı, həm də hədiyyələri ilə əmanət balaların sevincini birə-beş artıran, özəl, gözəl gün demədən ilin hər günü şəhid ailələrinə ən dərin diqqət və qayğısını nümayiş etdirən Heydər Əliyev Fondunun rəhbərliyi adından çıxış edən Şamil Əzizov bu tədbirləri Heydər Əliyev Fondunun başda vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, Fondun icraçı direktoru Anar Ələkbərovun şəhid və qazi ailələrinə diqqətinin bariz nümunəsi olduğunu vurğuladı.
27 avqust tarixində tədbirin 2-ci günü şəhid əmanətlərinin bir masa ətrafında səhər yeməyində cəm edilməsi ilə başladı. "Mənim atam qəhrəmandır" layihəsinin təşkilatçılarının şəhid övladlarına növbəti sürprizi Azərbaycanın ilk Alpaka fermasına - Şamaxı Alpaka turuna səfər oldu. Sevimli alpakalarla əyləncələr, foto şəkillər, onlarla bağlı maraqlı məlumatlar şəhid övladlarının istirahətinə daha da rəng qatdı. Alpaka turundan sonra tədbir iştirakçıları "Abqora" restoranında nahar edərək, əməkdar artist Abbas Bağırovun iştirakı ilə musiqili, əyləncəli konsert proqramıyla coşğulu və unudulmaz bir tədbiri də öz yaddaşlarına həkk etdi.
Geridə qoyulan 4 il ərzində "Mənim oğlum qəhrəmandır" və "Mənim atam qəhrəmandır" layihələri Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Qoruğunda, Yanardağ Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğunda, Dreamland Golf Clubda, İçərişəhər Dövlət Qoruğunda, Şahdağ Turizim Mərkəzində, həmçinin Novruz bayramı, Ramazan bayramı, eləcə də Qurban bayramları, Ordu günü ilə bağlı və növbəti Şamaxı Alpaka turu ilə birlikdə 50-dən çox tədbirlə 2900-dən artıq şəhid ailəsini biraraya cəm edib. Hər tədbir isə fərqli bir duyğu, lakin yaşanan və yaşadılan sevinclə yadda qalıb.