Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2024 13:27
Gənc yaşlarda kolon xərçəngi (yoğun bağırsaq) hallarının artması narahatlıq doğurur. Mart ayında dərc edilən yeni bir hesabat bağırsaq xərçəngi diaqnozunun hər beş yeni hadisəsindən birinin 40 yaş və ya daha gənc yaşda olan insanlara qoyulduğunu göstərir. ABŞ-da aparılan yeni bir araşdırma göstərib ki, gənclərdə kolon xərçəngi daha inkişaf etmiş mərhələlərdə diaqnoz qoyulur və onlar daha aqressiv şiş növlərinə meyllidirlər.
Bəs bağırsaq xərçəngi niyə gənclərin xəstəliyinə çevrilib?
Sonxeber.net qaynarinfo.az-a istinadən xəbər verir ki, kolon xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir. Xalq arasında "yoğun bağırsaq" olaraq bilinən həzm sisteminin son hissəsində inkişaf edən və həyatı boyu hər 10 insandan 1-də rast gəlinən, hətta ölümlə nəticələnə bilən bir xəstəlikdir.
Amerika Xərçəng Cəmiyyətinin (ACS) keçən mart ayında dərc etdiyi hesabata görə, bağırsaq xərçəngi diaqnozunun hər beş yeni hadisəsindən biri (həm kolon, həm də düz bağırsaq xərçəngi) 40 yaş və ya daha gənc olan insanlara qoyulur.
Bu vəziyyət ABŞ-da aparılan yeni araşdırmada bir daha ortaya çıxıb. ABŞ-da 2015-2021-ci illər arasında diaqnoz qoyulan təxminən 319 min kolon xərçəngi hadisəsinin araşdırıldığı araşdırmada, hadisələrin təxminən 17 mini 18-44 yaş aralığında, digər 302 mini isə yaşlı fərdlərdə olub.
Tədqiqatın aparıcı müəllifi, Çikaqodakı Loyola Universiteti Tibb Mərkəzində ümumi cərrahiyyə rezidenti dr. Kelli Çan deyib: "Son 20 ildə 66 və daha yuxarı yaşda olan xəstələrdə kolon xərçəngi diaqnozu 20 azalıb. Ancaq eyni dövrdə 18-44 yaş qrupunda bu hallar 15 faiz artıb".
Onkoloqlar gənclərdə xəstələnmə və ölüm hallarının artmasının piylənmə, oturaq həyat tərzi, Qərb tərzi qidalanma, həddindən artıq şəkər istehlakı və ətraf mühit faktorları kimi faktorlarla bağlı olduğunu bildirirlər. "Bizim tapıntılar 45 yaşdan kiçik insanlarda kolon xərçənginin inkişafını anlamaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu da vurğulayır", deyə Kelli Çan əlavə edib.
Bu həyəcanverici tendensiyaya görə, ABŞ Preventiv Xidmətlər İşçi Qrupu 2021-ci ildə kolorektal xərçəngin skrininq qaydalarına dəyişiklik edərək, orta riskli yetkinlər üçün skrininq yaşını 50-dən 45-ə endirib. Ayrı bir araşdırma göstərib ki, kolorektal xərçəng diaqnozu qoyulmuş gənclər daha çox fiziki və psixi sağlamlıqları, karyeraları və ailə planları ilə bağlı narahatlıq və qeyri-müəyyənlik yaşayırlar.
Miçiqan Universitetinin tədqiqatçıları 50 yaşından əvvəl kolorektal xərçəng diaqnozu qoyulmuş 35 xəstə ilə müsahibə apararaq, onların xüsusi çətinliklərini həll etmək üçün proqram hazırlanmalı olduğunu bildiriblər. Araşdırmanın aparıcı müəllifi dr. Samanta Savitç deyib: "Kolorektal xərçəng və digər xərçəng növləri olan xəstələrdə bu problemləri daha yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var".
Saviç və Çanın araşdırmaları yaxın günlərdə San-Fransiskoda Amerika Cərrahlar Kollecinin konfransında təqdim olunacaq.